Cümə , 17 May 2024
Drone Cameras

Samir Əsədli: “ İranda daxili etirazlar daha geniş vüsət alacaq“

İranın paytaxtı Tehran şəhəri və əyalətində hakimiyyətə qarşı növbəti etiraz aksiyaları başlayıb. Hakimiyyətdən naraz olan əhali “Diktatora ölüm!”, “SEPAH-çıya ölüm!”, “Qəddar Xameneiyə ölüm!”, “Ölüm ola Xameneiyə, lənət ola Xomeyniyə” şüarları səsləndiriblər. İran rəhbəri Əli Xamenei isə ölkədə olan ağır duruma toxunmadan tənqidçiləri “deyingən” adlandırıb. O, xalqı və siyasi cərəyanları sistemi tənqid etməməyə çağırıb. Xamenei fevralın 15-də etdiyi çıxışında bir daha etirazçıları xarici düşmənlərin əlaltısı olmaqda ittiham edib. Ölkədə hakim olan ağır iqtisadi şəraitin təbii olduğunu deyib və iddia edib ki, ABŞ, İngiltərə və Fransa kimi ölkələrdə yoxsulluq, xəstəlik, ayrı-seçkilik və sosial ədalətsizlik İranda olduğundan daha şiddətlidir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əmir Əli Hacızadə etirazlar zamanı azı 300 nəfərin öldüyünü söyləyib. Tehran Universitetinin İntizam Komitəsi etiraz aksiyalarına qoşulan tələbələrə qarşı müxtəlif cəza tədbirləri tətbiq ediblər. 

Əksər tələbələr universitetlərdən qovulub. Tələbələrin Universitetdən qovulma səbəbləri kimi “universitetdə qarşıdurma yaratmaq, qeyri-qanuni toplantılarda iştirak etmək və islami geyim qaydalarına riayət etməmək” göstərilib. Xatırladaq ki, İranda etirazlar hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında deyib ki, İran artıq siyasi, iqtisadi, ictimai problemlər istehsal edən dövlətə çevrilib. Partiya təmsilçisi qeyd edib ki, bu problemlərin heç biri hələ də həll edilməyib: “İnsanların tənqidlərini, etirazlarını dilə gətirə bilməsi üçün platformalar yaradılmır. Buna görə də insanlar məcburiyyət qarşısında qalaraq küçələrə axışır.

 Əslində əxlaqsızlığın artması, marixuanadan istifadə yaşının aşağı düşməsi, yoxsulluq və digər məişət problemləri diqqətdə saxlanılmalıdır. İnsanlar İran dövlətinin yanlış siyasətinin yükünü daşıyırlar. Fars-molla rejiminin nümayəndələri xalq etirazını kiçiltməyə çalışır. Məsələn, daxili işlər naziri bir neçə dəfə “üsyana son qoyulduğu” haqda danışıb. Lakin etirazlar səngiməyib. Bu, rejimin yalan danışdığının sübutudur. Son günlər İran rejimi o iddianı tirajlayır ki, etirazları yatırmaq üçün tam gücdən istifadə etməyiblər, halbuki bütün təhlükəsizlik qüvvələri, eləcə də mülki geyimli dəstələr işə salınsa da, rejim heç bir nəticə əldə etməyib. Xamenei də etirazların hicabla bağlı olduğu ilə bağlı spekulyasiya etmək istəyib. Amma hicab məsələləri, qadınların öz azadlıqlarını istəməsi etirazlarda sadəcə kiçik bir yer tutur.

Tutaq ki, sabah hicab azadlığı gəldi, nə olsun? Bəs məişət problemləri, yoxsulluq, işsizlik necə olacaq? İctimai xadimlərin uzunmüddətli həbs edilərək, işgəncəyə məruz qalması, bəzilərinin edam olunması necə olacaq?”.

S.Əsədli vurğulayıb ki, İran dövləti elə təsəvvür yaradır ki, guya problem yalnız hicabla bağlıdır: 

“Beləliklə, işgəncələrə, edamlara, təcavüzlərə davam edirlər. Xalqın haqlı etirazlarına müsbət reaksiya verilmir, problemlərin həlli üçün addım atılmır. Bu yanlışlarını düzəltmək əvəzinə ölkə daxilində başlayan etirazlara qarşı “xarici düşmən” obrazını gücləndirmək kimi effektsiz gedişlər gedir, havadan asılı qalan təhdidlər yağdırır. Etirazların miqyası, insanların tələbləri, xüsusilə qadınların nümayişkaranə şəkildə hicabı açması göstərir ki, İranı bu dəfə düzəltmək istədiyi “xarici düşmən” obrazı da xilas edə bilməyəcək”.

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …