Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Samir Adıgözəllidən Əli Kərimliyə sərt sözlər

8 mart tarixində bir qrup qadının Bakının mərkəzində keçirdiyi aksiya cəmiyyətin bütün təbəqələri tərəfindən sərt qınandı. Hətta müxalif mövqedən çıxış edən siyasilər belə həmin aksiyanın milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil etdiyini bildirdilər.

Cəmiyyətdə fəal mövqeyi ilə seçilən əksər xanımlar isə həmin aksiyadakı şüarların qadın fəallığına heç bir aidiyyətinin olmadığını qeyd etməklə yanaşı, tədbirdə əxlaqsızlığın təbliğ edildiyi qənaətini bölüşdülər.

Ancaq maraqlıdır ki, daim milli mövqedən çıxış etdiyinə dair rəy yaratmağa çalışan AXCP sədri Əli Kərimli elə həmin gün feministlərin aksiyasını müdafiə edən status paylaşıb. O, “8 MARŞ – Bizimdir Hürr Küçələr” yürüşünə polis müdaxiləsini, xeyli sayda aksiya iştirakçısına zor tətbiq edilməsini qəti şəkildə pislədiyini bildirib: “Azərbaycan hakimiyyətini Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İstanbul Konvensiyasına qoşulmağa çağırıram. Xatırladım ki, Konvensiyanı Avropa Şurasına üzv olan 47 ölkədən 45-i imzalayıb. Yalnız Azərbaycan və Rusiya hələ də Konvensiyanı imzalamayıb”.

AXCP sədrinin bu dəstəyi sosial şəbəkə istifadəçiləri, hətta onun bir sıra tərəfdarları tərəfindən sərt etirazla qarşılanıb. Onun statusuna şərh yazanlar partiya sədrinin feministlərə sığındığını bildirib və ağır ifadələrdən istifadə ediblər.

Bundan sonra Ə.Kərimli yazdığı statusa yenidən şərh yazıb. Aksiyadakı şüarları dəstəkləmədiyini qeyd edib: “Çox təəssüf etdim ki, bugünkü aksiyada bir neçə etikadan kənar, ictimai əxlaqa qarşı şüarlar da qaldırılıb. Təbii ki, mən həmin qeyri-etik şüarları nəinki dəstəkləmirəm, belə şüarları ictimai əxlaqa qarşı sayıram, zərərli hesab edirəm. Statusda hansı vətəndaş hüquqlarına dəstək verdiyim, nəyə etiraz etdiyim aydın yazılıb. Status aksiya və zorakılıq haqdadır, orada qaldırılmış ayrı-ayrı şüarlar barədə deyil”.

Göründüyü kimi, Əli Kərimli kəskin ictimai qınağa tuş gəldiyi üçün mövqeyini yumşaltmağa çalışıb. Ancaq yenə də Azərbaycan qadını adının arxasına sığınaraq əxlaqsızlığı təbliğ edənlərin hərəkətlərini pisləməyib. Onun bu addımını necə dəyərləndirmək olar?

  • Samir Adıgözəlli: “Özünü Elçibəy xəttinin davamçısı sayan, milli platformadan çıxış etdiyini bəyan edən bir partiya necə bu əxlaqsızlığa dəstək ifadə edə bilər?

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin aksiyanın keçirilməsi bir rəzalət idi: “Əvvəla bu suala cavab tapmaq lazımdır: Azərbaycanda feminizmə ehtiyac varmı? Təbii ki, yox. Çünki Azərbaycan cəmiyyətində hər zaman qadına hörmət və rəğbət olub. Bu gün də həmin ehtiram saxlanır. Bu gün Azərbaycan parlamentinə qadın sədr seçilirsə, hansı qadın haqlarının sıxışdırılmasından danışmaq olar? Məlum aksiyanın tələblərindən göründü ki, məqsəd əxlaqsız həyat tərzini cəmiyyətə sıramaq olub. Görün vəziyyət nə yerə çatıb ki, əxlaqsız şüarı qaldıran xanım özünə qəsd edib. Buradan maraqlı nəticə çıxır. Deməli, həmin cavan qız nə etdiyinin fərqində olmayıb, feminizmin nə olduğunu dərk etməyib, sadəcə, təsir altına düşüb və sonrakı kütləvi ictimai qınaq onu belə bir addımı atmağa vadar edib. Deməli, konkret nəticə budur ki, Azərbaycan cəmiyyəti öz ailə dəyərlərinə, milli-mənəvi köklərinə olan yad basqılarla mübarizədə geri çəkilmir. Əksinə, daha sərt mübarizə aparır. Ə.Kərimlinin addımı isə biabırçılıqdır. Özünü Elçibəy xəttinin davamçısı sayan, milli platformadan çıxış etdiyini bəyan edən bir partiya necə bu əxlaqsızlığa dəstək ifadə edə bilər? Mən fikir verdim, elə öz partiyasının üzvləri belə onun tənqidinə qalxdılar. Ə.Kərimli, birmənalı olaraq, həmin aksiyaya dəstək verib. Orada heç bir polis zorakılığı olmadı. Əksinə, aqressiv ovqatlı aksiya iştirakçıları polisi təhqir etməklə məşğul idilər. Biz bütün bunları çəkilən kadrlardan gördük. Ə.Kərimli bu addımı ilə yalnız özünü deyil, bütün partiya üzvlərinin üzərinə pis ləkə saldı. Onun bu addımı kifayət edir ki, AXCP sədrliyindən istefası tələb olunsun. Ə.Kərimli İstanbul Konvensiyasının imzalanmasını tələb edir. Qeyd edim ki, həmin sənədi Ermənistan parlamenti ratifikasiya etməyib. Düşmən ölkənin qəbul etmədiyi bir sənədin qəbulu hökumətdən niyə tələb edilməlidir?”

Məhəmmədəli QƏRİBLİ

Check Also

Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanat yayıb

“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı …