Bazar , 19 May 2024
Drone Cameras

Samir Adıgözəlli: “ Rusiyadakı diasporumuz öz şəxsi maraqlarını Azərbaycanın milli maraqlarından üstün tutur, belə olmasaydı, Jirinovskinin cəfəngiyatlarına səssiz qalmazdılar”

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin bir neçə gün əvvəl Azərbaycana, Azərbaycan hakimiyyətinə qarşı xoşagəlməz, cəfəng fikirləri yayılıb. Lakin onun hədələrinə, xoşagəlməz davranış və açıqlamalarına Rusiyadakı diaspor təşkilatlarımızın səssiz qalması, reaksiya verməməsi ictimaiyyətdə ciddi suallar doğurub və sosial mediada müzakirə edilir.

Azərbaycan diasporunun nümayəndələrinin kloun siyasətçinin dövlətimizi hədəfə alan sözlərinə hansı səbəbdən cavab verməməsi həqiqətən maraqlıdır. Azərbaycana qarşı təhdid və hədələrə susan diaspor təmsilçilərimiz Azərbaycan dövləti medal, mükafat verəndə növbəyə düzülürlər…

Rusiyadakı diasporumuz Jirinovskinin cəfəngiyatlarına niyə susdu, nə üçün Azərbaycan dövlətinin maraqlarını müdafiə etmədi?

  • “Diaspor nümayəndələrimizin bu səssizliyi ortaya ən müxtəlif suallar çıxarır…”

İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırmaları Mərkəzinin rəhbəri (İSBAM) Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, indiyə qədər Rusiyanın Azərbaycana qarşı təxribatlarına, ikili standartlarla yanaşmasına, müharibə dövründə də əleyhimizə gördüyü işlərə bizim oradakı diaspor təşkilatlarımız, ayrı-ayrı şəxslərimiz tərəfindən heç bir təpki göstərilməyib: “İndiyə kimi bu kimi təxribatlara bizim Rusiyadakı diasporumuz hansı reaksiyalar verib ki? Bizim Rusiyada yaşayan çox savadlı, bacarıqlı, qabiliyyətli soydaşlarımız, dostlarımız var. Amma çox təəssüflər olsun ki, orada təşkilati baxımdan məsələləri iflic vəziyyətə salıblar. Ola bilsin, kimsə hardasa etirazını bildirib, amma fərdi münasibət bildirməklə iş bitmir. Diasporumuzun mütəşəkkil, təşkilatlanmış şəkildə bu kimi cəfəngiyyatlara reaksiya verməsi, səslərini çıxarması daha effektiv olardı. Diaspordan əlavə, Rusiyada kifayət qədər tanınmış simalarımız var, həmin simalar Jirinovskinin bu cəfəngiyyatını, sayıqlamasını tənqid edə bilməzdilər ki, bu kloun Azərbaycana qarşı başından böyük danışır? Çox təəssüflər olsun ki, Jirinovskiyə qarşı diasporumuz da, tanınmış şəxslərimiz də səssiz qaldılar. Bu adamlar unutmalı deyillər ki, onlar Azərbaycanın yetirməsidirlər. Yoxsa düşünürlər ki, gedib Rusiyada yetişiblər? Ona görə də, diaspor nümayəndələrimizin bu səssizliyi ortaya ən müxtəlif suallar çıxarır. Orada özünü diaspor adlandıran və Azərbaycan dövlətindən çox şey istəyən müəyyən qurumlar var. Mükafat, hədiyyə, fəxri ad almaq məsələsində növbəyə dayananlarların Azərbaycan dövlətini müdafiə məsələsində mövqelərinin görünməməsi təəssüf doğurur”.

S.Adıgözəlli hesab edir ki, görünür, bəzi diaspor qurumlarımızın əlaqələrunin hansı qüvvələrə dayandığını, onların haradan bəsləndiyini araşdırmağa da ehtiyac yox deyil. “Təəssüflər olsun ki, bizim Rusiyadakı diasporumuz “paxlava bayramı”ndan o yana keçməyib. Belə şeylərlə diaspor, lobbiçilik fəaliyyətilə məşğul olmaq olmaz. Rusiya həm böyük qonşumuzdu, həm dünyanın böyük ölkəsi, həm də Azərbaycan diasporunun fəaliyyət göstərdiyi, həmvətənlərimizin yaşadığı bir ərazidir. Bu baxımdan diasporumuzun səssizliyi suallar yaradır. Burada söhbət təkcə Jirinovskinin son sərsəmləmələrinə münasibət bildirməməkdən getmir, başqa məsələlər də var. Bütün bu sualların cavabı verilməlidir. Rusiyadakı diasporumuzun səssizliyinin üstündən sükutla keçmək olmaz. Bilirsiz ki, Rusiya Azərbaycanlıları Konqresi Rusiya Ədliyyə Nazirliyi tərəfindən qapadılıb. Həm bu amil, həm də orada diasporumuzun təşkilatlana, birləşə bilməməsi problemlər yaradır. Təəssüflər olsun ki, bizim bəzi diaspor təşkilatlarımız Azərbaycan adı ilə yaradılsa da, Azərbaycanın mənafeyinə qulluq etmir, öz şəxsi maraqlarını, biznes hədəflərini gerçəkləşdirirlər. Görünür, bizim Rusiyadakı diasporumuz öz şəxsi maraqlarını Azərbaycanın dövlət maraqlarından üstün tutur, belə olmasaydı, Jirinovskinin cəfəngiyatlarına səssiz qalmazdılar. Əlbəttə, onlar Rusiyada yaşayırlarsa Rusiyanı sevməlidirlər, bu dövlətə hörmətlə yanaşmalıdırlar, amma Azərbaycanın dövlət maraqları tapdanırsa, artıq səssiz qalmamalıdırlar, reaksiya verməlidirlər” – deyə S.Adıgözəlli vurğuladı.

İradə SARIYEVA

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …