Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Rus əsgərləri tərəfindən inşa olunan və vaxtilə dağıdılmasının qarşısı Ordubad ziyalıları tərəfindən alınan məbəd-FOTO

Ölkəmizdə olduğu kimi “Şərqin qapısı” adlandırılan Naxçıvan Muxtar Respublikasında da multikulturalizm ənənələri ən yüksək səviyyədə yaşadılır. Bunun ən bariz nümunəsi muxtar respublikanın Ordubad rayonunda yerləşən məbədidir.

Boyukmillet.com xəbər verir ki, uzun illər baxımsız vəziyyətdə qalan bu tarixi abidənin bərpa edilməsi Naxçıvanda tarixi-memarlıq abidələrinə göstərilən qayğının, multikulturalizm ənənələrinin ən yüksək səviyyədə yaşadılmasının nəticəsidir.

Ordubad hələ qədim zamanlardan Şərqin memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən tarixi abidələri ilə məşhur olub. Azərbaycan tarixinin, mədəniyyətinin, folklorunun – bir sözlə, milli irs və düşüncə sisteminin nadir ifadə vasitəsinə çevrilmiş bu tarixi-memarlıq abidələri həm də Ordubadın hələ orta əsrlərdən bəri formalaşan şəhər mədəniyyətindən xəbər verir. Bu gün Avropanın qabaqcıl şəhərsalma təcrübəsi tətbiq edilərək yenidən qurulan, hər il neçə-neçə müasir abidələr ucaldılan Ordubadda tarixi-memarlıq abidələrinə də diqqət və qayğı artırılıb. Burada aparılan quruculuq işləri şəhərin əsas memarlıq üslubu saxlanılmaqla həyata keçirilir, tarixi abidələr bərpa edilir. Şərq memarlığı ilə Avropa memarlığının sintezi nəticəsində qədim görünüşü qorunub saxlanılan müasir bir şəhər yaradılıb. Ordubad məbədi də daxil olmaqla, bərpa edilən tarixi-memarlıq abidələri ilə müasir abidələr Ordubadda vəhdət təşkil edir, şəhərə xüsusi gözəllik verir.

Ordubad məbədinin ümumi sahəsi 110 kvadratmetrdir. Ötən illərdə abidənin daxilində, qüllə və günbəzlərdə bərpa işləri aparılıb, fasadı üzlənib, ətrafı abadlaşdırılıb. Məbəddə Ordubada aid tarixi abidələrin fotoları və rəsmləri nümayiş etdirilir.

Sovet dövründə bir sıra tarixi abidələr, dini ibadətgah yerləri kimi Ordubad məbədi də müxtəlif məqsədlər üçün istifadə olunub. Bu tarixi abidə yolun tam ortasında ucaldıldığı üçün həmin illərdə zaman-zaman onun sökülməsi də gündəmə gəlib. Lakin rayon ziyalılarının etirazları nəzərə alınıb və məbədə toxunulmayıb.

Məbəd 1829-cu ildə rus əsgərləri tərəfindən inşa olunub. Uzun müddət rus pravoslav kilsəsi kimi fəaliyyət göstərib. Abidə şəhərin ən yüksək məkanlarından birində inşa edildiyinə görə ətraf ərazi buradan yaxşı görünür. 1947-ci ildə burada nasos stansiyası yaradılıb. Məbədin yaxınlığında isə süni göl tikilib və bu göldən nasoslarla suvarma şəbəkəsinə su vurulub. Bu gün isə abidə tam bərpa olunaraq qorunur. Məbədin bugünədək qorunub saxlanılması xalqımızın multikulturalizm, tolerantlıq dəyərlərini özünün yaşam tərzinə çevirməsini ən bariz nümunələrdən biridir.

Rauf KƏNGƏRLİ

Rus əsgərləri tərəfindən inşa olunan və vaxtilə dağıdılmasının qarşısı Ordubad ziyalıları tərəfindən alınan məbəd-FOTO
Rus əsgərləri tərəfindən inşa olunan və vaxtilə dağıdılmasının qarşısı Ordubad ziyalıları tərəfindən alınan məbəd-FOTO

Check Also

Afaq Bəşirqızı “Bəxt üzüyü”ndə rejissora hansı şərti qoymuşdu?

Xalq artisti Afaq Bəşirqızı “Bəxt üzüyü” filmi ilə bağlı maraqlı fakt açıqlayıb. Boyukmillet.com olay-a istinadla …