Cümə , 29 Mart 2024
Drone Cameras

Samir Adıgözəlli: “İran görməlidir ki, bizimlə bağlı nümayiş etdirdiyi qərəzli mövqe ona qarşı bumeranq effekti verir”

İsrail hökuməti İranın nüvə obyektlərinə qarşı potensial hücuma hazırlıq üçün 1.5 milyard dollar ayırıb. Bu haqda İsrail mediası bildirib. Məlumata əsasən, ordunun İrana qarşı potensial hücuma hazırlaşdırılması üçün vəsaitin 1 milyard dolları bu ilin büdcəsindən, 500 milyon dolları isə gələn ilin büdcəsindən xərclənəcək. Vəsait müxtəlif tipli təyyarələrə, pilotsuz uçan aparatlara, kəşfiyyat məlumatlarının toplanmasına, o cümlədən peyklərlə kəşfiyyatın aparılmasına, nüvə obyektlərinə zərbələrin endirilməsi üçün əlavə vasitələrin və unikal silahların əldə edilməsinə xərclənəcək.

Bu xərclərin noyabr ayında təsdiqlənəcəyi gözlənilir. İsrailin İrana hücum üçün büdcə ayırması xəbəri ABŞ Hərbi Hava Qüvvələrinin GBU-72 “Advanced 5K Penetrator” bunkerdağıdan bombalarının sınaqlarının uğurla başa çatmasını elan etməsindən bir neçə gün sonraya təsadüf edib. 2.5 ton ağırlığındakı bu bomba İranın yeraltı nüvə obyektlərini dağıtmaq üçün nəzərdə tutulur. Lakin mühüm olanı budur ki, GBU-72 qırıcılarda və ya ağır bombardmançılarda daşınmaq üçündür. İsraildə isə ABŞ-ın arsenalında olan bu ağır bombaları daşımaq üçün vasitələr yoxdur. Daha yüngül olan GBU-28 bunkerdağıdan bombaları 2009-cu ildə gizlicə İsrailə satılıb, amma onlar İranın dağların altında yerləşdirilmiş Fordo nüvə mərkəzini dağıtmaq gücündə deyil.

İsrail mediası qeyd edir ki, ABŞ Hərbi Hava Qüvvələri Floridadakı bazasında GBU-72 bombasının təxminən 11 min metr hündürlükdən atılmasını reklam etməklə İrana xəbərdarlıq etmək istəyib, ona Vyanada nüvə sövdələşməsinə dair danışıqlara qayıtmaq mesajı verib. Ötən ay İsrail silahlı qüvvələrinin Baş qərargah rəisi Aviv Kohavi bəyan etmişdi ki, ölkəsi İranın nüvə proqramlarına qarşı fəaliyyət hazırlıqlarını xeyli sürətləndirib. Onun sözlərinə görə, İsrailin müdafiə büdcəsinin əhəmiyyətli hissəsi məhz bu məqsəd üçün nəzərdə tutulub. Kohavi bu ilin yanvarında bildirmişdi ki, İsrail ordusu İrana güclü zərbələrin endirilməsi üçün “yeni əməliyyat planları” hazırlayır. Avqust ayında isə Baş qərargah rəisi İranın nüvə fəaliyyətini sürətləndirməsinə cavab olaraq İsrail ordusunun öz əməliyyat planlarının yerinə yetirilməsini də sürətləndirildiyini deyib.

Məlumdur ki, İsraillə İranın münasibətləri hər zaman gərgin olub. Hazırda isə İsrail açıq şəkildə İranla müharibə etmək niyyətində olduğunu açıqlayır, hətta bu məqsədlə vəsait də xərcləyir. İsrailin bu addımları atmasına İranın Azərbaycana yönəlik son şıltaqlıqları səbəb olmadımı? Çünki İran Azərbaycana ünvanladığı  ittihamlarda İsraili əlində bayraq edirdi.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada İranın son addımlarının rolu danılmazdır: “Azərbaycan ərazisindən İrana qarşı hərbi platsdarm kimi istifadə edilməsi ideyası Tehranın aktuallığını saxladığı təbliğat vasitəsidir. Bəlkə də bu təbliğat vasitəsi günü-gündən İsrail üçün dəyərini artırır. Çünki İranın ən çox həssaslıq nümayiş etdirdiyi məhz bu mövzudur. Əslində İranın məqsədi İsraili qıcıqlandırmaq və müharibəyə təhrik etməkdi. Bununla həm də, bir növ, İsrailin gücünü zondaj etmək niyyətindədir. İran İsrailə son hədələrini Azərbaycan üzərindən etdi. Güya İsrailin gəlib onun sərhədlərində mövqe tutduğunu bildirdi. Buna da Prezident səviyyəsində cavab verdik ki, ağ yalandır. Bütün bunların hamısında məqsəd İsrailə  mesajlar göndərmək idi. İsrail həmin mesajlara konkret addımları ilə cavab verir.  İsraildə başa düşdülər ki, İranın gücü yoxdur. Gücü olan İran Suriya məsələsində nəinki endirilən raket zərbələrinə cavab verərdi, hətta özbaşına Colan təpələrinin İsrailin işğalından azad olunması məsələsini gündəliyə gətirərdi. İsrail rəsmiləri öz arxivlərindəki materiallarından İranın hansı qaydada müsəlman olduğunu çox gözəl bilirlər. Çünki məhz İran İsraili maliyyələşdirib, neftlə təmin edib ərəb torpaqlarının işğalına təhrik etdi. Bütün ərəb torpaqlarının İsrail tərəfindən işğalında İranın müstəsna rolu olub. Bu məsələdə İranın rolu yalnız ABŞ-ın rolu ilə müqayisə oluna bilər. İsrail var gücü ilə çalışır ki, İrana qarşı fənd tətbiq etsin. Əslində İsrailin özünə də İranla açıq konfrontasiyaya getmək, hətta müharibə mesajını vermək üçün bəhanə lazım idi. Bunu da İran onun əlinə Azərbaycana etdiyi təzyiqlər zamanı vermiş oldu. Azərbaycan Respublikasının mövqeyi hər zaman aydın olub. Biz, ən azı, özümüzə görə İrana və ya digər qonşularımıza qarşı platsdarma çevrilməyəcəyik. İran Azərbaycan Respublikasına qarşı özünü isterik aparır. Düşünür ki, onun təxribatına cavab olaraq biz İranın düşmənləri ilə əməkdaşlıq edirik. İranın Azərbaycana qarşı isteriyasının səviyyəsi bizə qarşı gizli təxribatının səviyyəsinə uyğundur. İran İsrailin psixoloji zərbələrinin hədəfi olmaq istəmirsə, özünü sağaltmalıdır. Digər tərəfdən, İran Azərbaycan Respublikasına  qonşu  olduğunu nümayiş etdirməlidir. Bu əyani-praktiki addımlarla və yaxın zamanda baş tutmalıdır. İran rəhbərliyi görməlidir ki, belə psixoloji  hücumlara Azərbaycan İrana nisbətən daha təmkinli reaksiya verir. Çünki biz İranın və İsrailin bizim üçün kim olduğunu dəqiq müəyyənləşdirmişik və siyasi kursumuz da buna uyğundur. İran görməlidir ki, bizimlə bağlı nümayiş etdirdiyi qərəzli mövqe ona qarşı bumeranq effekti verir. Çünki Azərbaycanın əlində İrana təzyiq üçün kifayət qədər rıçaqlar var”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

NATO-nun keçmiş baş katibi Ermənistandan rüşvət alıb

Hikmət Hacıyev Rasmussenə hansı bədnam əməllərini xatırladır? Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət …