Energetik Tahir dayını bir neçə ildir ki, tanıyıram. Hər dəfə Abşeronun hansısa ərazisində kəsinti olanda ilk zəng vurduğum o olurdu. Sonuncu dəfə təxminən 5 aylıq fasilədən sonra iki ay öncə yığmışdım.
Hal-əhval tutduqdan sonra ənənəvi sualımı verdim:
“Deyəsən, İslam Səfərlidə yenə kəsinti var. Nə zaman yanar?!”.
Araya kiçik sükut çökdü. Saniyələr sonra telefondan heç vaxt eşitmədiyim həyəcanlı səslə cavab gəldi.
“Mümkün deyil. Hazırda Laçında hər yerdə gərginlik var. Yeri gəlmişkən, de görüm İslam Səfərli Laçının harasındadır?!”
Sonra ikimiz də gülüşdük. Aydın idi ki, o azad edilmiş torpaqlara təyinat almışdı və 4 ay idi ki, mənim ondan xəbərim yox idi.
Xeyli söhbət etdik. Sevinirdi. Deyirdi ki, “öz ərizəmlə gəlmişəm. Neçə illərdir ki, bu günü gözləyirdim. Allah ordumuzu, Ali Baş Komandanımızı qorusun! Laçınsız yaşaya bilmərəm! Qoy mənim də elimə bir töhfəm olsun!”
Uzun çəkən şirin danışığın ortasında mesaj gəldi ki, “Çox sağ ol, işıqlar yandı!”.
O hadisədən sonra bir neçə dəfə həmin torpaqlarda oldum. Amma Laçına getmək, oradakı erməni vandalizmi nəticəsində dağıdılmış əraziləri görmək qismət olmamışdı.
Azad edilmiş torpaqlara səfər yeganə səfərdir ki, ora uzun və narahat yollarla getmək, bir çox hallarda da işini elə həmin gün bitirib geri qayıtmaq insanı yormur.
Hər dəfə azad edilmiş ərazilərə gedəndə ilk olaraq Tahir dayının dedikləri yadıma düşür. Bəli, hər birimizin bu torpağa, vətənə bir töhfəsi olmalıdır. Bunun üçün isə gərək insan yolunu azmasın! Söhbətin mövzusu Qarabağ olanda azmaq məsələsində daha həssas olursan! Bəzən bu, bir bəhanə olur. Yolunu azmışlardan olmamaq üçün hansısa daşın üstündə oturmuş ya yol idarəsinin, ya da “Azərişığ”ın işçisindən doğru yolu öyrənirsən. Təbii ki, özü doğru yolda olanlar da digərinə eyni yolu tərif edir.
Hesab edirəm ki, hər bir vicdanlı şəxs kimi Tahir dayının timsalında energetiklər də öz borcunu yerinə yetirməyə gediblər.
Vətən müharibəsi vaxtı qəhrəmancasına döyüşmüş hərbçi dostlarımızdan biri zarafatla deyirdi ki, biz düşməni qovub torpağı azad edirdik. Ardımızca ora energetiklər girirdi”.
Bir dəfə həmkarlarımızdan biri dağların başındakı dayaqları göstərərək “Azərişığ”ın əməkdaşına dedi ki, “Halaldır sizə. Siz mümkün olmayanı bacardınız!”. O da əlindəki işi saxladı. Çevrilib bizə baxdı, sonra qarşımızdakı postda xidmət göstərən Azərbaycan əsgərini göstərib cavabını verdi: “Mümkün olmayanı biz yox, onlar bacardı…!”.
Məncə hər ikisinin dediyində həqiqət var. İndi torpaqlarımızı qanı, canı bahasına alan qəhrəman hərbçilərimizin nəyəsə nail olmasını biz sözlə belə ifadə edə bilmərik.
Amma ədalət naminə təvazökar energetiklərin də orada maksimum güclə çalışdığını deməliyik.
Təkcə bir faktı qeyd etmək lazımdır ki, məhz qəhrəman energetiklərimiz müharibədən 37 gün sonra yəni, 2021-ci ilin yanvarın 7-də işğaldan azad edilmiş ərazilərimizə Azərbaycan işığını verdilər. Onların qışın oğlan çağında Kəlbəcərə verilən ilk işığın altında qol-qanad açıb oynamaqlarını da unutmaq olmaz.
Son 2 ildə Qarabağda çox işlər görüldü. Azərbaycanda və ümumiyyətlə Qafqaz regionunda ilk dəfə izolyasiyalı, mühafizə olunan kabellər azad Qarabağımızda istifadə edildi. Şuşada inşası nəzərdə tutulan 9 yarımstansiyadan bu gün 6-sı artıq istismara hazırdır, digər 3-ü isə növbəti il təhvil veriləcək.
Bəli, məhz onlar Ali Baş Komandanın dediyi “Biz bu torpaqlarda əbədi yaşayacağıq” fikrinin reallaşması üçün mühüm addımlardan birini atırdılar.
Təbii ki, Qarabağ təkcə Şuşadan, Laçından yaxud Kəlbəcərdən ibarət deyil. Bu baxımdan işğaldan azad edilmiş ərazilərə və burada görülən işlərə zəncirin halqaları kimi baxmaq lazımdır.