Orta məktəblərdə rus dilində təhsil tədris olunsun, ya olunmasın?
Azərbaycanın xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Modern.az-a deyir ki, məktəb ana dilində olmalıdır:
“Uşaq qalan vaxtı nə qədər dil öyrənirsə, bu, onun üstünlüyüdür. Uşaq bağçası, orta məktəb, ali məktəb sırf Azərbaycan dilində tədris olunmalıdır. Bu gün rus dilini təbliğ etmək Azərbaycana düşmənlik etməkdir. Rus dili bölmələrinin sayını artırırlar, rus dilini təbliğ edirlər. Bir də çıxıb deyir ki, “kim rus dilinə xor baxırsa, mən də ona xor baxıram”. Bu utanmazlıq, tərbiyəsizlik, düşüncəsizlikdir”.
S.Rüstəmxanlının sözlərinə görə, rus dilini təbliğ edənlər yarımçıq insanlardır:
“Hər millətin öz dili var. Ona görə də övladlarımız da öz dilində oxumalıdır. Sonra qonşuların dilini kim nə qədər istəyir öyrənsin. Heç kim onlara pis baxmır. Amma ilk, orta və ali təhsil ana dilində olmalıdır. Öz dilini bilmədən başqa dilləri öyrənmək insanı yarımçıq edir. İndi bu cür yarımçıqlar, rus dilində təhsil alanlar, ana dilinə qarşı hücum təşkil ediblər. Ayıbdır. Bu adamların mövqeləri düşmən mövqeyindən seçilmir heç nəyilə”.