Cümə , 26 Aprel 2024
Drone Cameras

Rufiz Qonaqov: Əldə olunan uğurlarımız Prezident İlham Əliyevin adı ilə bağlıdır

“2020-ci il Azərbaycan tarixinə torpaqlarımızın işğaldan azad edilməsi ili kimi yazıldı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə məhz 2020-ci ildə öz azadlığına qovuşdu, ərazi bütövlüyümüz təmin edildi. Təbii ki, bu qələbənin qazanılmasında rol oynayan əsas komponentləri xüsusi qeyd etmək lazımdır. Ötən il ərzində Ermənistanın hərbi təxribatlarının qarşısının uğurla alınması, ölkəmizin hərbi potensialının daha da artırılması, o cümlədən dünyada koronavirus pandemiyasının hökm sürməsinə rəğmən ölkəmizdə iqtisadi stabilliyin qorunub saxlanılması qazanılan zəfərdə öz əhəmiyyətli rolunu oynadı. Ən əsası isə milli birliyimiz, həmrəyliyimiz bu uğura öz böyük təsirini göstərdi”. Bunu qəzetimizə açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, 2020-ci ildə qazanılan Qarabağ zəfəri üçün illərdir ki, mühüm təməllər atılmaqda idi. İstər yeni müasir silahların əldə olunması, istərsə də ölkəmizin milli müdafiə sənayesinin ildən-ilə təkmilləşdirilməsi qələbəni təmin etdi. Azərbaycan öz iqtisadi gücündən düzgün istifadə etməklə hərbi gücünü artıraraq daha da yüksək səviyyəyə çatdırdı. “Təbii ki, 2020-ci ilin ən mühüm hadisəsi məhz torpaqlarımızn işğaldan azad edilməsi olsa da, qlobal dünyanın bir hissəsi kimi gedən proseslərdə, baş verənlərdə oynadığımız rol da əsas şərtlərdən sayılır. Bu mənada arxada qoyduğumuz ildə istər qlobal pandemiyaya qarşı mübarizə sahəsində, istərsə də beynəlxalq müstəvidə aparılan fəaliyyət yalnız uğurları ilə seçildi. Digər tərəfdən, ötən illər ərzində beynəlxalq aləmdə əldə olunan uğurlar, dünya ölkələri ilə ikitərəfli əlaqələrin gücləndirilməsi, beynəlxalq təşkilatlarla milli maraqlar çərçivəsində düzgün iş prinsipinin qurulması Vətən müharibəsi dövründə ölkəmizə güclü dəstəyin nümayiş etdirilməsinə səbəb oldu. Bu isə özlüyündə bir həqiqətin növbəti dəfə ortaya çıxmasını şərtləndirdi. Birmənalı şəkildə deyə bilərik ki, istər siyasi platformada, istərsə də Vətən müharibəsi dövründə əldə olunan hərbi uğurlarımız Prezident İlham Əliyevin adı ilə bağlıdır”, – deyə R.Qonaqov əlavə edib.

Boyukmillet.com

Check Also

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar: “Kipr türklərinə qarşı böyük haqsızlıq edilir”

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Annan Planı Referendumunun 20-ci ildönümündə Kipr türk xalqına …