Bazar , 19 May 2024
Drone Cameras

“Prezident hərb meydanında olduğu kimi, informasiya cəbhəsində də öz sözünü dedi” – MÜSAHİBƏ

Rufiz Qonaqov: “Qısa müddətdə Ədalət Vəliyev böyük bir işin öhdəsindən uğurla gəldi”

Azərbaycan Ordusunun Qarabağda apardığı uğurlu hərbi əməliyyatlar davam edir. Bir aydan yuxarı davam edən bu əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olunub. Müqəddəs Vətən savaşı ilə cəmiyyətimizdə yeni bir trend yarandı. Milli birlik və həmrəylik trendi bu gün cəmiyyətimzin əsas xəttini təşkil edir. Hər kəs eyni hədəfə vurur. Siyasi partiyalarla hakimiyyət arasında bir anlaşma var.

Vətəndaş birliyi ilə yanaşı, siyasi qüvvələr arasında olan həmrəylik günümüzün ən sevindirici hadisələrindən hesab olunur. Lakin Azərbaycan torpaqlarını 30 ildir işğal altında saxlayan Ermənistanda isə vətəndaş qarşıdurması, siyasi münaqişə, xaotik davranış müşahidə olunur. Hərb meydanında olduğu kimi daxili siyasi anlaşma mühitinə görə də Ermənistan Azərbaycana uduzur.

Aşkar fərq və Azərbaycanın uğurları ilə müqayisədə Ermənistanın hərbi-siyasi məğlubiyyəti, daxili qeyri-stabil vəziyyətinin ictimaiyyət üçün maraqlı olacağını nəzərə alaraq, mövzunu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovla müzakirə etdik.

“Paşinyan siyasətçi deyil, Sorosun əlaltısıdır”

-Rufiz bəy, Azərbaycan artıq torpaqlarının bir hissəsini işğaldan azad edib və proses davam edir. Ölkədə vətəndaş həmrəyliyi ilə yanaşı, siyasi həmrəylik də var. Azərbaycandan fərqli olaraq isə Ermənistanda tam bunun əksini müşahidə edirik…

– Doğrudan da, aşkar fərq ortadadır. Azərbaycan bu gün stabil bir durumda, öz haqq savaşını davam etdirir, 30 il işğal altında qalan torpaqlarını azad edir. Ermənistanda isə daxili hərc-mərclik, siyasi qarşıdurma, xaotik vəziyyət hökm sürür. Belə də olmalıydı. Çünki siyasi diletantlıq, işğalçılıq, hərbi xunta rejimləri vərdiş etdikləri davranışa qarşı ilk müqavimətdəcə bu duruma düşürlər. Ermənistanın xunta rejimi vərdiş etmişdi ki, bizə qarşı hərbi cinayətlər törətsin və bundan daxili auditoriyasında manipulyasiya etsin. Lakin bu dəfə belə olmadı. Azərbaycan Prezidentinin, xalqının, ordusunun humanizmə söykənən səbri daha çatmadı və Ermənistanın layiqli cavabı verildi. Nəticədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində yenidən genişmiqyaslı hərbi təxribatından sonra Azərbaycan Ordusu əks- hücum əməliyyatına başladı. Bu əks-hücum əməliyyatından sonra torpaqlarımız azad olunur. Artıq bir sıra ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Hər gün yeni-yeni kəndlər, şəhərlər, strateji ərazilər, yüksəkliklər işğaldan azad edilir. Əks-hücum nəticəsində rayon mərkəzləri, 200-dən artıq kənd azad edilib. Ölkəmizin cənub sərhədləri, İranla sərhəd tamamilə Azərbaycanın nəzarətindədir. Tarixi Xüdafərin körpüsünün azad olunması bütün xalqımızın böyük bir sevincinə səbəb oldu. Xudafərin körpüsü təkcə Azərbaycanın cənubu ilə şimalını birləşdirən tarixi bir abidə deyil, həm də Böyük İpək Yolunun əsas atributlarındandır.

