Görəsən doğrudan da “xoşbəxtlik” nədir və yaxud nələrdədir? Bu suala bütün bəşəriyyət tarixi boyunca filosoflar, mütəfəkkirlər, şairlər, ümumiyyətlə müxtəlif müdrik insanlar cavab axtarmışlar, hər kəs də bu suala bir cür cavab verib. Biri xoşbəxtliyi əziz, sevimli insana qovuşmaqda, onunla birgə olmaqda görüb, digəri xoşbəxtliyi insanın yer üzündəki şəxsi missiyasını anlayıb, onu reallaşdıra, özünü bir insan, şəxsiyyət kimi təsdiqləyə bilməsində axtarıb.
Bəziləri isə çox da dərinliyə getmədən xoşbəxtliyi fərqli kateqoriyalar – sağlamlıq, hətta maddi sərvətlə eyniləşdirib. Lap tutaq ki, bu cavabların hər birində müəyyən həqiqət payı var (onsuz da həqiqət çox geniş, çoxüzlü bir anlayışdır və bu deyilənlərin hamısı da bütöv şəkildə olan böyük həqiqətin olsa-olsa kiçik hissələrini təşkil edə bilər).
Bəs görəsən, xoşbəxt olduğunu insan nə zaman hiss edir? Deyirlər ki, bu da cansağlığı kimi bir şeydir. Necə ki, canın ağrımırsa, sağlam hesab olunursan, o cür də addımbaşı xoşbəxt olub-olmadığın barədə uzun-uzadı, yorucu düşüncələr səni yaxalamırsa, demək ki, məsudsan, sadəcə bundan xəbərsizsən.
Hər halda bir şey dəqiq məlumdur ki, insan yalnız malik olduğu şeyi itirdikdən sonra onun yanğısını çəkir, qədrini-qiymətini bilməyə başlayır. Xoşbəxtlik, səadət də bu qəbildəndir.
Bəzən bir insan ona darıxdırıcı, monoton görünən yaşam tərzindən o qədər böyük ehtirasla, həvəslə qurtulmaq istəyir ki, sonunda hətta buna müvəffəq olmağa imkan da tapır. Amma az sonra ona aydın olur ki, can atdığı şey heç də onun xəyal, arzu etdiyi kimi deyilmiş və o, əslində məhz öz “monoton” həyatını yaşayan zaman daha xoşbəxt imiş. Sadəcə olaraq bunu heç hiss etməyibmiş də (burada təəccüblü nə var ki…Əsl xoşbəxtliyi anında duymaq, dərk etmək çox çətindir, bəlkə də qeyri-mümkündür….
Deyirəm, insanlar üçün “xoşbəxtlik formulu” aşkarlansaydı, görəsən nələr baş verərdi, dünya hansı şəklə düşərdi? Yox, görünür bu lap ağ olardı. Hər halda son nəticələr bir o qədər də xoşagələn olmazdı, hər bir mənada Yer üzündəki tarazlığa zərbə vurardı. Axı Allah müdrikdir…Əgər onun əqli imkanları, müdrikliyi bu nəhəng dünyanı mahir bir konstruktor kimi qurmağa imkan veribsə, bütün insanların xoşbəxt olması qeydinə qalmaq kimi kiçicik bir detal da onun diqqətindən yayınmazdı. Təbii ki, əgər o bu detalı həqiqətən də vacib və gərəkli hesab etsəydi…
Doğrudan da əgər hər kəs xoşbəxt olsaydı və bu xoşbəxtlik “daimi mühərrik” ideyasına bənzər bir şəkildə “daimi xoşbəxtlik” olsaydı, insanlar özlərinin xoşbəxt olduqlarını necə müəyyən edər, onun qədrini necə bilərdilər? O zaman insan heç xoşbəxtlik barədə çox düşünməz, qarşısıalınmaz şəkildə ona can atmaz, məsud olmağın yollarını aramazdı. Bax bu həqiqətən də monoton, usandırıcı bir həyat olardı…arzu və xəyallarsız, xoşbəxtlik arayışları olmayan bir həyat…
Bir də ki, daim xoşbəxt olan və qəmin, kədərin nə olduğunu bilməyən insanların ucbatından müvafiq emosiyalar, hislər və onların ifadəsi də yer üzündən yox olardı. Bir anlığa təsəvvür edin ki, həyatınızdan göz yaşları, kədər, qüssə…hamısı birdən yoxa çıxıb. Böyük itki olardı, deyilmi? Axı bütün bu hislər öz-özlüyündə eyni dərəcədə gözəldir, mükəmməldir – sevinc də, qəm də, xoşbəxtlik də, peşmançılıq da…Gah mülayim və günəşli, gah da tutqun və yağışlı hava kimi…