Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Rusiyada Azərbaycanın maraqları ilə uzlaşmayan üç hadisənin dalbadal baş verməsi – təsadfüf, ya…

Image result for ismayil agayev

“Bunu edənlər Rusiya hakimiyyətində olan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərənlərdir”

İsmayıl Ağayev: “Azərbaycan hakimiyyətinin Rusiya vətəndaşı olan erməni əsilli şəxslərin ölkəyə gəlişini qadağan etməsi milli maraqlara cavab verən qərardır və mövcud reallıqdan irəli gəlir”

Son bir neçə gündür Rusiyada Azərbaycana yönəlik maraqlı və xoşagəlməz hadisələr cərəyan edir. Bir müddət əvvəl məqsədli şəkildə qızışdırılan çeçen-azərbaycanlı qarşıdurmasında yenidən qığılcımlar nəzərə çarpmağa başlayıb. Qeyd edək ki, bu yaxınlarda milli ədavət zəminində iki milləti Rusiyada üz-üzə gətirməyə cəhdlər edilmişdi. Ancaq Azərbaycan və Çeçenistan rəsmilərinin, hər iki millətin tanınmış ziyalılarının müdaxiləsindən sonra həmin təxribatın qarşısı alındı.

İki gün əvvəl Moskvada baş verən kriminal hadisəyə diqqət etdikdə, təəssüflənməmək olmur. Moskvada üç naməlum şəxs təkər təmiri məntəqəsinin əməkdaşlarına hücum edib. Hadisə yerli vaxtla səhər saatlarında baş verib. Hücum edənlər məntəqədə olan iki azərbaycanlıya bir neçə bıçaq yarası vurublar, ardından hadisə yerindən uzaqlaşıblar. Polis hadisə yerinə gəlməzdən əvvəl moskvalılar təkər təmiri məntəqəsində atışma barədə 02-yə məlumat veriblər.

Polis əməkdaşları “Mercedes” avtomobilində hərəkət edən şübhəlilərdən birini saxlayıblar. İlkin məlumata görə, o, Moskvada yaşayan çeçendir. Yaralılar xəstəxanaya kəllə-beyin travmaları, kəsici-deşici yaralar və travmatik silahın tətbiqi nəticəsində yaranmış odlu silahdan yaralarla çatdırılıb. Çox təəssüflə qeyd etməliyik ki, bu hadisəyə adi kriminal hesablaşma kontekstindən yanaşmaq olmur. Çünki hazırda Rusiyadan Azərbaycanla bağlı qeyri-müəyyən addımların atıldığını görürük. Son bir neçə gündür Moskva şəhərində azərbaycanlılara məxsus olan bazarlarda polis reydlərinin, kütləvi yoxlamaların olduğu ilə bağlı informasiyalar yayılır. Bununla bağlı qeyd edilir ki, proses ticarətlə məşğul olan soydaşlarımızın sıxışdırılması ilə müşahidə edilir.  Ən maraqlısı isə elə bu ərəfədə Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli vətəndaşlarının Azərbaycana buraxılmadığını bəhanə edərək, bütün vətəndaşlarına ölkəmizə səfər etməməklə bağlı müraciət etməsidir. Azərbaycanla bağlı olan bu üç hadisə arasında hansısa əlaqə ola bilərmi?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya böyük ölkədir, orda heç bir hadisə elə-belə baş verə bilməz: “Biz prosesləri yaxından izləyirik. Sanki Rusiyadakı hansısa maraqlı qüvvələr Azərbaycana və həmin ölkədə yaşayan soydaşlarımıza qarşı hücuma keçiblər. Mən bunu Rusiyanın dövlət siyasətindən irəli gələn addım kimi xarakterizə etməzdim. Çünki Rusiya ilə ölkəmiz arasında çox yaxşı münasibətlər mövcuddur. Bunu edənlər Rusiya hakimiyyətində olan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərənlərdir. Təəssüflə qeyd etməliyik ki, onların əhatəsi, təsir imkanları bəzən elə geniş və güclü olur ki, Rusiyanın rəsmi qurumlarının adı ilə də ortaya mövqe qoya bilirlər. İki gün əvvəl çeçenlərin etdiyi hərəkət və Azərbaycan əsilli iş adamlarının Rusiyada sıxışdırılması ilə bağlı hadisələrin arasınıda bir rabitə görürəm. XİN-in bəynatı isə bu hadisələrə siyasi dəstək verildiyinin göstəricisidir. Azərbaycan hakimiyyətinin Rusiya vətəndaşı olan erməni əsilli şəxslərin ölkəyə gəlişini qadağan etməsi milli maraqlara cavab verən qərardır və mövcud reallıqdan irəli gəlir.

Həmin şəxslərin özlərinin təhlükəsizliyinin təmin olunmasının mümkünsüzlüyünü və onların Azərbaycanda təxribatlar törətmək ehtimalının yüksək olduğunu nəzərə alsaq, bu qərarın düzgün olduğunu deməliyik.

Hesab edirəm ki, Azərbaycanın müvafiq qurumları Rusiyada baş verən və bizim maraqlarımıza zidd olan silsiləvi hərəkətlərlə bağlı həmin ölkə rəsmilərindən izahat tələb etməlidirlər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir