Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib ki, Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır:
“Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır və regional əməkdaşlığın yaradılması üçün hazırda “3+3” çox ümidverici əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntənzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək”.
Bundan əlavə, Astaraçay üzərindəki yeni avtomobil yolu körpüsünün təməlqoyma mərasimi də keçirilib. Diqqət çəkən digər məqam isə iranlı nazirin birbaşa Füzuli Beynəlxalq Hava Limanına eniş etməsi oldu.
Hiss edilir ki, müharibədən sonra İran-Azərbaycan münasibətlərində kordinal dəyişiklər baş verir. Bununla bağlı ekspertlər nə düşünür?
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, müharibədən sonra iki ölkə arasındakı münasibətlərin dərhal yaxşılaşdığını iddia edə bilmərik: “Əksinə, müharibədən sonra ölkələrimiz arasındakı münasibətlərdə gərginləşmə yaşandı. Hətta vəziyyət o həddə çatdı ki, İran sərhədlərimizdə irimiqyaslı hərbi təlimlərə start verdi. Azərbaycan bütün bu hədələrə lazımi şəkildə adekvat cavab verdi. Əsas dönüş ötən ilin Noyabr ayında Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüşdə oldu. Həmin görüş iki qonşu, müsəlman ölkə arasında son aylarda əsən “soyuq küləklər”in aradan qaldırılması baxımından mühüm rol oynadı. Hər halda, iki liderin qarşılıqlı mesajları, yekunda imzalanan saziş, həmçinin hər iki ölkənin rəsmi qurumları və şəxslərinin sərgilədiyi müsbət reaksiyalar nikbin olmağa əsaslar yaratdı.
Əslində Ermənistan çox istəyirdi ki, İran və Azərbaycan arasında ixtilaflar dərinləşsin, o da bu situasiyadan yararlanıb, özünün qeyri-konstruktiv mövqeyini nümayiş etdirsin, ən azı status-kvonun saxlanması naminə, amma buna da nail ola bilmədi. İndi erməni ictimai rəyinə anti-İran ovqatı da hakim olmağa başlayıb, Aşqabad görüşündən sonra bunu müşahidə etməkdəyik. Həmin görüş zamanı Azərbaycanla İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulandı. Deməli, İranın Zəngəzur dəhlizinə müqavimət göstərməyəcəyinə də şübhə yeri qalmır.
Aşqabad görüşü Azərbaycan-İran münasibətlərinin istiləşməsi və bir sıra müqavilələrin imzalanması ilə yadda qaldı. Hər iki ölkənin liderləri media qarşısında olduqca mehriban münasibətlər nümayiş etdirdilər, qarşılıqlı olaraq xoş ifadələr istifadə etdilər. Bunun davamı olaraq İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətinin səfərini göstərə bilərik. Səfərin mahiyyətindən belə baş düşmək olar ki, İran işğaldan azad edilən ərazilərdə quruculuq işlərində yaxından iştirak etmək niyyətindədir”.
Məhəmmədəli QƏRİBLİ