Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Rusiyanın Bakıdakı elçisinin müsahibəsi aranı qatdı

Politoloq: “Niyə rusiyalı diplomat bircə dəfə Dilqəm Əsgərovun yanına getməyib?”

“Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin müsahibəsindəki bəzi fikirlər Azərbaycan cəmiyyətinə isti mesaj təsiri bağışlamır. Məsələn, səfir müsahibəsində deyib ki, Rusiyada milyonlarla azərbaycanlı çalışır və bu soydaşlarımızın gəlirləri hesabına Azərbaycanda çoxsaylı ailələr yaşayır. Bəli, bu faktı heç kim inkar etmir. Ancaq səfir bir yerdə də demir ki, həmin azərbaycanlılar Rusiyada da vergi verirlər, Rusiya əhalisini zəruri mallarla təmin edirlər və s. Yəni azərbaycanlıların Rusiyada çalışmasından Rusiya da qazanır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Rusiyanın Bakıdakı səfirinin Azərbaycanda birmənalı qarşılanmayan son müsahibəsini “Yeni Müsavat”a şərh edərkən bildirdi. Ekspertin sözlərinə görə, səfirin sözlərindən elə çıxır ki, azərbaycanlılar Rusiyada çalışmasa, Azərbaycan dövləti batar: “Halbuki Rusiyada iqtisadi vəziyyətin ağırlaşması fonunda geri qayıdan azərbaycanlıların sayı az deyil, digər tərəfdən, onların göndərdikləri pulun miqdarı da keçmiş illərlə müqayisədə xeyli azalıb”.

Siyasi şərhçi xatırlatdı ki, Rusiyanın Azərbaycandakı səfiri adətən müsahibə vermir, mətbuatla elə sıx əlaqəsi yoxdur: “Buna baxmayaraq, bir neçə gün öncə Rusiya-Azərbaycan münasibətlərinə dair geniş müsahibə verməyə ehtiyac duydu. Çünki səfir də hiss edir ki, Rusiya-Azərbaycan münasibətlərində soyuqluq artır, bunu düzətlmək lazımdır”. Amma əslində səfirin cəhdi əks-effekt verib. Belə ki, diplomatın dedikləri qıcıq doğurub, nəinki ona rəğbəti artırıb. Politoloq E.Şahinoğlu bildirdi ki, səfirin digər fikri də əslində rəsmi Bakıya xəbərdarlıq mesajı daşıyır: ““Dünyanın heç bir ölkəsində Rusiyadakı qədər azərbaycanlı oxumur. Azərbaycanda Qafqazın ən çoxsaylı rusdilli icması çox rahat şəkildə fəaliyyət göstərir. İnanmaq istəmirəm ki, bütün bunlar ÜAK epizodu ilə təhlükəyə atıla bilər”. Bu, səfirin sözləridir. Yəni sanki səfir bu sözlərlə demək istəyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi qarşılığında rəsmi Bakı hansısa addım atarsa, bu, ikitərəfli münasibətlərə mənfi təsir edəcək. Səfir bizi inandırmağa çalışır ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi siyasi deyil, hüquqi məsələdir və təşkilatın sənədləri qaydasında olmayıb.

Bunu mənə şəxsi söhbətində rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov da deyib. O da məni inandırmağa çalışdı ki, konqresin qeydiyyatının ləğvində bir təşkilatın sədri, bir də Rusiyadakı səfirimiz Polad Bülbüloğlu günahkardır. Onun sözlərinə görə, hər ikisi konqresdən öz məqsədləri üçün istifadə etdikləri halda, Rusiya Ədliyyə Nazirliyinin çoxsaylı xəbərdarlıqlarını qulaqardına vurublar. Doğrusu, bu, mənə o qədər də inandırıcı gəlmir. Əlbəttə, istisna etmirəm ki, Rusiyada yaşayan azərbaycanlılara elə bir dəstəyi olmayan konqresin sənədləri tam qaydasında olub. Ancaq axı bundan sonra rəsmi Bakının Moskvaya müraciəti oldu və bunu nəzərə alan Rusiyanın müvafiq orqanları sənədlərini qaydasına salmaq üçün təşkilata və Bakıdan göndərilən hüquqşünaslara zəruri vaxt verə bilərdi. Belə bir zaman tanımadılar. Ona görə də konqresin qeydiyyatının ləğvi başqa mülahizələrin səslənməsinə səbəb oldu”.

