Cümə , 3 May 2024
Drone Cameras

Samir Adıgözəlli: “Minsk Qrupu bilir ki, Azərbaycan qarşısında boş tələblər qaldırmaq yersizdir”

Yaxın vaxtlarda ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tuta bilər.  Bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

Qriqoryan Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupu çərçivəsində Paşinyanla görüşə hazır olması ilə bağlı bəyanatını şərh edərkən deyib:

“Daha əvvəl biz bildirdik ki, yüksək səviyyədə görüşməyə və problemləri müzakirə etməyə hazırıq. Qarşı tərəf (Azərbaycan) həqiqətən də hazır olduğunu bildirsə, ümid edirik ki, ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirələr başlayacaq və görüş yaxın vaxtda baş tutacaq”.

Bu görüşdən hansı nəticələri gözləmək olar?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan müharibədən əvvəl də, sonra da heç bir təmasdan qaçmayıb: “Ermənistan tərəf isə 30 il ərzində görüş xatirinə görüşlər keçirdi. Son vaxtlar isə ümumiyyətlə təmaslardan yayınırdı. Məhz bunun nəticəsi ona gətirdi ki, Azərbaycan öz problemini hərbi yolla həll etmək məcburiyyətində qaldı. ATƏT-in Minsk Qrupu münaqişənin mövcud olduğu illər ərzində heç bir ciddi nəticə əldə edə bilmədi, yalnız status-kvonu saxlamaqla kifayətləndi. Müharibədən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar onları ciddi narahat edir. Bu səbəbdən də yenidən gündəmə gəlib, prosesdə yer almaq istəyirlər. Azərbaycan Minsk Qrupu ilə bağlı fikrini bildirib ki, onlar humanitar missiyalarını davam etdirə bilərlər. Bu sahədə görüləsi çox iş var. Məsələn, xalqların sülhə hazırlanması, minalanmış ərazilərin xəritələrin verilməsi, məcburi köçkünlərin öz yerlərinə qaytarılması və s. Ancaq biz görürük ki, Minsk Qrupu danışıqları bərpa etdirməklə Qarabağda yaşayan bir ovuc erməniyə status verməyin vacibliyini gündəmə gətirməyə çalışır. Prezident bildirdi ki, kim Dağlıq Qarabağ adlı bir ölünü diriltmək istəyirsə, gedib bunu öz ərazisində etsin. Mənə elə gəlir ki, həm Minsk Qrupuna, həm də Ermənistana bundan konkret cavab ola bilməzdi.  Minsk Qrupuna görüşlə bağlı təşəbbüsü də bizim Prezident verib. Ölkə başçısı dedi ki, Minsk Qrupu Ermənistan və Azərbaycan rəhbərlərinin görüşünü təşkil etsə, yaxşı olar. Maraqlıdır ki, həmin təsisat heç bu barədə addım da atmırdı. Ermənistan bizim təşəbbüsə cavab verib. Minsk Qrupu bilir ki, Azərbaycan qarşısında boş tələblər qaldırmaq yersizdir. Biz Qarabağa statusun verilməsinin ümumiyyətlə müzakirə mövzusu olmadığını bildirmişik. Dağlıq Qarabağ adlı qurumun isə ümumiyyətlə olmadığını bəyan etmişik. Deməli, Minsk Qrupunun vasitəçiliyi ilə ola biləcək görüşdə yalnız iki ölkə arasındakı sərhəddin dəqiqləşdirilməsi, Zəngəzur dəhlizinin açılması  və ən əsası Sülh Sazişinin imzalanması ilə bağlı mövzular ətrafında müzakirələr aparıla bilər. Artıq təşəbbüsün bizim tərəfdə olduğunu Ermənistan anlayır. Əvvəlki qaydada qeyri-konstruktiv mövqe tutmaq, yalnız onun ziyanına ola bilər. Bu baxımdan da, hesab edirəm ki, Ermənistanın belə görüşə razılıq verməsi onun sülh yolunda hansısa ciddi addımlar atmaq niyyətindən xəbər verə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib

Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi …