Samir Adıgözəlli: “İran kimi böyük bir ölkə Paşinyana öz ərazisində təxribatçı addım atmağa belə şərait yaratdı”
Paşinyanın səfərindən sonra İran azərbaycanlıları ayağa qalxıb – Paşinyanın ABŞ kəşfiyyatının əlinə gizli oynadığı barədə şübhələr var…
Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə “Qarabağ Ermənistanındır və Son” sözləri yazılmış plakatın qaldırılmasına görə Güney Azərbaycanda etirazlar davam edir. Sosial şəbəkəlrdə yayılan video və fotolardan görünür ki, aksiyalar daha çox Tehran və Təbriz şəhərlərində, həmçinin İranda azərbaycanlılar yaşayan digər şəhərlərdə keçirilir. Ermənilərin açdığı plakata etiraz olaraq soydaşlarımız “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” sözləri yazılmış plakat qaldırıblar. Təbrizin “Traktor” komandası ilə İsfahanın “Sepahan” komandası arasında baş tutan oyunda onminlərlə soydaşımız Ermənistana etiraz olaraq “Ya Qarabağ, ya ölüm”, “Qarabağ Azərbaycanındır”və s. şüarlar səsləndirib. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Tehranda səfərdə olarkən erməni icması ilə “Ararat” klubunda görüş keçirib. Görüşdə “Qarabağ Ermənistanındır və Son” yazılmış plakatın qaldırılmasına İranın imkan tanıması etiraza səbəb olub. Azərbaycanlılar “Ararat” klubunun divarına da “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” sözlərini yazıblar. Faktiki olaraq, Paşinyanın səfəri İranın daxilində etirazların meydana çıxmasına səbəb olub. Məlumdur ki, ABŞ və onun müttəfiqləri İranın çökdürülməsi planı üzərində işləyir. Əksər ekspertlər Paşinyanın son səfəri ilə ABŞ-ın əlinə gizli oynadığı qənaətinə gəlir. Çünki İranın daxilində yaranan ajiotaj daha da böyüyə bilər ki, bunun da anti-İran qüvvələrinin marağına tam xidmət edəcəyi qənaətinə gəlmək mümkündür. Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan dərin bir ziddiyyətə imza atıb: “Doğrusu, onun İran rəhbərliyi tərəfindən çox mehribanlıqla qarşılanması məndə təəccüb yaratdı. Buna deyə bilərlər ki, müstəqil dövlətin öz işidi. Amma ən təəccüblüsü budur ki, İran kimi böyük bir ölkə Paşinyana öz ərazisində təxribatçı addım atmağa belə şərait yaratdı. Onun İranın erməni icması ilə keçirdiyi görüşdə Qarabağla bağlı nümayiş edilən şuar, təbiidir ki, böyük təhlükə mənbəyi sayılır. Nə əcəb İran bunun qarşısını almadı, hətta əsası qoyulan təxribata etiraz belə etmədi? Paşinyan bu əməli ilə, əslində ən böyük zərbəni elə İranın özünə vurub. Həmin ölkənin ən böyük milli kimlik daşıyıcısı olan Azərbaycan türklərinin heysiyyəti ilə oynayıb. Artıq biz bu yöndə yaranmış narazılıqları görürük. İrandakı erməni vətəndaşlarının sayı azərbaycanlılarla müqayisədə çox azdır. Soydaşlarımız çoşsa, ermənilər ayaqlar altında qalarlar. Sübut olunur ki, İranın qucaq açdığı Paşinyan onların daxilində təxribat toxumu səpip getdi. Mən İrandakı bütün söydaşlarımızın prinsipial mövqeyini ürəkdən alqışlayıb, onlara “sağ ol!” deyirəm”.
Məhəmmədəli QƏRİBLİ