E.Şahinoğlu qeyd etdi ki, Vladimir Doroxinin Aleksandr Lapşinlə Dilqəm Əsgərov arasında fərq qoyması da ziddiyyətlidir: “Məsələn, o, Dilqəm Əsgərov barədə bu sözləri deyib: ”Təəssüf ki, Rusiya Federasiyasının vətəndaşlarının maraqlarının qorunması işinin necə qurulduğu barədə anlaşılmazlıq mövcuddur. Əgər vətəndaşın başına nə isə iş gəlirsə, səfirliyin ilk görəcəyi iş konsulluq işçisini bu adamla görüşə göndərmək, onun sənədlərini yoxlamaq, əslində nə baş verdiyini aydınlaşdırmaqdır. Bundan sonra hansı səviyyədə hansı addımların atılması barədə qərar qəbul olunur. Başa düşdüyünüz kimi, bütün bunları biz edə bilmərik, çünki bu insan Rusiyanın dövlətlərarası münasibətlərin subyekti hesab etmədiyi bir ərazidədir. Suallar isə çoxdur”.

Səfirin səsləndirdiyi suallar isə bunlardır: “Əsgərov olduğu yerə necə gedib çıxıb? Tərəflərin təmas xəttini necə keçib? Əslində onun başına nə gəlib? Niyə üstündə silah olub?” Yəni səfir ona işarə edir ki, səsləndirdiyi suallar mövcud olduğuna görə Dilqəm Əsgərovu müdafiə edə bilmirlər. Bu nağıldır. Yaxşı tutaq ki, lap elə Dilqəm Əsgərov silahla Dağlıq Qarabağa keçib. Ancaq axı birincisi, Rusiyanın özü Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, ikincisi, separatçıların zindana atdığı Rusiya vətəndaşının yanına hansısa rusiyalı diplomat göndərmək mümkün deyildimi? Axı Lapşin Dilqəm Əsgərovdan daha az müddətdə həbsdədir, ancaq az qala hər ay rusiyalı diplomat ona baş çəkir, əhvalı ilə maraqlanır. Niyə rusiyalı diplomat bircə dəfə Dilqəm Əsgərovun yanına getməyib? Məsələ məlumdur: ikili standartlar. Əslində Lapşin qanunları kobud şəkildə pozub, Dilqəm Əsgərov isə öz ərazisində hərəkət edərkən qanunsuz qüvvələr tərəfindən qanunsuz olaraq həbs edilib. Buna baxmayaraq, Moskva Lapşinin azad olunmasına çalışarkən, Dilqəm Əsgərovun adını belə çəkmir. Məsələ bu qədər sadədir”.

Image result for Elxan Şahinoğlu

E.Şahinoğlu bir mühüm məqama, Rusiya prezidentinin Azərbaycana ünvanlandığı təbrik məktubuna diqqət yönəltməyi də lazım bilir: ”Səfirin müsahibəsi ilə eyni gündə Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə 28 may – Respublika günü ilə bağlı göndərdiyi təbrik məktubunda xeyli isti ifadələr işlətdi. Buna baxmayaraq, həm Vladimir Putinin göndərdiyi məktub, həm də səfirin müsahibəsində toxunduğu məsələlər münasibətlərdəki sualların sayını azaltmır. Məsələn, Rusiya prezidentinin məktubunun bir yerində Azərbaycanın ərazi bütövlüyü və ya Dağlıq Qarabağ münaqişəsinin həllin vacibliyinə dair bircə cümlə yoxdur. Halbuki digər prezidentlərin İlham Əliyevə göndərdikləri məktublarda Dağlıq Qarabağa toxunulur”.

Cavid TURAN

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir