Cümə axşamı , 16 Yanvar 2025
Drone Cameras

Paşinyanın siyasətində daha bir ziddiyyət – Diaspor Komitəsini ləğv etmək fikrindən imtinaya məcbur oldu…

Naşı və ziddiyyətli siyasi gedişləri onu hara aparır?

img

Ermənistanda ağır sosial-iqtisadi vəziyyət davam etdikcə, bu, praktiki olaraq, onun siyasi səhnədən uzaqlaşmasını sürətləndirəcək

 

Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan 8 aydır ölkəyə rəhbərlik edir. Əslində, sözügedən müddət istənilən siyasi qüvvə üçün özünü yaxşı tərəfdən göstərmək baxımından elə də az zaman deyil. Ancaq müşahidələr göstərir ki, işğalçı ölkənin siyasi, sosial-iqtisadi problemləri müsbətə doğru həll olunmur. Artıq sadə ermənilər Paşinyan və komandasının bu problemləri həll edəcəyinə inanmırlar. Ölkədə artıq inqilab eyforiyası bitib və hamı təzə hökumətdən real nəticə gözləyir.

Yanvarın 14-də Paşinyan yeni komandanı elan eəcək. Baş verən proseslər göstərir ki, Paşinyanın islahatlar vədi heç bir real əsaslara malik deyil. O, hakimiyyətə gələndə cəmiyyətə ciddi islahat vədi vermişdi. Ancaq proselərin gedişi göstərir ki, verilən vədlər ölkədəki real imkanlarla uzlaşmır. Ermənistanda siyasi-iqtisadi vəziyyət gərgin olaraq qalır. Ümumiyyətlə, bu ölkədə əsaslı islahatlar mümkün deyil. İlk növbədə bu ölkə işğalçı siyasətinə görə blokada vəziyyətindədir və Rusiyanın forpostudur. Ən əsası, Sarkisyan rejimini, “Qarabağ klanı”nı devirən erməni xalqının güzəranı əsla yaxşılaşmayıb. Ölkədə miqrasiya səngiməyib. Paşinyanın vədlərinə və gözləntilərinə rəğmən, böyük xarici sərmayələri Ermənistana cəlb etmək mümkün olmayıb. Xarici borclar artmaqda davam edir. Ən başlıcası isə, Paşinyan 8 aydır baş nazir olmağına rəğmən, hələ də hökumətin xarici siyasət prioritetləri dəqiqləşməyib. Halbuki, Paşinyanın islahatları və bunun müqabilində ölkəyə sərmayənin cəlbi xarici siyasət prioritetləri ilə bağlıdır. Yəni sözügedən məsələlər bu və ya digər dərəcədə bir-birilə əlaqəlidir. Daha konkret desək, həmin prioritetlər elan olunmasa, islahatları həyata keçirmək üçün Qərb maliyyə təsisatlarından vəsait cəlb etmək mümkün olmayacaq. Ancaq Paşinyan və komandası ötən müddət ərzində populist bəyanatlar verməkdən o tərəfə keçmir. Baxmayaraq ki, 8 aydır baş nazir kürsüsündə oturub.

Ən başlıca məqamlrdan biri odur ki, Paşinyan ziddiyyətli vədlər verir. Baş nazir olandan sonra bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli separatçı qurumla müzakirələrdən keçir. Guya bu məsələdə Ermənistanlıq bir şey yoxdur. Ancaq bir neçə aydan sonra Düşənbədə MDB dövlət başçılarının görüşündə bu mövqeyini dəyişdi. Düşənbə razılaşması göstərir ki, Ermənistan rəhbəri ənənəvi danışıqlar formatını dəyişmək və qondarma rejimi müstəqil tərəf kimi danışıqlar prosesinə qatmaq iddiasından geri çəkilib. Sülh danışıqlarının Azərbaycanla Ermənistan arasında aparılmasının yeganə səmərəli variant olması ilə barışıb.

Bu arada hökumətin iclasında Paşinyan hökumətin strukturunda olan dəyişikliklərə və bununla əlaqədar səsləndirilən tənqidlərə toxunub. O, iclasda bir daha ziddiyyətli və verdiyi vədlərə sadiq olmayan siyasətçi imicinə sahib olduğunu göstərib. Məsələ ondadır ki, bir müddət əvvəl Paşinyan ölkədəki nazirliklərin 17-dən 12-yə endiriləcəyini bəyan etmişdi. Həmçinin, Diaspor və Mədəniyyət nazirliklərinin ləğvi bəyan olundu. Ancaq paradoksal hal ondan ibarətdir ki, hökumətin iclasında Paşinyan Diaspor Nazirliyinin ləğvini danıb. O bildirib ki, guya bununla bağlı dəyişikliklər səhv başa düşülüb. Bu məsələ hələ müzakirə olunur. Paşinyan bildirib ki, hökumət diaspor sahəsində yeni təkliflər paketi hazırlayıb və yaxın günlərdə ətraflı müzakirə ediləcək. Beləcə, Paşinyan diaspor qurumu məsələsində əvvəlki mövqeyindən tipik erməni xislətinə xas olan tərzdə geri addım atır.

Əslində, Diaspor Nazirliyi ilə bağlı məsələdə Paşinyanın belə gülünc vəziyyətə düşəcəyi gözlənilən idi. Çünki diaspor amili ermənilərin mövcudluğunda bütün anlamlarda vacib rol oynayır. Nəzərə almaq lazımdır ki, dünyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayanlardan çoxdur. Ermənistana diasporun maddi və digər yardımları olmasa, o zaman bu adda dövlətin mövcudluğu sual altına düşər. Bu faktoru nəzərə almayan istənilən iqtidar gec-tez ölkədə məğlubiyyətə məhkumdur. Yeri gəlmişkən onu da qeyd edək ki, Sarkisyan rejiminin erməni diasporu ilə münasibətləri yaxşı deyildi. Ən azından ona görə ki, “Qarabağ klanı”nın aşırı dərəcədə Rusiyanın vassalı rolunda çıxış etməsi diasporu narahat edirdi. Sözügedən rejimin də aqibəti məlumdur. Nəzərə alsaq ki, Paşinyan “məxməri inqilab” dalğasında hakimiyyətə gəlib, o zaman onun diaspor məsələsində bu cür ziddiyyətli münasibət sərgiləməsi anlaşılan deyil. Görünür, Paşinyan diaspor ilə münasibətlərin korlanacağını gözəl anlayaraq geri addım atır.

Ancaq, istənilən halda, bütün bu və digər məsələlər onu göstərir ki, Nikol Paşinyan naşı siyasətçidir. Bu gediş də, istənilən halda, siyasi baxımdan ona yaxşı perspektiv vəd etmir. Çox güman ki, Ermənistanda mövcud ağır sosial-iqtisadi vəziyyət davam etdikcə, bu, praktiki olaraq, Paşinyanın siyasi səhnədən uzaqlaşmasını sürətləndirəcək.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir