Kokşetau şəhərində Azərbaycan və Qazaxıstanın dövlət müstəqilliklərinin bərpasının 25 illiyinə həsr olunan silsilə tədbirlər təşkil edilib. SSRİ Xalq Artisti, Azərbaycanın görkəmli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan festival da bu qəbildəndir.
Festivalın rəsmi hissəsində Qazaxıstandakı səfirliyimizin müşaviri Ağacavid Ramazanov Azərbaycan xalqının bu böyük oğlunun xatirəsini qəlbində yaşadan tədbir iştirakçılarına minnətdarlıq edərək vurğulayıb ki, Müslüm Maqomayevin dahiyanə yaradıcılığı həmişə bütün dünya xalqlarının, o cümlədən qardaş qazax xalqının diqqət mərkəzində olub.
Tədbirdə görkəmli bəstəkarın təkrarolunmaz populyarlığı, möhtəşəm və misilsiz konsertləri, dahi şair və mütəfəkkir Nizami Gəncəvi rolunu ifa etməsi, həmçinin görkəmli musiqiçinin insani keyfiyyətlərindən, təvazökarlığı və prinsipiallığından söz açılıb.
Sonra M.Maqomayevin repertuarındakı əsərləri ifa etmək üçün Kokşetaunun gənc istedadları çıxış edib. Müslüm Maqomayevin repertuarının şah əsəri “Azərbaycan” mahnısı tamaşaçıların alqışlarına səbəb olub.
Tədbirdə Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunan film nümayiş olunub. Filmdə əsasən müğənninin Azərbaycanla bağlı həyatı festival iştirakçılarında zəngin təəssürat yaradıb.