“ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası aqressiv xarakter daşıyır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən geniş kollegiya iclasında bildirib. “ABŞ bir müddət öncə öz müdafiə strategiyasını açıqladı. Diplomatik dildə desək, bu strategiya sözsüz ki, hücum xarakteri daşıyır. Əgər hərbi dilə keçsən, onda sözsüz ki, aqressiv xarakter daşıyır”, -deyə Putin vurğulayıb.
Rusiya prezidenti hərbçilər qarşısında tapşırıqlar qoyub: “Biz bunu öz praktik işimizdə nəzərə almalıyıq. Gəlin, hər şey öz adı ilə deyək. Təəssüflər olsun ki, burada söhbət Avropada hücum infrastrukturunun yaradılmasından, ABŞ-ın 1987-ci ildə imzalanan Orta və qısa mənzlli raketlərin ləğv edilməsi haqqında Sazişi pozmasından gedir”.
V. Putin nümunə kimi Rumınya və Polşanı göstərib: “Rumıniyada artıq hava hucumundan müdafiə sistemi yerləşdirilib. Polşada isə ABŞ-ın universal raket hücumundan müdafiə sistemi yerləşdirilir. Formal olaraq bunlar raket hücumundan müdafiə üçün nəzərdə tutulub. Lakin məsələ ondadır ki, bunlar universal qurğulardır. Onlar 2500 km məsafədə hədəfi vuran dəniz özüllü mövcud qanadlı raketlərin atılmasında da tətbiq oluna bilir. Belə olan halda, onlar artıq dəniz özüllü raket olmaqdan çıxır, asanlıqla quru ərazidə tətbiq olunur. Yəni ki, raket hücumundan müdafiə sistemi hər an orta mənzilli qanadlı raketlər üçün qurğuya çevrilə bilər”.
V. Putin Rusiyanın ABŞ-ın aqressiv siyasətinə qarşı adekvat reaksiya vermək kimi suveren hüququnun olduğunu söyləyib. Rusiya prezidenti hərbçilərə ölkə sərhədlərində, münaqişə regionlarında qüvvələr balansının dəyişilməsini diqqətlə izləməyi tapşırıb.