Əlbəttə ki, belə bir vəziyyətdə vətəndaş həmrəyliyi ölkədə çox mühüm idi. Ona da nail olundu. Bu qələbələrimizin kökündə duran əsas məsələlərdən biri də daxildəki vətəndaş həmrəyliyi və siyasi birlikdir. Bu gün hər kəs Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında birləşib. Siyasi partiyalar, yalnız biri istisna olmaqla, hər biri Ali Baş Komandanın yanındadır.

Ermənistan cəmiyyətində isə bunun əksii müşahidə olunur. Daxili qeyri-sabitlik, siyasi qarşıdurma, bir sözlə, ciddi parçalanma var. Bu proses bütün cəmiyyəti əhatə edib. Bunun əsas səbəblərindən biri də hakimiyyətin siyasi səbatsızlığı, bacarıqsızlığı və naşılığıdır. Paşinyan siyasətçi deyil. Adi bir avantürist idi. Sadəcə qəddar və korrupsioner Sarkisyan rejimindən bezən sadə erməniləri aldadaraq, hakimiyyətə gəldi. Sorosun əlaltısıdır. Onsuz da iflas vəziyyətində olan Ermənistanı daha da uçuruma yuvarlandırdı. Aclıq, səfalət, iqtisadi tənəzzülü günü-gündən artırdı. Daxili sabitliyə nail olmaq üçün müharibə ritorikasını işə saldı, Azərbaycana qarşı hərbi təcavüz təşkil etdi. Elə bilirdi ki, Azərbaycan yenə də humanizmi rəhbər tutaraq, ona güzəşt edəcək. Amma əksi ilə rastlaşdı. Müharibə meydanında uduzmaq onun sonunu yaxınlaşdırır. Deməli, erməni cəmiyyətini müharibə birləşdirmədi, əksinə, parçalanmanı da daha da artırdı. Bu gün nəinki digər partiyalarda, Paşinyanın öz partiyasında da vahimə, çaxnaşma var. Bu proses davamlı olacaq, bir müddətdən sonra bu daxili siyasi qarşıdurma Paşinyanın hakimiyyətinin sonunu gətirəcək, Ermənistanın özünü isə daha da uçuruma yuvarladacaq. Ona görə yaxın gələcəkdə indi gördüyümüz Ermənistandan belə, əsər-əlamət qalmayacaq. Döyüş meydanında məğlub olan Ermənistan siyasi cəhətdən də çökəcək. Azərbaycan Prezidentinin qətiyyəti, ordumuzun rəşadəti Ermənistana da, onun hərbi-siyasi cinayətkar rejiminə də öz yerini göstərdi.

İşğalçı və terrorçu Ermənistan ordusu bütün cəbhəboyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Artıq erməni valideynlər öz övladlarını orduya buraxmaq istəmir və müxtəlif bəhanələrlə, xüsusilə də koronavirus adı ilə hərbidən yayındırırlar. Əsgərlər arasında fərarilik halları artır. Nəinki əsgərlər, zabitlər, generallar, komandirlər arasında fərarilik halları baş alıb gedir. Ona görə də Azərbaycanla Ermənistandakı siyasi birlik heç bir halda müqayisə oluna bilməz.

“Milli həmrəyliyi şərtləndirən əsas amillərdən biri də iqtidar-müxalifət dialoqu oldu”

-Ermənistandan fərqli olaraq, Azərbaycandakı bu həmrəyliyin əsas elementləri nədir?

-Azərbaycanda bu həmrəyliyin əsas elementlərindən biri xalqın hakimiyyətə etimadıdır. O cümlədən də Prezident xalqa güvənir, onun dəstəyini hiss edir. Bunun nəticəsidir ki, siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları hamısı bir yerdədir, hamısı Ali Baş Komandanın yanındadır, onu dəstəkləyir.

Bu proses əvvəldən başlamışdı. Ölkədə aparılan köklü siyasi islahatlar bu birliyə gedən yol idi. Bu siyasi islahatların fonunda Azərbaycan Respublikası Prezident Admistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu ilin əvvəlindən siyasi partiyalarla dialoq aparır. Qısa müddət ərzində Prezident İlham Əliyevin tapşırığı icra edildi və hörmətli Ədalət Vəliyev böyük bir işin öhdəsindən uğurla gəldi. Siyasi partiyalarla əlaqələr, münasibət, müzakirələr öz bəhrəsini verdi və biz qarşıdurmadan dialoqa, anlaşmaya keçid etdik.

Parlament seçkilərində siyasi partiyaların iştirakı, təmsilçiliyi və artıq parlamentdə təmsil olunan siyasi partiyaların sayının 9-dan 11-ə çatdırılması bu uğurlardandır. ReAl Partiyası və Milli Cəbhə Partiyası dövlət qeydiyyatına alındı və parlament partiyalarına çevrildilər. Siyasi partiya rəhbərlərinə, onların ailə üzvlərinə göstərilən diqqət də onu deməyə əsas verir ki, bütün bunlar həmin siyasi həmrəyliyin elementləridir. Prezidentin Novruz bayramında və 28 May Respublika Günündə siyasi partiyalara xüsusi təbriki bu yöndə atılan uğurlu addımlardandır. Yəni bu ilin əvvəlində başlanan iqtidar-müxalifət dialoqu yeni bir siyasi konfiqurasiyanı formalaşdırdı.

Son 6 ayda 6 yeni siyasi partiya dövlət qeydiyyatına alındı. Qurultay keçirməkdə çətinliklərlə üzləşən siyasi partiyaların qurultay keçirmələrinə şərait yaradıldı. Bəzi siyasətçilərə məhkəmələr tərəfindən bəraət verildi. ReAl Partiyasının sədri İlqar Məmmədova və eləcə də İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərova bəraət verilməsini buna misal göstərmək olar. Xüsusi qeyd edək ki, bir siyasi partiya istisna olmaqla bütün partiyalar bu dialoqa qatılıb. Təkcə Azərbaycan Xalq Cəbhəsi Partiyası müxtəlif bəhanələrlə bu görüşlərdən imtina edib. Ona görə də tam əminliklə deyə bilərik ki, cəmiyyətdə milli həmrəyliyi şərtləndirən əsas amillərdən biri də iqtidar-müxalifət dialoqu oldu və bu işdə Ədalət Vəliyevin böyük xidməti var.

Nəticə göz önündədir. 27 sentyabrdan başlanan hərbi əməliyyatlarda isə bu əməkdaşlığın daha da bütünləşmiş formasının şahidi olduq. Müharibə başlayan kimi bütün siyasi partiyalar yenidən bir araya gəldilər. 27 sentyabr 2020-ci il tarixdə 50 siyasi partiya birlikdə, bir siyasi təşkilat – Müsavat Partiyası ayrılıqda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına dair bəyanat imzaladılar. Daha sonra oktyabrın 7-də Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya birgə bəyanat qəbul etdi. İki gün sonra isə oktyabr ayının 12-də Ermənistanın Azərbaycanın ikinci iri şəhəri olan Gəncənin ballistik raketlə atəşə tutulmasına görə Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyətinin üzvlərinin, o cümlədən 50 siyasi partiyanın beynəlxalq təşkilatlara, BMT-yə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qoşulmama Hərəkatına və s. təşkilat və birliklərə müraciəti qəbul edildi. 2020-ci il oktyabrın 17-də isə Ermənistanın Gəncəni ikinci dəfə balistik raketlə atəşə tutmasına görə ölkədə fəaliyyət göstərən 50 siyasi partiya yenidən beynəlxalq təşkilatlara üz tutdu və onlara müraciət etdi. Onu da xüsusi qeyd edək ki, Ermənistanın bu ilin iyul ayında Tovuz istiqamətində törətdiyi təxribat fonunda da 43 siyasi partiyanın birgə, 4 siyasi partiyanın isə ayrılıqda bəyanatı oldu və ümumilikdə 47 siyasi partiya dövlətin yanında olduğunu bəyan etdi.

Prezident Administrasiyasının müvafiq şöbəsinin rəhbəri Ədalət Vəliyevlə, hətta radikal müxalifət partiyalarından biri hesab edilən Müsavat Partiyasının rəhbəri arasında keçirilən görüşü xüsusi qeyd etmək istərdim. Bütün bunlar ölkədə yeni siyasi konfiqurasiya yaradıb və bu, həmrəyliyin əsas elementlərindəndir.

“Bu amillər informasiya savaşında qələbəmizə təkan verdi”

-Hər zaman belə bir fikir olub ki, Azərbaycan informasiya müharibəsində Ermənistana uduzur. Bu dəfə isə əksini müşahidə edirik. Hərb meydanında olduğu kimi, informasiya cəbhəsində də qalib görünürük. Siz necə hesab edirsiniz?

-Bəli, müharibə eyni zamanda informasiya cəbhəsində də gedir. Hamıya məlumdur ki, müharibə zamanı informasiya siyasəti çox böyük əhəmiyyət daşıyır. Prezidentin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət həm hərb meydanında, həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratdı. Daxili auditoriya mərkəzləşmiş qaydada hərbi informasiya mərkəzindən döyüşlərin gedişi və cəbhədə qazandığımız uğurlarla bağlı operativ məlumatlandırılır.

Müharibə başlayandan Cənab Prezident dünyanın ən məşhur televiziya kanalları olan “CNN”, “Əl-Cəzirə”, “Euronews”, “CNN-Türk”, “Rossiya 1”, Türkiyənin TRT Haber, Rusiyanın Birinci kanalına, eləcə də Avropa və Asiya ölkələrinin məşhur kanallarına ümumilikdə onlarla müsahibələr verib. Cənab Prezident bu müsahibələrində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və eləcə də uzun illərdən bəri işğal altında olan torpaqlarımızda tarixi mədəniyyət abidələrinin məhv edilməsi, həmin ərazilərdə qeyr-qanuni köçürlümə siyasətinin həyata keçirildiyi və 27 sentyabrdan başlayaraq Ermənistanın növbəti dəfə mülki əhalimizə qarşı başladığı genişmiqyaslı hərbi əməliyyatlar, təxribatlar, təcavüzlər barəsində bütünlüklə dünya ictimaiyyətini məlumatlandırıb.

Cənab Prezident bu müsahibələrində çox ardıcıl və qətiyyətli oldu. Prezident bu müsahibələrində bütün dünyaya təkcə, nəinki Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dolğun və əsaslı məlumat verdi, həm də bütün dünyaya real və həqiqi tarixi çatdırdı. Ermənilərin bu ərazidə yerləşməsindən, onların buraya köçürülməsindən danışdı. Beləliklə də, bütün dünya həm də Azərbaycan tarixini öyrənmiş oldu. Çünki onlara ermənilərin bu əraziyə nə zaman köçürülməsi, tarixi Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri haqqında geniş bilgi verdi. Dünya ictimaiyyətinə, bu telekanalların çoxsaylı auditoriyasına ustalıqla, çox böyük elmi və tarixi əsaslandırmalarla master-klass keçdi desək, yanılmarıq.

İnformasiya müharibəsi ölkəmizin düşmənlə savaşının böyük bir hissəsini təşkil edirdi. Prezident Ali Baş Komandan kimi hərb cəbhəsində deyil, eyni zamanda informasiya cəbhəsində də öz sözünü dedi.

