Kreml Rusiyaya qarşı sanksiyalara separatçılığı stimullaşdırmaqla cavab verir; politoloq: “Moskva heç vaxt Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməyəcək…”
Krımın ilhaqından sonra yürütdüyü siyasətlə özünün təklənməsinə rəvac verən Rusiya ABŞ-ın növbəti sərt sanksiyaları ilə üzbəüz qalıb. Tramp administrasiyasına olan ümidlərini son günlərdə birdəfəlik dəfn edən şimal qonşumuz beynəlxalq təpkilərə rəğmən geri çəkilmək niyyətində deyil.
Kremlin taran siyasəti seçdiyini prezident Vladimir Putinin avqustun 8-də Gürcüstanın separatçı Abxaziya bölgəsinə planlaşdırdığı səfər də təsdiqləyir. Səfərin hazırlanmasının gedişi ilə tanış olan mənbələr deyiblər ki, Putinin səfəri qısamüddətli olacaq, Rusiya prezidenti separatçı bölgənin “prezidenti” Raul Hadjimba ilə görüşəcək və Abxaziyanı tərk edəcək (virtualaz.org). Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu informasiyanı şərh etməyib.
Xatırladaq ki, 2008-ci il avqustun 8-də Rusiya qoşunları Gürcüstana qarşı hərbi əməliyyatlara başlayıb və 5 gün davam edən müharibə nəticəsində separatçı Abxaziya ilə Cənubi Osetiya bölgəsi tamamilə rus qoşunlarının nəzarətinə keçib. Həmin müharibə Gürcüstan ordusunun Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək cəhdindən sonra başlamışdı. O zaman Putin baş nazir vəzifəsini tuturdu. Lakin çoxları hesab edir ki, Gürcüstana hərbi müdaxilə qərarını məhz o verib.
Rusiya prezidentinin Gürcüstanın separatçı bölgəsinə səfəri sözsüz ki, güc nümayişidir. Hazırda Gürcüstanda ABŞ başda olmaqla, NATO “Layiqli tərəfdaş – 2017″ kod adlı hərbi təlimlər həyata keçirir. Bu təlimlərinin davam etdiyi şəraitdə Putinin bölgəyə gəlişi həm də Cənubi Qafqazda maraqları olan Qərbə mesajdır. Kreml bölgənin öz təsir dairəsində olduğunu nümayiş etdirməklə yanaşı, regionu Qərbə təhvil verməyəcəyi xəbərdarlığını etmək istəyir. Üstəlik, bu, qərbyönlü siyasət yeridən ölkələrə verilmiş mesajdır.
Azərbaycan vətəndaşı olaraq bizi şübhəsiz ki, ilk növbədə Qarabağla bağlı situasiya narahat edir. Reallıq bundan ibarətdir ki, Kreml separatçı bölgələrdəki prosesləri tətikləməklə və özü baş verənlərin episentrində dayanmaqla təhlükəli vəziyyət yaratmaqdadır. Düzdür, Qarabağdakı gərginlik bir gün də olsun səngiməyib və digər separatçı bölgələrlə müqayisədə burada daha təhlükəli situasiya hökm sürür. Lakin Rusiyanın Krım, Dnestryanı, Abxaziya və Cənubi Osetiyadakı separatçı regionlarla müqayisədə Qarabağdakı proseslərin mərkəzində açıq şəkildə dayandığını deyə bilmərik. Olsa-olsa, Moskva erməni separatçılarına koordinatları göndərir və təlimatlar verir, özü isə hələlik kənarda dayanmağı məqbul sayır.
Əslində əvvəlki dönəmlərdə Moskvada 800 dollara “Dağlıq Qarabağ vətəndaşlığı” haqda “pasport” almağın mümkünlüyü barədə xəbərlər yayılıb və bu, rəsmi Bakının etirazına da səbəb olub. Hətta Rusiyada sürücülük vəsiqəsi alan erməninin doğum yeri kimi müstəqil subyekt olaraq Dağlıq Qarabağ göstərilib, bu bir faktdır, ancaq yeganə fakt deyil. Bu ilin əvvəlində Rusiya Erməniləri İttifaqının lideri Ara Abramyan özünə 60 illik yubiley keçirdi. Moskvadakı tədbirdə Rusiya və Ermənistan siyasətçiləri də iştirak edirdilər. Bu sırada Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Ermənistan prezidenti Serj Sərkisyan və xüsusilə də Qarabağ separatçılarının lideri Bako Saakyanın olması isə heyrətamiz idi. Bu, artıq “həmsədr” ölkənin Qarabağ separatçılarına dəstəyinin açıq nümayişi idi. Bu tədbir o zaman baş tutdu ki, S.Lavrov Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını bəyan etmişdi. Bunun ardınca Rusiyada separatçıların bayraqlarının qaldırıldığı idman və mədəniyyət tədbirlərləri keçirildi, buna etiraz edən azərbaycanlılar isə polis müqaviməti ilə üzləşdilər.
Rusiyanın Dağlıq Qarabağda nə əsgəri gücünün, nə vətəndaşının, nə də sərhədinin olmaması onu müəyyən təzyiq imkanlarından məhrum edir. Bu mənada gələcəkdə Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi kimi sərsəm ideyanın gündəmə gəlməsi də istisna deyil. Hər halda, avantürist Jirinovski bir neçə dəfə bunu əbəs yerə dilə gətirməyib.
Kremlin digər separatçı bölgələrdə də aktivləşməsi fonunda Dağlıq Qarabağın kənarda qalacağı inandırıcı görünmür. Rusiya baş nazirinin müavini, Qərbin “qara siyahısı”nda olan Dmitri Roqozin Dnestryanı ilə bağlı son bəyanatlarına və davranışlarına görə artıq Moldova hökuməti tərəfindən də “persona-non qrata” elan edilib. Ötən həftə separatçı bölgəyə gedişi əngəllənən Roqozinin “əgər Dnestryanı bölgədə Rusiya vətəndaşının başından bir tük əksik olsa cavab olduqca sərt olacaq” təhdidi artıq Rusiyanın işğalla hədələməsindən xəbər verir. Roqozin Moldovanın qərbyönümlü hökumətinə xəbərdarlıq edərək bildirib ki, Dnestryanı bölgədə 200 mindən çox Rusiya vətəndaşı yaşayır və Kişinyov bunu yaddan çıxarmalı deyil. Xatırladaq ki, Dnestryanı bölgə keçmiş sovet respublikaları ərazisində Moskvanın nəzarətdə saxladığı separatçı münaqişə ocaqlarından biridir. Rusiya bu bölgədə yaşayan etnik rusları kütləvi şəkildə pasportla təmin edib. Vaxtilə Cənubi Osetiya və Abxaziya bölgəsinin sakinlərinə də kütləvi şəkildə Rusiya pasportlarının paylandığı məlum olmuşdu.
“Rusiya vətəndaşlarının hüquqlarının pozulması” Moskvanın Ukrayna və Gürcüstana müdaxilə zamanı istifadə etdiyi arqumentdir. Rusiyanın separatçılarla bağlı siyasətini aktivləşdirməsi isə şübhəsiz ki, separatçı rejimləri şirnikləndirəcək. Xüsusilə də Putinin qarşıdakı səfəri separatçılara revanş imkanı qazandıra bilər.
“Moskva SSRİ məkanındakı bütün separatçıların himayədarıdır. Kreml özünə qıymadığını başqasına qıyır”. Bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur. Ekspert bildirdi ki, vaxtilə Çeçenistan Rusiyadan ayrılmaq istədikdə Moskvanın bu diyarın başına açmadığı oyun qalmadı: “Əslində Çeçenistanın mərhum lideri Covhər Dudayev əvvəlcə Çeçenistana geniş muxtariyyət istəyirdi, ancaq buna sərt cavab aldıqda müstəqil olacaqlarını bildirdi. Çeçenistanda bu mərhələdə radikal elementlər yox idi. Rusiya Çeçenistana qoşun yeritdikdə, minlərlə insan qətl edildikdə dünyanın müxtəlif ölkələrdəki radikal elementlər Çeçenistana getdilər. Rusiya ərazi bütövlüyünü bərpa etdi, kimsə buna bir söz demədi. Azərbaycanı çeçenlərə mənəvi tellər bağlasa da, Bakı Çeçenistanın ram edilməsinə etiraz etmədi, Rusiyanın ərazi bütövlüyünü dəstəklədi. Bakıda Çeçenistan nümayəndəliyi qapadıldı. Gürcüstan hökuməti Rusiyanın tələbi ilə Pankisi dərəsində gizlənən silahlı çeçenləri ərazinin tərkini tələb etdi. Çünki Azərbaycan kimi Gürcüstan da Rusiyanın ərazi bütövlüyünə hörmətlə yanaşırdı”.
Bəs qonşularının bütün bu yaxşılıqları qarşılığında Rusiya nə etdi və nə edir?
E.Şahinoğlu bu suala cavabında xatırlatdı ki, Kreml 2008-ci ildə Gürcüstanı parçaladı, tankları az qala Tiflisə yaxınlaşdı, Abxaziya və Cənubi Osetiya rəsmən işğal olundu, 8 il sonra Krım işğal olundu, Ukraynanın şərqində yeni separatçı bölgə yaradıldı: “İndi də Rusiya prezidenti Vladimir Putin işğal etdiyi Abxaziyaya səfərə hazırlaşır. Səfərin Putin üçün əhəmiyyəti odur ki, bununla Kreml sahibi Amerikanın bölgədəki maraqları əleyhinə mübarizə aparacağını, ABŞ-Gürcüstan ittifaqına qarşı çıxdığını əyani göstərir. Kreml Ukrayna və Gürcüstanın ərazi bütövlüyündə maraqlı olmadığı kimi, bu ölkələrin zəifləməsinə də çalışır və bunun üçün illərin sınağından keçirdiyi ənənəvi üsulundan istifadə edir – separatçılara dəstək verməklə”.
Siyasi təhlilçinin qənaətincə, Kreml Dağlıq Qarabağ münaqişəsinə də eyni prizmadan yanaşır: “Rusiya və Azərbaycan rəsmiləri sözdə iki dövlət arasındakı münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirirlər. Reallıqda isə Gürcüstanı və Ukraynanı parçalayan, Abxaziya, Cənubi Osetiya və Krımı bu ölkələrdən qoparan Rusiya Azərbaycanın strateji tərəfdaş ola bilməz. Rusiya heç zaman Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməyəcək. Nə vaxtsa Bakı ilə münasibətləri soyusa, şübhə etmirəm ki, Kreml Gürcüstan və Ukraynada etdiklərini Azərbaycanda da təkrarlamağa çalışacaq. Onsuz da Rusiya Ermənistanda hərbi bazalarını modernləşdirməklə, işğalçıya silah almaq üçün 200 milyon dollar kredit verməklə və birgə qoşun birlikləri yaratmaqla Azərbaycana dost olmadığını sübut edib. Bircə qalıb ki, Dağlıq Qarabağdakı ermənilərə Rusiya pasportları paylasın. Ötən ilin aprel ayında Azərbaycan ordusunun uğurunu genişləndirməsinin qarşısını da məhz Rusiya aldı. Bunu müdafiə naziri Zakir Həsənov son müsahibəsində də dolayısı ilə etiraf edib. Əks halda, nazirin ”Rusiyanın müdafiə naziri Sergey Şoyqu mənə zəng edərək, hücumu dayandırmağı xahiş etdi” sözlərini başqa necə oxumaq lazımdır? Bu xahiş idi, yoxsa tələb, mənə aydın olmadı. Çünki Azərbaycan hücumu genişləndirəcəyi halda, Şoyqu azərbaycanlı həmkarına bunun Azərbaycan üçün mümkün “nəticələri” haqqında da hansısa hədələyici fikirlər bildirməmiş deyildi”.
Belə həssas məqamda Moskva ilə münasibətlərimizin perspektivlərinə gəldikdə, E.Şahinoğlu bildirdi ki, Rusiya qonşumuzdur və qonşunu necə var, elə də qəbul etməliyik: “Rusiyada yaxın illərdə rejim dəyişikliyi baş verməyəcək. Rusiya yaxın illərdə demokratikləşməyəcək, qonşulara yönəlik ”parçala və hökm sür” siyasətini dəyişməyəcək. Biz bu amilləri nəzərə almaq məcburiyyətindəyik. Bəli, biz şimal qonşumuzla normal münasibətləri davam etdirməliyik, ticarət və gediş-gəliş davam etməlidir. Ancaq heç zaman unutmamalıyıq ki, Kreml Azərbaycanın möhkəmlənməsində, inkişafında enerji resurslarını dünya bazarlarına çıxarmasında maraqlı deyil. Bunu xarici siyasətimizdə və təhlükəsizlik məsələlərimizin həllində də nəzərə almalıyıq. Elə etməliyik ki, bir daha torpaqlarımızı azad etmək əməliyyatına başlayanda Rusiyanın müdafiə naziri Bakıya zəng edib bizə “hücumu dayandırın” əmrini verməyə cürət etməsin”.4
V.Putinin Abxaziyaya səfərinə ABŞ-ın reaksiyasını gözləyək. ABŞ Dövlət Departamenti “Bizim Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyimiz aydın və daimidir. Bu regionlar Gürcüstanın ayrılmaz tərkib hissəsidir” – bəyanatı vermişdi. Ardınca isə Rusiyaya xitabən bu torpaqları azad etməyə çağırmışdı. Hər halda, Putin gürcü torpaqlarını azad etmək üçün bölgəyə gəlmir…