Cümə , 19 Aprel 2024
Drone Cameras

Rauf Zeyni: “Azərbaycan istəyər ki, orada Türkiyə və ya Pakistan kimi ölkələrin hərbçiləri təhlükəsizliyi qorusun”

Qərbi Azərbaycan İcmasından bildirilib ki, İcma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə, tətbiq olunması mümkün olan bütün beynəlxalq standartlar əsasında, eləcə də Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planını hazırlamağa çalışacaq:  

“İndiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların varislərinin öz vətənlərinə qayıtmaq hüququ var. Bu onların haqqıdır. Son 200 ildə başımıza gələn müsibətlərdən dolayı İcma təhlükəsizlik məsələlərində, əlbəttə ki, Ermənistan hökumətinə etibar etmir. Bu təbiidir. Ona görə Konsepsiyamızda da qeyd olunur ki, müvafiq mandatla beynəlxalq təhlükəsizlik missiyası qayıdış olacaq ərazilərə yerləşdirilməlidir. Həmçinin missiya bizim – yəni Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır. İcmamız da missiyanın mandatının formalaşdırılması və idarə edilməsi üzrə formatda maraqlı tərəf kimi təmsil olunmalıdır. Azərbaycanlılara qarşı törədilən bütün hüquq pozuntuları, indiyə qədər yaşadığımız bütün ağrı-acılı hadisələr kimi, mülkiyyət hüququnun pozulması və onların nəticələrinin aradan qaldırılmasına görə məsuliyyəti də Ermənistan hökuməti daşıyır. Ermənistan hökuməti bizə məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, mülkiyyətimizə vurulan zərərə görə kompensasiya ödəməli, həmçinin  azərbaycanlıların mülkiyyət hüquqlarının bərpasından irəli gələn bütün xərcləri ödəməli və digər lazımi tədbirləri görməlidir. Bundan başqa, deportasiya edilmiş azərbaycanlılar qayıtdıqdan sonra ilk dövrlərdə humanitar yardıma, sonra uzunmüddətli sosial və iqtisadi inkişaf üçün reinteqrasiya və reabilitasiya proqramına və yardımlara ehtiyac duyacaqlar. İcma bu sahədə müvafiq proqram həyata keçirmək üçün beynəlxalq qurumlar və donorların əsas tərəf-müqabili olmaqda qərarlıdır”.

Göründüyü kimi, Qərbi Azərbaycana qayıdışın beynəlxalq nəzarətçilərin iştirakı ilə reallaşmasının mümkünlüyü bildirilir. Bizim üçün hansı ölkələrin bu yöndə fəaliyyəti, yəni təhlükəsizliyimizə zəmanət verməsi məqbul sayıla bilər?

Əslən Qərbi Azərbaycandan olan, Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son dövrlərdə Qərbi Azərbaycan İcmasının fəaliyyəti və nəhayət Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təsdiq olunması çox mühüm hadisədir: “Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın, həmvətənlərimizin ora qayıdışı, o proqramın icra olunması, həyata keçirilməsi və orada olan xüsusi məqamlardan biri, həmin qayıdış zamanı Ermənistan hökümətinə etibar etməməyimiz sayəsində həyata keçirilə bilər. Həmçinin yalnız beynəlxalq mandatlara təhlükəsizlik missiyasını yerinə yetirən qüvvələrin  yerləşdirilməsindən sonra müvafiq əraziyə, istər Zəngəzur, Göyçə, Dərələyəz, istər digər ərazilərə köçməklə əlaqədar fəaliyyət həyata keçirilə bilər. Böyük Qayıdış Qarabağdan sonra Qərbi Azərbaycan torpaqlarına da davam edəcək. Sadəcə, həmin zamanda Qərbi Azərbaycan icmasının hansı ölkələrə etimadı olacaqsa, o zaman Qərbi Azərbaycan icmasının rəhbərliyi o ölkələrlə də dövlət səviyyəsində razılaşmalar həyata keçiriləcək və beynəlxalq səviyyədə razılıq alınacaq ki, o ölkələrin sülhməramlı qüvvələri təhlükəsizliyi təmin etmək üçün ora dəvət olunsun. Çünki, burada həm də ikitərəfli məsələ var. Bizim razılıq verməyimiz öz yerində, həm də Ermənistan razılıq verməlidir. Bu beynəlxalq status ilə də qüvvələr oraya yerləşdirilməlidir. Sonra  soydaşlarımızın təhlükəsizliyinə təminat alınıb, məsələlər yerinə yetirilməlidir. Təcrübədə bizdə ahıska türkləri ilə bağlı belə bir məsələ vardı. 2009 – cu ildə 65 il mübarizə apararaq, nəhayət beynəlxalq təşkilat sayılan Avropa Şurasından Gürcüstan ərazisinə, öz doğma torpaqlarına, Ahıskaya köçürülmə ilə bağlı razılıq aldılar. Gürçüstan höküməti də bu missiyanı öz üzərinə götürdü. Ancaq bu məsələlər bizim arzuladığımız səviyyədə olmadı. Olduqca az adam ora köçüb getdi. Ona görə də, bu məsələlərdə beynəlxalq təcrübəni, indiyə kimi olan təcrübəni də öyrənmək lazımdır. Həm də, ondan irəli gələrək biz daha mütəşəkkil, daha sivil, daha təminatlı addımlar atmalıyıq. Azərbaycan istəyər ki, orada Türkiyə və ta Pakistan kimi ölkələrin hərbçiləri təhlükəsizliyi qorusun. Amma Ermənistan bunu istəməyəcək. Onlar istəyər ki, bu missiyanı Fransa kimi ölkə həyata keçirsin. Buna da biz razı olmarıq. Məqbul variant qəbul etdirə biləcəyik”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …