Dmitri Medvedyev və Konstantin Zatulin Ermənistandakı vəziyyəti necə qiymətləndirirlər?
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ermənistanı regionda NATO-nu və Qərbi dəstəkləməkdə günahlandırıb. Musavat.com xəbər verir ki, Medvedyev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib ki, NATO SSRİ-nin dağılmasından sonra postsovet ölkələrindən Rusiyaya qarşı zərbə endirən qüvvə kimi istifadə edib.

Rusiya bunu SSRİ-nin dağılmasından və Qərblə münasibətlərinin müvəqqəti istiləşməsindən sonra çətin yolla öyrəndi. Həmin dövrdə NATO ölkəmizlə tərəfdaşlıq axtarışı ilə bağlı gözəl sözlər adı altında əslində sərhədlərimizə doğru irəlilədi. Alyans kukla rejimlərdən zərbə endirən qüvvə kimi istifadə etdi. Bu, Gürcüstanla da, 2014-cü ildə rusofobiyanın ocağına çevrilən Ukrayna ilə də baş verdi. Təəssüf ki, bu, indi Moldova ilə və hətta təəssüf ki, Ermənistanla da baş verir”, – deyə o bildirib.
Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də Ermənistandakı vəziyyətə dair yeni şərhlər verib. Dumanın deputatı erməni xəbər agentliklərinə verdiyi müsahibədə Ermənistan rəhbərliyini repressiyalarda və hakimiyyəti qəsb etməkdə suçlayıb. “Əlbəttə ki, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərindəki bugünkü problemlərin əsl yaradıcılarıdır. Onlar açıq şəkildə geosiyasi düşmənlərimizlə – məqsədlərini Rusiyanın strateji məğlubiyyəti elan edənlərlə qardaşlaşmağı planlaşdırırlar”, – deyə rusiyalı deputat bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyanın siyasi rejimi sərt inzibati təzyiq və güc tətbiq etməklə ölkə üzərində nəzarəti qoruyub saxlayır: “Hazırda Ermənistanda genişmiqyaslı siyasi repressiyalar güclənir, müxalifət nümayəndələrinə qarşı birbaşa təhdidlər, qadağalar və həbslər sistematik şəkildə artır.
Dünyəvi hakimiyyətin dini qurumların işlərinə aqressiv müdaxiləsi xüsusilə narahatedicidir. Hökumətin Erməni Apostol Kilsəsinə təzyiqi və ona şərtlərini diktə etmək cəhdləri sivil dünyada qəbul edilmiş fundamental prinsiplərin birbaşa pozulmasıdır. Rəsmi İrəvan hadisələri yalnız respublikanın daxili məsələsi kimi təqdim etmək cəhdlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət – Avropa İttifaqı, ABŞ və Rusiya Federasiyası da daxil olmaqla – bu proseslərə qiymət vermək hüququnu özündə saxlayır” deyə, o bildirib.
Zatulinə görə, Rusiya tərəfi hakim rejimə və Ermənistan xalqına münasibətini aydın şəkildə fərqləndirir: “Rusiya ilə Ermənistan arasında münasibətlər, xüsusən də bu dialoqu qorumaq və gücləndirmək üçün yoluna davam edəcək. Lakin bu, Moskvanın son parlament seçkilərinin legitimliyini avtomatik olaraq tanıması demək deyil. Hakimiyyətin de-yure və de-fakto tanınması arasında fundamental fərq var”. Konstantin Zatulinə görə, Paşinyan beynəlxalq arenadakı mövqeyinin qeyri-sabitliyindən yaxşı xəbərdardır və buna görə də Rusiyanın mövqeyinə tam laqeydliyini açıq şəkildə nümayiş etdirərək bu amili qəsdən kiçiltməyə çalışır.
Medvedyev və Zatulinin son açıqlamaları Moskvanın Ermənistan rəhbərliyindən narazılığının artdığını göstərir. Bu narazılığın əsas səbəbləri Ermənistanın Qərblə yaxınlaşması, KTMT-dən uzaqlaşması və Rusiya təsirindən çıxmağa çalışmasıdır. Əgər Ermənistanda ciddi daxili siyasi böhran, hakimiyyət dəyişikliyi ətrafında qarşıdurma və ya Rusiyanın strateji maraqlarına birbaşa təhlükə kimi qiymətləndirilən hadisələr baş versə, Moskva müxtəlif təzyiq vasitələrini işə sala bilər. Bunlara iqtisadi təzyiq, informasiya kampaniyaları, siyasi qüvvələrin dəstəklənməsi və təhlükəsizlik sahəsində təsir rıçaqları daxildir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
