Bazar ertəsi , 15 Aprel 2024
Drone Cameras

Ötən il Göygöl Milli Parkını 200 mindən çox turist ziyarət edib

2022-ci ildə Göygöl Milli Parkını 200 mindən çox turist ziyarət edib.

Bu barədə “Report”a Göygöl Milli Parkının Elm, ekoloji maarifləndirmə və ekoturizm işləri üzrə direktor müavini Fuad Quliyev bildirib

Qeyd edək ki, bu gün Göygöl Milli Parkının yaradılmasından 15 il ötür. Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılan ilk qoruq olub. Qoruq ərazisində müvafiq işlər görülərək ərazi 6 739 hektardan 12 755 hektara çatdırılıb. Prezident İlham Əliyevin 2008-ci il 1 aprel tarixli sərəncamı ilə Göygöl Milli Parkı statusuna dəyişdirilib. Fauna və florasının zənginliyi ilə bu gün də Azərbaycanın ən gözəl təbiət guşələrindən hesab edilir.

Onun sözlərinə görə, 2008-ci ildən başlayaraq Göygöl Milli Parkında infrastruktur qurulub, müxtəlif ərazilərdə turistlərin cəlb edilməsi və onlara yüksək səviyyədə xidmət göstərilməsi üçün turizm obyektləri tikilib: “2015-ci ildən etibarən isə milli parka turistlərin buraxılışına nail olduq. Bu günə qədər Göygöl Milli Parkına hər il yerli turistlərlə yanaşı, dünyanın bir çox ölkələrindən insanlar gəlməkdədir”.

“Göygöl Milli Parkında turistlərin unikal yerləri görməsi üçün ekoturizm marşrutları da təyin edilib. Bura dünyanın ən gözəl təbiət ərazilərindən biri hesab edilir. Milli park hazırda dəniz səviyyəsindən 1 100 metrdən 3 724 metrə qədər yüksəkliklərdə yerləşir. Burada 420-dən çox bitki növü var. Onlardan 70-i ağac və kol bitkiləridir. Milli Parkın florası kimi, faunası da çox zəngindir. Qonur ayılar, Qafqaz maralı, cüyür, bezoar keçiləri kimi bir sıra heyvanlar yaşayır və onların qorunması da yüksək səviyyədə təmin edilir. Ərazidə turistlərin daha rahat keçidini təmin etmək üçün sürətli keçid məntəqəsi yaradılıb. Eyni zamanda Milli Parkda məlumatverici və istiqamət verici lövhələr quraşdırılıb”, – F.Quliyev qeyd edib.

Direktor müavini deyib ki, vəhşi heyvanların təhlükəsizliyini təmin etmək, eyni zamanda onların hansı arealda neçə baş olduğunu müəyyən etmək üçün Göygöl Milli Parkının ərazisində videotələlər quraşdırılıb: “Həmçinin elmi işlərin aparılması üçün burada lazımi şərait yaradılıb. Bu baxımdan AMEA ilə də yaxından əməkdaşlıq edirik”.

Check Also

Azərbaycanın Moskvadakı turizm nümayəndəliyinin fəaliyyətə başlamasının vaxtı açıqlanıb – EKSKLÜZİV

Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) Rusiyadakı nümayəndəliyinin fəaliyyəti iki aya bərpa ediləcək. Bu barədə Dövlət …