Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: “Burada Ermənistanın Mehri dəhlizi vasitəsilə Naxçıvana dəhlizin açılması da nəzərdə tutulur”

Ötən ilin noyabrında imzalanan atəşkəs haqqında bəyanatın 63-cü günündə Moskvada üçtərəfli görüş keçirildi. Tədbirin təşəbbüsçüsü Rusiya prezidenti Vladimir Putin idi.

Toplantının sonunda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Görüşdə imzalanan sənədin 2-ci maddəsində bildirilib: “İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcək”.

Kommunikasiyaların açılması üçün dəqiq vaxtın, qrafikin müəyyən edilməsi və bu kontekstdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR-i birləşdirəcək dəhlizin təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi əməkdaşlıq bəyanatında aydın göstərilib. Sənəddə prioritet hesab olunan avtomobil və dəmiryolları deyəndə konkret nələr nəzərdə  tutulur?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin  (İSBAM)  rəhbəri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, rusiyalı sülhməramlıların bölgəyə gəlməsindən, qaçqın və məcburi köçkünlərin qayıdışından sonra nəqliyyat-kommunikasiya sisteminin bərpa edilməsindən söhbət gedir: “Bu, bölgənin inkişafına təkan verəcək. Kommunikasiyaların açılması Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda iqtisadi-sosial inteqrasiyaya nail olmaq üçün vacibdir. Bununla eyni zamanda biz Naxçıvan Muxrat Respublikası ilə də birbaşa əlaqəni təmin edirik. Əlbəttə, nəqliyyat-kommunikasiya sisteminin blokadadan çıxarılması, Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ermənistan və bütün  bölgə üçün əhəmiyyətlidir. Əldə olunan razılaşmalar, imzalanan sənəd Qafqazda sülhün və əminamanlığın bərqərar olmasına xidmət göstərəcək. Hazırda bölgədə Azərbaycan, Rusiya, Ermənistanla yanaşı, Türkiyə-İran-Gürcüstan işbirliyinə də zəmin yaranır. Burada  Ermənistanın Mehri dəhlizi vasitəsilə Naxçıvana dəhlizin açılması da nəzərdə tutulur. Bu da əsasən həmin dəhliz vasitəsilə həm avtomobil, həm də dəmiryol nəqliyyatının bərpasını nəzərdə tutur. Bu yolun bərpası Ermənistana da imkan verəcək ki, Azərbaycan vasitəsilə İran və Rusiya ilə dəmiryol əlaqəsini bərpa etsin. Ola bilər ki, başqa alternativ yolların da açılması baş tutsun. Dəmiryol nəqliyyatının marşrutu bəllidir.  Avtomobil yolları ilə bağlı isə başqa alternativlər də ola bilər. Çünki 10 noyabr Bəyanatında bu hal nəzərdə tutulub”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …