Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərqə səfəri planlaşdırılır. Bildirilir ki, Putin İsrail və Fələstinə səfər edəcək. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.
Daha əvvəl Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki Rusiya Prezidentinin Fələstinə səfər edəcəyini bildirib. Onun sözlərinə görə, Fələstin lideri Mahmud Abbas rusiyalı həmkarı ilə Yaxın Şərq məsələlərini müzakirə etməyi planlaşdırır.
V.Putin yanvarın 23-də Qüdsdə keçiriləcək Beşinci Dünya Holokost Forumuna qatılacaq. Artıq Yerusalimin vağzalında olan böyük reklam löhvələrində Putinə müraciət edilir ki, Rusiyada narkotik ittihamı ilə həbs edilən israilli Naamu İssaxarı da özü ilə gətirsin. Bildirilir ki, Putinin həmin xanımı əfv edəcəyi gözlənir.
Rusiya Prezidentinin Osvensim əsir düşərgəsinin azad edilməsinin 75-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəyi də planlaşdırılır. Bəllidir ki, faşizmin zülmündən daha çox əziyyəti məhz yəhudilər çəkiblər. Hətta həmin zamanların yadigarı olan hərbi əsir düşərgələri ilə bağlı xatirələrə həsr edilən tədbirlər belə keçirilir. Rusiyanın dövlət başçısı də belə məzmunlu bir tədbirdə iştirak üçün ora səfər edir. Ancaq maraqlıdır ki, İsrail dövləti indiyə qədər Ermənistanda faşist Njdeyə ucaldılan heykələ və digər faşistlərin xatirəsinin əbədiləşdirilməsinə etiraz etməyib. İsrailin bu addımını necə dəyərləndirmək olar?
- Samir Adıgözəlli: “Bütün bunlara baxmayaraq, İsrail Ermənistanı faşistlərə göstərdiyi xüsusi ehtirama görə tənqid etmir”
İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İsrail buna hamıdan birinci reaksiya verməli idi: “Bu ölkə faşizmin zülmündən necə əziyyət çəkdiyini, yəhudilərin soyqırıma məruz qaldığını hələ də deyir, təbliğ edir. Hətta Almaniya müəyyən məsələlərə görə hələ də İsrailə kompensasiya ödəyir. Faşizmin zülmündən Rusiya və biz də az əziyyət çəkməmişik. Azərbaycanın faşizm üzərində qələbəyə böyük töhfəsi olub. Prezident İlham Əliyev məhz faşizm üzərində qələbəyə həsr olunan dövlət başçılarının görüşündə Ermənistanı ifşa etdi. Sübut etdi ki, həmin ölkə ikiüzlü siyasətlə məşğul olur. Həm faşizm üzərində qələbəni qeyd edir, həm də dövlət səviyyəsində faşistləri qəhrəmanlaşdırır, onların xatirəsinə sayğı göstərir. Xüsusilə də Hitlerin yaxın silahdaşı olmuş erməni Qaregin Njdeyə olan sayğını buna misal göstərə bilərik. Azərbaycan dövlət səviyyəsində ona ucaldılan heykəlin yığışdırılmasını tələb edir. Rusiyadakı şəhərlərdən birinə vurulan xatirə löhvəsi məhz bizim tələblərimizdən sonra yığışdırıldı. Ancaq bu məsələdə İsrailin doğrudan da susqun qalması çox düşündürücüdür. İsrail həm də Azərbaycanla strateji tərəfdaşdır. Bizim ölkələr arasında yaxşı münasibətlər var. Yəni faşizmə qarşı çıxmaq həm də İsrail dövlətinin prioritet maraqları sırasındadır. Bütün bunlara baxmayaraq, İsrail Ermənistanı faşistlərə göstərdiyi xüsusi ehtirama görə tənqid etmir. Onlara bu yöndə olan müraciəti təqdim etmək lazımdır. Azərbaycan həm rəsmi, həm də qeyri-rəsmi kanallarla İsraildən bu məsələyə münasibət göstərməyi tələb etməlidir. Son vaxtlar Ermənistan Azərbaycanın dostu olan ölkələrlə yaxınlaşmaq siyasətini aparır. Belə cəhdləri İsraillə də bağlı edir. Ancaq bu qlobal problemin xırda münasibətlərə aidiyyəti ola bilməz. İsrail dövlət olaraq əvvəlcə özünə hörmət qoymaq üçün Ermənistanı qınamalıdır”.
Məhəmmədəli QƏRİBLİ