Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Samir Adıgözəlli: “Gürcüstan, həqiqi mənada, bir qonşu dövlət olaraq bu tarixi sınaqdan alnıaçıq çıxdı, İran isə çıxa bilmədi”

Bildiyimiz kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisinə qarşı terror əməlləri həyata keçirir, yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutur, nəticədə mülki əhalimiz həlak olub.

Azərbaycan Ordusu erməni silahlı birləşmələrinə qarşı əks-hücum əməliyyatlarını davam etdirir. Azərbaycanın öz mülki əhalisinin təhlükəsizliyini qorumaq, vətəndaşlarımıza qarşı erməni hücumlarının, təxribat və terrorunun qarşısını almaq, işğal altında olan ərazilərimizi düşmən tapdağından azad etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatları dünyanın bir sıra ölkələri tərəfindən ciddi şəkildə dəstəklənir, Azərbaycanın ədalətli mövqeyi müdafiə edilir.

Bizimlə qonşu olan dövlətlər arasında da ölkəmizə ciddi dəstək nümayiş etdirənlər var. Bildiyimiz kimi, Gürcüstan dövləti bu haqq işimizdə bizə ciddi dəstək verir. Məlumatlara görə, Gürcüstanın paytaxtı Tiflisdə Kür çayının üzərindəki “Sülh” körpüsü və televiziya qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb. Bununla Gürcüstan tərəfi son günlər Dağlıq Qarabağda baş verən döyüşlərdə Azərbaycana dəstəyini nümayiş etdirib.

Bilirik ki, Tovuz hadisələri zamanı da Gürcüstan Azərbaycana yaxından dəstək göstərib və Serbiyadan Ermənistana daşınan silahın Gürcüstan üzərindən keçirilməsinə icazə verməyib. Ölkə başçısı İlham Əliyev də bir neçə gün əvvəlki çıxışlarından birində bu məsələyə görə Gürcüstan dövlətinə öz təşəkkürünü bildirib.

Bu arada mətbuatda İrandan Ermənistana silah daşınması xəbəri yayıldı, İran tərəfi isə məlumatı təkzib edərək bildirdi ki, bu ölkəyə silah deyil, ərzaq daşınır.

Sözün açığı, Gürcüstandan fərqli olaraq, İranın belə mövqe göstərməsi təəssüf doğurur. Halbuki, İran müsəlman ölkəsidir və bu halda, biz bizimlə dinbir olan İran tərəfindən belə davranışlara yol verilməsini eşitmək istəməzdik.

Gürcüstan regional xristian dövləti olaraq Azərbaycana mümkün dəstəyini göstərir, İran isə bizə dəstək göstərmək əvəzinə, belə hərəkət sərgiləyir.  

  • “…Azərbaycanın haqq işini müdafiə etməli idi”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Ordusunun Ermənistanın son təcavüzünə, terroruna, təxribatlarına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları dövlətimizin öz haqqı uğrunda apardığı mübarizədir. “Sentyabrın 27-də baş verən erməni təxribatının qarşısının alınması üçün cənab Prezidentin əmrilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Bu tarixi qərardır. Bu tarixi qərara münasibətdə istər region, istər dünya dövlətləri, istər xristian, istərsə də müsəlman ölkələri olsun, hər biri sınaqdan çıxır. Gürcüstan, həqiqi mənada, bir qonşu dövlət olaraq bu tarixi sınaqdan alnıaçıq çıxdı, İran isə çıxa bilmədi. Hesab edirəm ki, Gürcüstan dövləti Azərbaycana dəstək göstərir, o özü də daim Azərbaycan dövlətinin ona dəstəyini görüb. Bilirik ki, Gürcüstan da terrordan, işğaldan əziyyət çəkən ölkədir. O, Azərbaycanla bağlı elə bu cür doğru, ədalətli addım atmalı idi, atdı da. Çünki beynəlxalq qanunlar Azərbaycan dövlətinin, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tərəfindədir. Amma Gürcüstandan fərqli olaraq, İranın Azərbaycanla bağlı bu cür mövqe göstərməsi təəssüfedicidir. Halbuki, o, müsəlman həmrəyliyini daha üstün tutmalı və Azərbaycanın haqq işini müdafiə etməli idi. Bu, islam birliyinə də xələl gətirən amillərdəndir. İranın Azərbaycana qarşı münasibətini Azərbaycan xalqı yaxşı bilir. İran bu tarixi şansı qaçırdı, bunu demək istəyirəm. İran nə etməli idi? İran böyük qonşu dövlət olaraq, 35 milyonluq Azərbaycan türkünün yaşadığı bir ölkə kimi bir bəyanat verməli idi ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və Ermənistanın silahlı qüvvələri işğal etdiyi əraziləri tərk etməlidir. Amma İran bunu etmədi. İran Ermənistana, formasından asılı olmayaraq, dəstək göstərməklə regionda olan maraqlarına, Azərbaycanla olan münasibətlərinə kölgə saldı. İran bu tarixi şansı qaçırdı. Ancaq, indiki halda, İran olmasın, başqa ölkə olsun, işğalçı Ermənistanla Azərbaycanı barışığa çağırmağın özü Ermənistanın maraqlarını müdafiə etmək deməkdir. Bundan da başqa, İranın Ermənistanla olan sərhəd məsələsinin özü hansı məqsədə qulluq edir, bu, humanitar məqsədlə edilirsə, biz burada humanitar niyyət görmürük”.

S.Adıgözəllinin sözlərinə görə, İranın bu gün Ermənistana nəfəslik verməsi başqa məsələ olsa da, işğalçı ölkəyə hansısa formada dəstək verməsi Azərbaycanda təəssüflə qarşılanır.

İradə SARIYEVA

Check Also

ÖLKƏ PREZİDENTİ VƏ MƏDƏNİYYƏT NAZİRİNƏ BİR QRUP VƏTƏNDAŞ MÜRACİƏTİ…

Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi… Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək? Prezident …