Son vaxtlar sosial şəbəkələrdə şər-böhtan, təhqir, terrorizmə çağırış halları geniş vüsət alıb. Anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilmiş xəyanətkarların sayı getdikcə artmaqdadır. Saxta profillərlə insanların ləyaqətinin alçaldılmasını, sərhədboyu ərazilərdə törədilən təxribatlarla bağlı dezinformasiyaların yayılmasını, müxtəlif şəxslərə böhtan atmağı özlərinə peşə seçənlər sanki unudurlar ki, bu xəyanətkar əməlləri ilə xalqımızın, millətimizin adına ləkə vururlar. Təəssüf ki, bu çirkin əməllərin qarşısının alınması üçün Azərbaycanda xüsusi qanunvericilik aktı yoxdur. Azərbaycan sivil, hüqiqi, demokratik dövlətdir. Ölkəmizdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilir. Təəssüf ki, satqın və xəyanətkarlar bu sərbəstlikdən sui-istifadə edir, ölkəmizin inkişafına xələl gətirməyə çalışırlar.
Son vaxtlar beynəlxalq ictimaiyyət də sosial şəbəkələrdə yayılan şər və böhtandan cana doyub. Ona görə də bu istiqamətdə yayılan informasiyaların tənzimlənməsi və sosial şəbəkə sahiblərinin məsuliyyət daşımaları üçün müxtəlif ölkələrdə tədbirlər görülür. Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bu məsələyə münasibət bildirərkən dedi:
– Son vaxtlar sosial şəbəkələr təhqir, söyüş, qisas meydanına, terrora çağırışa, narkotik vasiətələrin təbliği məkanına çevrilib. Ona görə də Avropa ölkələrində sosial şəbəkələrdən sui-istifadə hallarının qarşısının alınması üçün artıq müzakirələr aparılır və qanunvericiliklə tənzimləmək barədə düşünülür. İnsan hüquqlarının pozulmasının, terrorizmin təbliğinin sosial şəbəkələrdə geniş yayılması ciddi narahatlıq yaradıb. Təəssüf ki, sosial şəbəkələrin idarəediciləri bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımırlar. Çünki həmin şəbəkələrə nəzarət edən, onların tabe olduqları müəssisə, təşkilat yoxdur. Bu səbəbdən də həmin məsələ ilə bağlı hər hansı bir hüquqi müstəvidə tədbir görmək mümkün deyil. Ona görə də sosial şəbəkələrin tənzimlənməsi üçün qanunvericilik aktının qəbul olunmasına zərurət yaranıb. Artıq bir sıra ölkələrdə bu məsələ gündəmə gətirilib. Məsələn, bu yaxınlarda Türkiyə Böyük Millət Məclisi sosial medianın tənzimlənməsi ilə bağlı qanun layihəsini qəbul edib. Bu məsələ dünya miqyasında gündəmin aktual mövzularından biri olmasına baxmayaraq Azərbaycanda bu məsələ hələ də öz həllini tapmayıb.
E.Nəsirov bildirdi ki, sosial şəbəkələr “cəngəllik qanunları” ilə işləyirlər. Yəni, kim nə istəyir yazır, paylaşır, montaj edilmiş şəkillər, video çarxlar yayır. İstənilən adamın şərəf və ləyaqətini alçaltmaq, onu təhqir etmək, nüfuzuna xələl gətirmək adi hala çevrilib. Bu biabırçılığa son qoyulmalıdır. Axı, hər kəsin şərəf və ləyaqətini qorumaq hüququ var: “Cəzasızlıq rejimi insanları növbəti cinayətlərə sövq edir. Azərbaycan sosial şəbəkələrin geniş istifadə edildiyi bir ölkədir. Əhalinin 80 faizindən çoxu sosial şəbəkə istifadəçisidir. Bu, respublikamızda demokratik prinsiplərin inkişafına yaradılmış şəraitin göstəricisidir. Bundan şəxsi məqsədlər naminə istifadə edib “düşmən dəyirmanına su tökmək” milli dəyərlərimizə ləkədir. Mən bunun qarşısının qanunvericilik yolu ilə alınması üçün parlamentdə də məsələ qaldırmışam. Hətta, parlamentdə belə bir təklif də irəli sürülmüşdü ki, sosial şəbəkə istifadəçilərinin pasport məlumatları həmin şəbəkədə qeyd edilsin. Bu, saxta profil sahiblərinin üzə çıxarılması üçün vacib bir məsələdir. Bundan sonra həqiqi istifadəçilər bəlli olacaq. Saxta profil sahibləri isə öz qeyri-insani hərəkətlərinə görə məsuliyyət daşımalıdırlar”.
E.Nəsirov bu məsələ ilə bağlı yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu bildirdi. Onun fikrincə, əgər belə bir qanun qəbul olunarsa, sosial şəbəkələrdə olan anarxiya, xaos aradan qaldırılar, böhtan və təhqirlərin, dezinformasiyaların qarşısı alınar. Bu gün real həyatda insanlar bir-birini təhqir edərlərsə, inzibati və hüquqi məsuliyyət daşıyır və qanuni cəzalarını alırlar. Bəs sosial şəbəkələrdə təhqir və böhtanı özlərinə peşə seçənlər niyə məsuliyyətdən kənarda qalmalıdırlar? Sosial şəbəkələrdə insanları təhqir edənlərin cəzasız qalması onları bu işə daha da şirnikləndirir: “Bu, artıq günümüzün ən aktual məsələsinə çevrilib. Sosial şəbəkələrdə özbaşınalıq baş alıb gedir. Hərbi sirrimiz dağıdılır və düşmənlərimiz bundan yararlanaraq, öz çirkin niyyətlərini reallaşdırırlar. Bundan başqa, kimliyindən asılı olmayaraq, istənilən adamın şərəf və ləyaqəti alçaldılır və onların nüfuzuna xələl gətirilir. Niyə bütün bunları edənlər cəzasız qalmalıdırlar? Cəzasızlıq insanları və dövlətləri yeni-yeni cinayətlər törətməyə şirnikləndirir. Buna görə də Azərbaycan parlamentində sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun qəbuluna ehtiyac var. Türkiyə təcrübəsində olduğu kimi, bizdə də bu sahədə ciddi addımların atılmasının vaxtı çatıb, hətta, deyərdim ki, gecikirik. Məsələn, mənim adımdan istifadə edərək sosial şəbəkələrdə şər-böhtan fikirlər yayılır. Bu məsələlər qanunda öz əksini tapmadığı üçün belə əməllər cəzasız qalır. Bu cür halların qarşısını almaq üçün ölkəmizdə sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun qəbuluna ehtiyac var”.
Əliqismət BƏDƏLOV