Dövlət katibi Blinken Paşinyanla danışsa da, Vaşinqtondan Bakıya zəng olmayıb, Prezident bunu həmsədr ölkənin balansı pozması hesab edir; deputat: “İstənilən siyasi qüvvə bilməlidir ki, Azərbaycanın işinə qarışmaq olmaz, bizimlə yalnız əməkdaşlıq mümkündür”
ABŞ Cənubi Qafqaz siyasətində yeni istiqamətini müəyyənləşdirməyib, daha doğrusu, bunu publik şəkildə nümayiş etdirməyib. Vaşinqton Qarabağ məsələsi, 44 günlük müharibə və regionla bağlı rəsmi mövqeyini hələ sirr saxlamaqda davam edir. “Yeni Müsavat”ın Siyasət şöbəsi yazır ki, yeni hakimiyyət – Bayden administrasiyası açıq şəkildə Ermənistana dəstək ifadə etməsə də, dövlət katibi Antoni Blinkenin bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana zəngi bəzi şifrələrin açıldığına işarə vurur.
Eyni zamanda Konqresdə ermənipərəst senatların terrorçu əsirlərlə bağlı qətnamə layihəsinə hazırlaşması, Dövlət Departamentinin Azərbaycanın qələbəsinin əleyhinə bəyanatı Birləşmiş Ştatların tərəzini əydiyini göstərir. Elə bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev də iradını bildirib. Dövlət başçısı deyib ki, ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik.
Bununla belə, Prezident Əliyev Blinkenin Paşinyana zəngini də xatırladıb: “Cənab Blinken Paşinyana zəng etdi. Onların nə barədə danışdığını bilmirəm, amma balans yenidən pozulur. Mən demirəm ki, biz cənab Blinkendən zəng gözləyirik. Xeyr. Ancaq o, həmsədrdir. Onlar ən azından balansa uyğun şəkildə davranmalıdırlar. Beləliklə, biz heç bir mesaj almamışıq. ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik. Mən prezident Baydendən Novruz bayramı münasibətilə xoş bir məktub aldım, bunun üçün minnətdaram. Ancaq bu, yalnız təbrik mesajı idi”.
Ölkə başçısının rəsmi Vaşinqtona iradı tam yerində qiymətləndirilə bilər. Həqiqətən də Bayden hökumətindən Bakıya zəng olmayıb. Bəs bunun səbəbi nədir? İ.Əliyevin bu açıqlaması nədən xəbər verir? Bəlkə ABŞ-ın yeni hökumətinin Azərbaycanla bağlı gizli planlarının olmasına işarədir? Yeni administrasiya nədən bu cür davranır? Çünki İlham Əliyev açıq şəkildə Baydenin və ABŞ-ın balansı pozduğunu bəyan edir.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Prezidentin iradı tamamilə düzgündür: “Azərbaycan sıradan bir dövlət deyil və Ermənistandan qat-qat əhəmiyyətli ölkədir. Eyni zamanda demokratik dəyərlərinə görə bir çox ölkələrə nümunədir, Avropanın enerji təminatında böyük rol oynayır, Amerikanın Əfqanıstana gedən yükləri Azərbaycan üzərindən daşınır. Bu baxımdan Azərbaycan kifayət qədər əhəmiyyətli bir ölkədir. Vətən müharibəsində atdığı haqlı addım isə regionda yeni reallıq yaradıb. Ona görə Azərbaycan daha çox diqqətdə olmalıdır”.
Aydın Mirzəzadə
Deputat təəssüf edir ki, ABŞ-ın yeni administrasiyasından bu münasibəti görmürük: “Ola bilsin ki, gələcəkdə diqqət göstəriləcək. Baydenin cənab Prezidentə ünvanladığı təbrik məktubunda da münasibətlərin yüksək səviyyədə olması qiymətləndirilir, əməkdaşlıq dəyərləndirilir. O baxımdan Azərbaycanın bəzi məsələlərdə Amerikadan daha böyük diqqət istəməsi təbiidir”.
