Cümə , 26 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: “Bu bəşəri cinayətin törədilməsində təqsirli olanların hələ də tapılıb cəzalandırılmasına nail ola bilməmişik”

1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı adında Azərbaycan şəhəri erməni qəsbkarları tərəfindən yer üzündən silindi və 613 insan vəhşicəsinə məhv edildi.

Bu cinayət təkcə Azərbaycana qarşı yox, eləcə də müsəlman dünyasına qarşı olan vandalizm aktı idi. Aradan illər keçsə də, Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş bu faciə yenə ürəkləri göynədir, insanlarımızı qısasa çağırır. Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir və beynəlxalq ictimaiyyət bu barədə ətraflı məlumata malik olmalı və dünya birliyi bu soyqırıma siyasi-hüquqi qiymət verməlidir.

Mərhum Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də Milli Məclis “Xocalı soyqırımı günü” haqqında qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı tədbirlər görməyə çağırıb.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün dünyanın bir sıra dövlətləri, Amerika Birləşmiş Ştatlarının 20-yə yaxın ştatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb. 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib və keçirilir.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyaya tanıtdırılması üzrə çox önəmli işlər görülüb və bu fəaliyyət intensiv şəkildə davam etdirilir.

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirakı ilə keçirilən ümumxalq yürüşünü Azəbaycanın həyata keçirdiyi tədbirlərin zirvə nöqtəsi hesab etmək olar.

Xocalı hər zamanı ürəyimizdədir, onu heç zaman unutmayacağıq və bu faciəni dünyaya tanıtmaq kimi müqəddəs işi davam etdirib, işğal altındakı torpaqlarımızı azad edəcəyik, şəhidlərimizin qanını yerdə qoymayacağıq.

Bəs biz dövlət və millət olaraq Xocalı naminə nəyi edə bilməmişik?

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xocalı ilə bağlı kifayət qədər iş görülüb: “Təbii ki, dövlətimizin və qeyri-hökumət təşkilatlarının gücü çərçivəsində. Ancaq bu bəşəri cinayətin törədilməsində təqsirli olanların hələ də tapılıb cəzalandırılmasına nail ola bilməmişik.  Tapılması deyəndə, onların hamısının adı bizim hüquq-mühafizə orqanlarına məlumdur. Əksəriyyəti sağdır, hətta qətliamda birbaşa iştirak etmiş şəxslərin bəziləri Ermənistan siyasi rəhbərliyinin ən üst qatında təmsil olundu, həmin ölkəyə rəhbərlik etdi. Onlarla bağlı biz bütün lazımi hüquqi prosedurları həyata keçirsək də, layiqli cəzaya layiq olmaları istiqamətində beynəlxalq məhkəmələr səviyyəsində heç bir addım atılmayıb. Cinayətkarların əksəriyyəti İnterpol xəttilə axtarışa verilib.

Nail ola bilmədiyimiz başqa bir detal isə bu faciənin soyqırım kimi tanınmasına dünyanın nüfuzlu ölkələrinin parlamentlərində tam nail olmaqdır. Hər iki istiqamət üzrə işlər davam edir. Ümidvaram ki, bu istiqamətlərdə də ciddi nəticələr əldə olunacaq”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …