Fəaliyyətini dayandırmış Gənc Qazilər İctimai Birliyinin fəalı, İSBAM Şirvan regional nümayəndəsi, Vətən müharibəsi qazisi İbrahim Cabarovun Boyukmillet.com saytına açıqlaması:
Vətən müharibəsində qələbəmizin növbəti ildönümünə hazırlaşdığımız bir vaxtda cəmiyyət olaraq çox mühüm bir sualı yenidən gündəmə gətirməliyik: Vətən uğrunda döyüşən qazilərimizə bu gün necə münasibət göstərilir?
Biz hər il Zəfərdən, Qarabağın azad olunmasından, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığından danışırıq. Dövlət səviyyəsində müxtəlif tədbirlər keçirilir, qazilərimizin xidmətləri yüksək qiymətləndirilir.
Bütün bunlar təqdirəlayiqdir. Lakin ayrı-ayrı az qisim müsbət addımların arxasında gizlənməməli olan ciddi problemlər var. Təəssüf ki, artıq bir neçə ildir qazilər, Vətən müharibəsi iştirakçıları əlillik dərəcəsinin müəyyən olunması və tibbi-sosial qiymətləndirmə məsələlərində ciddi çətinliklərlə üzləşirlər. Döyüş zamanı aldığı xəsarət və sağlamlıq problemləri ilə yaşayan bir insanın illərlə müxtəlif qurumların qapısını döyməsi, o otaqdan bu otağa göndərilməsi, öz hüququnu sübut etməyə məcbur qalması qəbuledilməzdir.
Qazi öz sağlamlığını Vətən üçün itirib. İndi isə onun öz sağlamlığının nəticələrini sübut etmək üçün mübarizə aparması böyük ədalətsizlikdir.
Sistemdə mövcud olan problemlər danılmazdır və onların üzərindən sükutla keçmək olmaz.
Əlillik dərəcəsinin müəyyən edilməsində obyektivlik, şəffaflıq və ədalət əsas prinsip olmalıdır. Qazinin qarşısına süni maneələr qoyulmamalı, onun müraciətinə formal yanaşılmamalıdır. Hər bir müraciət fərdi qaydada, tibbi sənədlər və real sağlamlıq vəziyyəti əsasında qiymətləndirilməlidir.
Bu məsələ yalnız qazilərlə də məhdudlaşmır. Şəhid ailələrinin də müxtəlif dövlət qurumlarında problemlərlə üzləşdiyi hallar barədə müraciətlər səslənir. Biz belə hallara biganə qala bilmərik.
Çünki şəhid ailəsi və qazi dövlət üçün sadəcə statistik göstərici deyil. Onlar Vətən müharibəsinin canlı tarixidir.
Biz Zəfər Gününü yalnız tədbirlər, çıxışlar və şüarlarla qeyd etməməliyik. Zəfərin əsl dəyəri həmin Zəfəri bizə yaşadan insanlara münasibətdə özünü göstərməlidir.
Mən bir qazi və gənc fəal kimi aidiyyəti dövlət qurumlarına müraciət edirəm:
Qazilərin əlillik dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı bütün şikayətlər yenidən, obyektiv və şəffaf şəkildə araşdırılsın.
İllərdir həllini gözləyən müraciətlərə xüsusi diqqət yetirilsin.
Qazilər məmur qapılarında süründürülməsin.
Vətən uğrunda sağlamlığını itirmiş insan öz hüququnu sübut etmək məcburiyyətində qalmasın.
Biz dövlətə qarşı deyil, ədalətsizliyə qarşıyıq. Məqsədimiz kimisə ittiham etmək deyil, qazilərin qanuni hüquqlarının təmin olunmasına nail olmaqdır.
Vətən müharibəsinin ildönümü yaxınlaşır. Qarabağda üçrəngli bayrağımız dalğalanır. Bu qələbənin ən böyük sahiblərindən olan qazilər isə bu gün də öz hüquqları uğrunda mübarizə aparmamalıdır.
Qaziyə hörmət yalnız sözlə deyil, ədalətli münasibətlə göstərilməlidir.
— İbrahim Cabarov İSBAM təmsilçisi, Vətən müharibəsi qazisi
Ayna Ferhad
Boyukmillet.com Biz yanmasaq vətən yanar
