Bazar , 22 Dekabr 2024
Drone Cameras

Oklahomada Azərbaycanla ABŞ strateji tərəfdaşlığı müzakirə edilib

Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndə heyəti Oklahoma ştatına səfər edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Oklahoma ştatının vitse-qubernatoru Todd Lamb, senator Ceyms Lankford, Oklahoma Milli Qvardiyasının komandanı, general Robbi Aşer və digər ştat rəsmilərilə görüşlər keçirib.

Vitse-qubernator Todd Lamb ilə görüş zamanı tərəflər Oklahoma ştatının Azərbaycan-ABŞ əməkdaşlığının genişlənməsi və dərinləşməsində xüsusi rolunu qeyd ediblər. Sonra səfir E.Süleymanov T.Lambla geniş sahələrdə, o cümlədən dövlət başçısı İlham Əliyevin diversifikasiya siyasətinə uyğun olaraq kənd təsərrüfatı, enerji tədqiqatları, səhiyyə, hava daşımalarının təhlükəsizliyi və s. sahələrdə əməkdaşlığın irəli aparılmasına dair fikir mübadiləsi aparıb. Tərəflər Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələri və Oklahoma Milli Qvardiyası arasında həyata keçirilən hərbi əməkdaşlığın inkişaf etdirilməsinə toxunub, bu və digər sahələrdə əməkdaşlığın irəli aparılması üçün qarşılıqlı səfərlərin, akademik və biznes mübadiləsinin artırılmasının vacibliyini vurğulayıblar.

ABŞ Senatında Respublikaçılar Partiyasını təmsil edən senator C. Lankfordla görüş zamanı səfir Süleymanov onu yenidən senator seçilməsi münasibətilə təbrik etmiş, onunla Azərbaycan-ABŞ münasibətlərinin inkişafı perspektivlərini müzakirə etmiş və regional məsələlərə dair fikir mübadiləsi aparmışdır. Senator Lankford Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvlərinin Oklahoma Milli Qvardiyası ilə əməkdaşlığının genişləndirilməsinə öz dəstəyini ifadə edib.

Öz növbəsində, bir müddət əvvəl Azərbaycana səfər etmiş general Aşer ölkəmizin böyük inkişafını və Bakının gözəlliyinə heyran olduğunu qeyd edib. Sonra tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının irəli aparılmasında Oklahoma Milli Qvardiyasının vacib rolunu, Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmiş, yeni əməkdaşlıq istiqamətləri və layihələri barədə fikir mübadiləsi aparıblar.

Səfir E.Süleymanov Oklahoma Universitetinin rəhbərliyi və müəllim heyəti ilə keçirilmiş dəyirmi masada ölkəmizin apardığı siyasət, Azərbaycan-ABŞ əməkdaşlığının cari vəziyyəti və perspektivləri barədə geniş məlumat vermiş və çoxsaylı suallara cavab verib. Sonra sözügedən universitetin dünyanın ən qabaqcıl texnologiyasından istifadə edən enerji tədqiqatları laboratoriyasında səfirliyin nümayəndə heyətinə şiş neft və qazın hasilatı üsulları barədə elmi nailiyyətlər təqdim edilib. Səfir E.Süleymanov həmçinin yerli radionun Dünya Görüşü verilişinə müsahibə vermiş və aparıcının Azərbaycanla bağlı suallarına cavab verib.

Oklahomaya səfəri çərçivəsində səfirliyin nümayəndə heyəti həmçinin General Elektrik şirkətinin Qlobal Araşdırma Mərkəzini ziyarət etmiş və burada enerji sahəsində aparılan elmi tədqiqatların nailiyyətləri ilə tanış olub. Qeyd edək ki, Oklahoma ştatı Azərbaycanın ABŞ-la əməkdaşlığında, xüsusilə də hərbi sahədə əlaqələrinin inkişafı sahəsində aparıcı rol oynayır. Bu ştat Xocalı soyqırımını tanıyıb, habelə 2002-ci ildən Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində Oklahomanın Milli Qvardiyası Azərbaycan Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq edir. Səfir E.Süleymanovla yanaşı nümayəndə heyəti Səfirliyin hərbi attaşesi, polkovnik İlham Əkbərov və birinci katib Vüqar Qurbanovdan ibarət olub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir