Cümə , 19 Aprel 2024
Drone Cameras

Sərhədçi nə zaman silah tətbiq edə bilər?

Azərbaycan-Gürcüstan sərhədinin mübahisəli sayılan hissəsində yerləşən “Keşikçidağ” məbədi ətrafında zaman-zaman gərginliklər olur.

Məbədin bir hissəsi Gürcüstanın Saqareco rayonunun, digər hissəsi Azərbaycanın Ağstafa rayonunun ərazisinə düşür. Azərbaycan mənbələrinə görə, “Keşikçidağ” qədim alban məbədidir. Gürcü mənbələri isə David Qareci adlandırdıqları məbədin Gürcü Pravoslav Kilsəsinə aid olduğunu iddia edir.

İyulun 14-də Gürcüstan vətəndaşları “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Azərbaycanın sərhəd naryadına qarşı insident törədib, hərbi qulluqçuları nalayiq ifadələrlə təhqir edib. Əvvəllər də oxşar hallar yaşanıb.

Novator.az bildirir ki, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun 2-ci maddəsinə görə, ölkənin dövlət sərhədi Milli Məclisin qərarları ilə müəyyən edilir: “Dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər. Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir.

Azərbaycan Respublikasının dövlət sərhədi müəyyən edilərkən və onun keçdiyi xətt dəyişdirilərkən, habelə həmsərhəd dövlətlərlə sərhəd məsələləri nizama salınarkən bu prinsiplər rəhbər tutulur: Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi; Azərbaycan Respublikasının dövlət suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi; həmsərhəd dövlətlərlə qarşılıqlı surətdə faydalılıq əsasında hərtərəfli əməkdaşlıq; sərhəd mübahisələrinin sülh yolu ilə həll edilməsi”.

Qanunun 27-ci maddəsinə əsasən, dövlət sərhədinin mühafizəsi ölkənin milli təhlükəsizliyinin təmin edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir: “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi dövlət sərhədinin qanunsuz surətdə dəyişdirilməsinin qarşısının alınmasına, dövlət sərhədi rejiminə, sərhədboyu rejimə və dövlət sərhədindən buraxılış məntəqələrində rejimə əməl olunmasına, dövlət sərhədində dövlətin, cəmiyyətin və şəxsiyyətin digər həyati mənafelərinin xarici və daxili təhlükələrdən qorunmasına yönələn siyasi, hüquqi, iqtisadi, hərbi, əməliyyat, təşkilati, texniki, ekoloji, sanitariya və başqa tədbirlərin həyata keçirilməsi ilə təmin edilir.

Dövlət sərhədinin quruda, dənizdə, çaylarda, göllərdə və digər sututarlarda mühafizə olunması sərhəd mühafizə orqanlarına, havada mühafizə olunması isə hava hücumundan müdafiə və hərbi hava qüvvələrinə həvalə olunur”.

36-cı maddə Azərbaycan Respublikasının dövlət sərhədinin qorunması zamanı silahın və döyüş texnikasının tətbiqini tənzimləyir: “Sərhəd mühafizə orqanları və hava hücumundan müdafiə qoşunları Azərbaycan Respublikasının dövlət sərhədini qoruyarkən silahı və döyüş texnikasını tətbiq etmək hüququna malikdirlər. Zəruri hallarda Azərbaycan Respublikası dövlət sərhədinin qorunması zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin başqa növlərinin silahı və döyüş texnikası tətbiq edilə bilər”.

37-ci maddəyə görə, sərhəd mühafizə orqanları Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sahəsində vəzifələrini yerinə yetirərkən Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial təhdidləri dəf etmək, sərhədboyu zonada əhalini, mülkiyyəti bu cür əməllərdən qorumaq, onların qarşısını almaq üçün silah və döyüş texnikası tətbiq edir.

Sərhəd mühafizə orqanları silahı və döyüş texnikanın bu hallarda da tətbiq etmək hüququna malikdir:

– sərhədçilərin və ya əhalinin həyatı üçün təhlükə olduqda və bu təhlükəni başqa vasitələrlə sovuşdurmaq mümkün olmadıqda silahlı şəxslərin basqınını dəf etmək və müqavimətini qırmaq üçün;

– Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar həmsərhəd dövlətin ərazisində gizlənməyə və ya Azərbaycan Respublikası ərazisinin içərilərinə soxulmağa cəhd göstərərkən onu tutmaq üçün başqa imkanlar kömək etmədikdə;

– Azərbaycan Respublikasının dövlət sərhədini pozmaq üstündə tutulmuş şəxslər qaçmağa cəhd göstərdikdə və bunun qarşısını başqa vasitə ilə almaq mümkün olmadıqda;

– əhalinin, dövlət mülkiyyətini və vətəndaşların şəxsi əmlakını silahlı basqından, silahlı və ya digər fitnələrdən qorumaq üçün başqa tədbirlər nəticə vermədikdə.

Həmin hallarda silah və döyüş texnikası bu şərtlə tətbiq edilir ki, sərhədi pozan “dayan” çağırışından və havaya xəbərdarlıq atəşindən sonra sərhəd mühafizə orqanlarının tələblərini yerinə yetirməsin.

Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar həmsərhəd dövlətin ərazisində gizlənməyə cəhd göstərərkən onları tutmağın başqa imkanları kömək etmədikdə silah xəbərdarlıq atəşindən (küllə qatarı buraxıldıqdan) sonra tətbiq edilir.

Sərhəd mühafizə orqanlarının bu hallarda silah tətbiq etməsi qadağandır:

– Azərbaycan Respublikasının dövlət sərhədini sərhədçilərin gözü qabağında pozan şəxslərə qarşı; bu şərtlə ki, həmin pozuntular Azərbaycan Respublikasının dövlət sərhədi yaxınlığında kənd təsərrüfatı işlərinin və başqa işlərin (ov, mal-qara otarılması, giləmeyvə dərilməsi, yanacaq toplanması və i.a.) görülməsi ilə bağlı olsun, habelə çimmək və ya motorlu, motorsuz gəmilərdə üzmək zamanı törədilmiş olsun;

– sərhədboyu rejimi və Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimi pozmaq üstündə tutulmuş şəxslər qaçmağa cəhd göstərdikdə, bu şərtlə ki, Azərbaycan Respublikası dövlət sərhədinin real pozulması təhlükəsi olmasın;

– Azərbaycan Respublikasının ərazi və daxili sularında ovla məşğul olan xarici balıqçılıq və digər ov gəmilərinə qarşı, bu şərtlə ki, onlar silahlı müqavimət göstərməsinlər;

– sərhədboyu zonanın yolları, Azərbaycan Respublikasının dövlət sərhədinə və ya Xəzər dənizinin sərhəd mühafizə orqanlarının qoruduğu sahilboyuna bitişik rayonların, şəhərlərin, qəsəbələrin, kəndlərin ərazisi ilə gedən və sərhəd mühafizə orqanlarının dayanmaq tələbi yerinə yetirməyən avtomotonəqliyyat vasitələrinə qarşı, bu şərtlə ki, dövlət sərhədinin real pozulma təhlükəsi olmasın;

– Azərbaycan Respublikasının dövlət sərhədini keçən heyvanlara qarşı.

Azərbaycan Respublikasının dövlət sərhədini pozan şəxslərin silahlı basqınlarını dəf etmək və silahlı müqavimətini qırmaq, sərhədçilərin və ya əhalinin həyatı üçün real təhlükə yaradan qəfil hücum baş verərsə, habelə hücum zamanı silahdan, döyüş texnikasından, mexaniki nəqliyyat vasitələrindən istifadə olunarsa, həmin hücumu dəf etmək üçün sərhəd qoşunlarının hərbi qulluqçuları xəbərdarlıq etmədən silah və döyüş texnikasını tətbiq edə bilərlər.

İnsana qarşı silah yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir.

Sərhəd qoşunlarının hərbi qulluqçuları həyat və sağlamlıqları üçün təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvanların zərərsizləşdiriləsi üçün, həmçinin təhlükə və ya xəbərdarlıq siqnalı verildikdə, habelə yardım çağırıldıqda silahdan istifadə edə bilərlər.

Silahın tətbiq edilməsi barədə 24 saat ərzində müvafiq prokurora yazılı məlumat verilməlidir.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …