Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qərbi Azərbaycan İcması – Ermənistana qarşı uzaqvuran “silahımız”

Əziz Ələkbərli: “34 il əvvəl Qərbi Azərbaycandan qovulan qaçqın soydaşlarımız öz doğma ocaqlarına qayıtmalıdırlar”

Azərbaycanda yeni yaradılan Qərbi Azərbaycan İcması aktiv fəaliyyətə başlayıb. Belə ki, 2022-ci il avqustun 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyinin Ümumi Yığıncağında təşkilatın“Qərbi Azərbaycan İcması adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. Yeni inzibati bina ilə təmin olunan icmanın heyəti tam formalaşdırılaraq, yeni hədəfləri müəyyən edilib.

Məsələnin maraqlı detalı budur ki, Qərbi Azərbaycan İcmasının yeni binası Şuşa İcra Hakimiyyətinə Bakıda müvəqqəti ayrılan binadır. Musavat.com-a çatan məlumata görə, Qərbi Azərbaycan İcmasının yeni inzibati binasının açılışı və təşkilatın prezentasiyası yaxın günlərdə həyata keçiriləcək. Hətta bəzi məlumatlara görə, açılış mərasimində Prezident özü də iştirak edəcək. Bu da yenilənən quruma və onun missiyasına dövlətin hansı dərəcədə əhəmiyyət verməsinin göstəricisi sayıla bilər.

Bu missiya haqqında müxbirimizə müəyyən söyləntilər də daxil olub. Həmin söyləntilərə görə, Qərbi Azərbaycan İcması Qarabağda yaşayan erməni icmasının və onun üzərindən erməni diasporasının status oyunlarına qarşı təşkil olunmaqdadır. Ermənilərin beynəlxalq arenada qaldırdığı və qaldırmaqda davam edəcəyi gedişlərə identik siyasi gedişlər baxımından bu plan çox mükəmməldir. Eyni zamanda Azərbaycana imkan verir ki, ölkəmiz də ermənilərlə eyni arenada və daha güclü səslə, daha böyük əsaslarla status məsələsi və iddiası qaldırsın. Əgər dünya erməniliyi 25-30 min erməni üçün status iddiası qaldırırsa, o zaman Azərbaycan da 3 milyona yaxın qərbi azərbaycanlı üçün eyni qaydada status iddiası ilə çıxış edəcək. Göyçəyə, Zəngəzura, İrəvana status istəməmiz üçün əlimizdə bütün imkanlar və sübutlar var. Bir sözlə, “ərbi Azərbaycan İcması Azərbaycanın strateji maraqları və həm də gələcək önəmli iddiaları üçün qurulmaqdadır. 

Təşkilata hazırda millət vəkili Əziz Ələkbərli rəhbərlik edir.  O, Vedi rayonunun Qaralar kəndində doğulub, tanınmış alim və Qərbi Azərbaycan toponimlərinin, tarix və etnoqrafiyasının bilicisi, araşdırmaçısıdır. Əziz Ələkbərlinin Qərbi Azərbaycanla bağlı yazdığı kitablar Türkiyədə də nəşr olunub. Millət vəkili təşkilatla bağlı çoxsaylı müsahibələr verib. 

İcmanın olduqca məşhur üzvləri var. 20-dən yuxarı millət vəkili, yüzlərlə alim və ziyalılar, iş adamları, jurnalistlər, sadə vətəndaşlar bu təşkilatın özəyini təşkil edirlər. Onlardan biri –  İcmanın Müşahidə Şurasının rəhbəri, professor Misir Mərdanovdur. Təşkilatın hədəfləri haqqında mətbuata danışan sabiq təhsil naziri xatırladıb ki, əvvəlki Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycandan qovulan şəxsləri birləşdirən təşkilat idi: “İndi isə müasir tələblərə uyğun bir quruma çevrildi. Bura daha təcrübəli, səriştəli insanlar cəlb edilib. İş şəraiti də yaxşılaşdırılıb, yeni bina verilib, icmanın fəaliyyəti üçün şərait tamamilə dəyişib. Əvvəllər cəmiyyətin, ölkə rəhbərliyinin əsas diqqəti Qarabağ məsələsinə yönəlmişdi. İşğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi, münaqişəni biz həll etdik. İndi isə diqqətimiz tarixi torpaqlarımızda, Qərbi Azərbaycanda olduğundan cəmiyyətin qarşısında ciddi məsələlər dayanır. Mənə belə gəlir ki, bu cür yeniləşmə zamanın tələbi idi. Hazırda icmanın Müşahidə Şurasının sədriyəm. İcma tam strukturda fəaliyyətini gücləndirib. İdarə Heyəti, Ağsaqqallar Şurası, Məsləhət Şurası, Qadınlar Şurası, Beynəlxalq Əlaqələr Şurası və s. strukturların üzərinə düşən vəzifələr müəyyən edilib. Daha ciddi və sistemli şəkildə işimizi qurmuşuq.

İcmanın fəaliyyət göstərdiyi binada müasir tələblərə uyğun arxiv, kitabxana, muzey yaradılacaq. Biz vaxtilə Qərbi Azərbaycan torpaqlarından qovulan sakinlərin, şahidlərin dediklərini qeydə almamışıq, sənədləşdirməmişik. İndi də gec deyil. Elə azərbaycanlılar var ki, həyatdadırlar, hadisələri öz gözləri ilə görüblər. Ona görə həmin şahidlərin dedikləri səs yazısı, video şəklində icmanın arxivində saxlanılacaq. Binada sərgilər keçirmək, kitablar təqdim etmək niyyətindəyik. Qərbi azərbaycanlıların böyük əksəriyyəti xarici ölkələrdə yaşayırlar. Onlarla əlaqə qurmaq üçün Beynəlxalq Əlaqələr Şurası fəaliyyət göstərəcək. Yaxın vaxtlarda icmanın elektron saytı da fəaliyyətə başlayacaq. Bütün məlumatlar burada onlayn əks olunacaq. Görülməli işlər çoxdur”.

Göründüyü kimi, Qərbi Azərbaycan İcmasının missiyasında həm də Qarabağdan başlayan “Böyük qayıdış”ın Qərbi Azərbaycan istiqamətində davam etdirilməsi istiqamətləri də var. 

Görünən odur ki, hakimiyyət Ermənistanın və onu dəstəkləyən bəzi ölkələrin Qarabağa hansısa qondarma status tələblərini loyallaşdırmaq üçün Qərbi Azərbaycan İcmasının fəaliyyətini gücləndirmək xətti götürüb.

Azərbaycanın Ermənistana təsir mexanizmləri sırasında Qərbi Azərbaycan İcması ən güclü silahımızdırmı? Biz bu silahdan növbəti mərhələdə hansı formada istifadə etsək daha effektli ola bilər? İcmanın plan-proqramında nələr nəzərdə tutulur?

Qərbi Azərbaycan İcmasının rəhbəri, deputat Əziz Ələkbərli “Yeni Müsavat”a bildirdi ki, o, məsələyə bir qədər geniş rakursda baxmağın tərəfdarıdır: “Əvvəla, Qərbi Azərbaycan İcması yeni yaradılmış bir qurum deyil, bu qurum 1989-cu ildən fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında yaradılmışdır. Sadəcə olaraq, biz artıq yalnız 1988-ci ildə Qərbi Azərbaycan ərazisindən qovulmuş qaçqın soydaşlarımızın yox, son 200 il ərzində həmin tarixi torpaqlarımızdan etnik təmizləmə nəticəsində vəhşicəsinə çıxarılmış bütün soydaşlarımızın problemləri ilə məşğul olacağıq. Həmin tarixi ərazilərimizdə erməni vandallarının Azərbaycan insanına, Azərbaycanın tarixi və mədəni irsinə qarşı törətmiş olduqları bütün vəhşiliklərin masa üzərinə qoyulması və dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan hər şeyi edəcəyik. Proqramımızda bu amil xüsusi nəzərdə tutulur.

Mən bu məsələyə bəzi politoloqların dediyi sırf “Ermənistana təsir mexanizmi” kimi baxılmasının tərəfdarı deyiləm. Bu, məqam məsələnin siyasi tərəfidir və şübhəsiz ki, dövlətimizin apardığı siyasi, diplomatik mübarizədə çox vacibdir. Amma bundan öndə məsələnin tarixi-mənəvi tərəfi durur. Ermənilər son iki yüz ildə Qərbi Azərbaycanda soydaşlarımıza qarşı tarixdə çox az analoqu olan vəhşiliklər törədiblər, insanlarımızı kütləvi qətllərə məruz qoyublar, soyqırımları, deportasiyalar həyata keçiriblər, tarixi abidələrimizi məhv ediblər, toponimlərimizi saxtalaşdırıblar və s. Və bütün bunların nəticəsində, təsəvvür edin, 29,8 min kv. km-lik böyük bir ərazidə – öz tarixi torpaqlarımızda azərbaycanlıların bütün izlərini yer üzündən siliblər və bu yerlərin əzəli sakinləri olan azərbaycanlıların tamamilə kökünü kəsiblər, yəni bu gün bu coğrafiyada bir nəfər də olsun azərbaycanlı yaşamır. Bax bu ədalətsizliyə son qoyulmalıdır”.

Ə.Ələkbərlinin sözlərinə görə, ermənilər xalqımıza qarşı bu vəhşilikləri həm də ona görə edə biliblər ki, bütün bu müddətdə etdikləri cinayətlərə görə cəzasız qalıblar. Əgər bundan sonra da cəzasız qalacaqlarsa, bu onları yeni-yeni vəhşiliklərə, cinayətlərə ruhlandıracaq: “2020-ci ildəki 44 günlük müharibənin gedişi də sübut etdi ki, mütləq ermənilərin başı üstündə bir ”dəmir yumruq” olmalıdır və bu dəmir yumruq vaxtaşırı onların başına enib, onları qəflət yuxusundan oyatmalı, mənasız xülyalara qapılmalarına imkan verməməlidir.

Qərbi Azərbaycan İcması olaraq, belə hesab edirik ki, Ermənistan dövləti və ermənilər son 200 ildə xalqımıza qarşı törətdikləri bütün cinayətlərə görə beynəlxalq müstəvidə cinayət məsuliyyətinə cəlb edilməlidir və əsas hədəfimiz də odur ki, 34 il əvvəl Qərbi Azərbaycandan qovulan qaçqın soydaşlarımız öz doğma ocaqlarına qayıtmalıdırlar”.

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …