ABŞ Prezidenti Donald Trampın strateji məsələlər üzrə böyük müşaviri vəzifəsini tutan Stiv Bennon ABŞ Milli Təhlükəsizlik Şurasını tərk edəcək.
Bennon Trampın komandasına qoşulana qədər mühafizəkar mövqeli “Breitbart News” xəbər saytının rəhbəri olub. İfrat mühafizəkar baxışları ilə fərqlənən Bennon həm solçu ideologiyanı, həm də ənənəvi mühafizəkarlığı inkar edən “alternativ sağçılar” hərəkatı ilə sıx bağlı idi.
Prezident seçkilərindən bir neçə ay əvvəl Trampın qərargahının başçısı təyin edilmiş Bennonu Trampın ən yaxın müşavirlərindən biri hesab edirdilər. Yeni seçilmiş Prezident Trampın seçkilərdən sonra Bennonu özünün əsas strateqi və ölkənin Milli Təhlükəsizlik Şurasında böyük müşavir təyin etmək barədə qərarı Vaşinqtonun siyasi elitası tərəfindən kəskin tənqidlə qarşılanıb.
Donald Tramp Bennonu Prezidentin baş müşaviri vəzifəsindən kənarlaşdırmaqdan əlavə, Milli Kəşfiyyat Xidmətinin direktoru Den Koatsı və Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəhbəri general Jozef Danfortu Milli Təhlükəsizlik Şurasının daimi üzvləri sırasına qaytarmağı qərara alıb.