A.Mirzəzadənin sözlərinə görə, Ermənistan siyasəti ilə özünə problemlər yaratmış ölkədir, onun Türkiyə və Azərbaycan olmadan perspektivi yoxdur: “Bu mənada Amerikanın bizə xüsusi diqqət ayırması lazımdır, Azərbaycanla yaxın müttəfiqlik və diqqət görmək istəyərdik. Həmçinin Amerika şirkətləri ölkəmizdə investisiya layihələrində yaxından iştirak edə bilər”.
Bayden hakimiyyətinin də Obama dövründə olduğu kimi, Azərbaycana təzyiqlər kursu götürəcəyi barədə səslənən fikirlərə münasibət bildirən deputat qeyd etdi ki, Azərbaycan öz müstəqilliyini yüksək səviyyədə qorumağı bacaran ölkə olduğunu sübut edib: “Prezident Hərbi Qənimətlər Parkının açılışında da vurğuladı ki, bəzi paytaxtlarda onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri olub.
Ancaq xaricdə olan istənilən siyasi qüvvə bilməlidir ki, Azərbaycanın işinə qarışmaq olmaz, bizimlə yalnız əməkdaşlıq mümkündür, başqa variant yoxdur. Ümid etmək istərdim ki, ABŞ-ın yeni administrasiyası Azərbaycanla bağlı münasibətlərdə ciddi götür-qoy edəcək, çünki bizimlə dost kimi danışmaq olar, onun hüquqlarını pozmaqla danışmaq heç də yaxşı nəticələnmir”.
Asim Mollazadə
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesab edir ki, Prezidentin söylədikləri tam həqiqətdir: “Xatırladıram ki, 1992-ci ildə senatda qəbul ounan 907-ci düzəlişin müəllifərindən biri də Bayden və Kerri idi. ABŞ hazırda regionla bağlı mövqeyini açıq bildirməyib. Çox istərdik ki, hansısa erməni lobbisinin Amerika siyasətinə təsiri olmasın. Bu, nəticədə ABŞ-ın öz maraqlarına zidd olacaq”.
Deputat düşünür ki, ABŞ tərəfindən Türkiyəyə münasibət açıqlanmalıdır və Azərbaycanla bağlı problemlər varsa, bu yenə də özlüyündə Vaşinqtonun maraqlarına xələl gətirə bilər: “Razı deyiləm ki, Demokratlar hakimiyyətə gələndə bizimlə münasibətlər pozulur. Xatırladım ki, Bil Klinton Bakı-Tiflis-Ceyhan layihəsini dəstəkləmişdi və buna görə Yeltsinə təzyiq göstərmişdi”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Bayden hökuməti özünü ermənipərəst kimi göstərir, lakin Vaşinqtonun Bakı ilə əlaqələrinin bu tempdə davam edəcəyini gözləmir: “Amerika Rusiyanın Qarabağda hərbi varlığını nəzərə alaraq, ən azından buna görə Azərbaycanla münasibətlərdə daha diqqətli olmalıdır. Vaşinqtonun bizdən gen gəzməsi Rusiyanın Qarabağda və bölgədə təsirlərinin güclənməsinə gətirib çıxara bilər.
Bayden hakimiyyəti Azərbaycanın ABŞ-la tərəfdaş ölkə olduğunu da yaxşı bilir və güman etmirəm ki, bu diqqətsizlik çox davam edə bilər. Hər halda, ABŞ Cənubi Qafqaz siyasətini müəyyənləşdirməlidir və hansısa formada regionda görünməlidir. Əks halda, bölgənin tamamilə Rusiyanın nəzarətinə verilməsi kimi təsəvvür yaranacaq. Düzdür, burada Türkiyə faktoru mövcuddur və Ankara regionda təsir gücüdür. Amma yenə də Bayden hökuməti Bakıya zəng etməli və danışıqlar aparımalıdır. Hər halda, Prezidentin bu iradından sonra okeanın o tayından reaksiya olacağını gözləyirəm”.
“Yeni Müsavat”