Siyasi partiyaların, vətəndaş cəmiyyəti qurumlarının, kütləvi informasiya vasitələrinin birlikdə bu informasiya müharibəsində iştirakı, sosial şəbəkələrin məhz bir araya gələrək yalnız qələbə, yalnız Vətən, yalnız Qarabağ uğrunda birləşərək düşmənə qaşı vahid cəbhədə, vahid mövqedə çıxış etməsi və eləcə də xarici ölkələrdə yaşayan diaspora təşkilatlarımızın qardaş Türkiyə diasporası ilə birləşərək birlik nümayiş etdirməsi, aksiyalar keçirməsi Ermənistanın təcavüzünə etiraz aksiyalarının təşkili, eləcə də diplomatiyamızın hücum diplomatiyasına çevrilməsi, məhz bizim informasiya cəhəsində qalib gəlməyimizə bu gün əsas təkan verən amillərdəndir.

“Müharibədən sonra bölgədə yeni mənzərə yaranacaq”

-Dediyiniz kimi, bu qalibiyyət diplomatiya və diaspor fəaliyyətində də hiss olunur…

-Artıq əvvəlki illərlə müqayisədə deyə bilərik ki, bu gün bizdə də lobbiçilik fəaliyyəti formalaşmaqdadır. Dəfələrlə Bakı şəhərində dünya azərbaycanlılarının qurultayları keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin qurultaylarda çıxış edərək, bütün dünya azərbaycanlılarının Prezidenti olaraq hamını birləşməyə səsləyib. Bu baxımdan bizim lobbimizin daha da təşkilatlanması, daha sıx birlşməsi, xüsusən də Azərbaycan-Türkiyə lobbisinin daha sıx birləşməsi çox vacibdir. Bu proses bir çox ölkələrdə baş verib, amma hələ də görüləsi işlər çoxdur. Düzdür, ermənilər diasporamızın birliyindən, xarici KİV-dəki bizimlə bağlı gedən müsbət yazılardan çox narahatdır. Ona görə də haqqı söyləyən, ədalətin yanında olan jurnalistlərə, KİV-nə qarşı etiraz aksiyaları keçirirlər. Amma bunlar Azərbaycanın gördüyü uğurlu işləri üstələyə biləcək səviyyədə deyil. Bəzən ikili münasibətin şahidi oluruq, beyxəlxalq mediada, müxtəlif qurumlarda bizə qərəzli yanaşmağa cəhd edirlər. Lakin bizim haqq işimizə kölgə salmaq mümkün olmayacaq. Ermənilərin yalan informasiyalarına beynəlxalq qurumlar, beynəlxalq təşkilatlar da göz yummamalıdır.

Bilməlidirlər ki, Ermənistan terrorçu və işğalçı dövlətdir. Onları dəstəkləməklə özlərini terrorçularla bir sırada qoyurlar. Bu gün Azərbaycan diasporu da Avropanın mərkəzində, ABŞ-da həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı aksiyalar keçirir. Amma biz bununla arxayınlaşmamalıyıq. Çünki Azərbaycan öz torpaqlarını tamamilə işğaldan azad etdikdən sonra da erməni yalanları davam edəcək. Ona görə də biz erməni yalanlarını faş etmək üçün təşkilatlanmanı daha da gücləndirməliyik. Dünyada ikili standartlar mövcuddur. Beynəlxalq hüquq bəzi ölkələr, regionlar üçün işləyir. Dağlıq Qarabağ münaqişəsi kimi tanınan bu problem ATƏT-in Minsk Qrupu çərçivəsində həllini tapmadı, BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamə kağız üzərində qaldı. Ona görə ki, həmin beynəlxalq təşkilatlar, həmin dövlətlər bu gün ikili standartlara söykənirlər. Bu təşkilatların özlərinə islahatlar lazımdır. Bu ikili standartların formalaşmasında da erməni lobbisinin təsiri var. Ona görə də biz dayana bilmərik. Diasporamız da, diplomatiyamız da səfərbər olmalıdır, daha çox iş görməlidir.

İnanırıq ki, Ordumuzun tam qələbəsindən sonra hər kəs Azərbaycanla hesablaşacaq.

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …