Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Sudanın Rusiyadakı səfiri: “Azərbaycanla istənilən beynəlxalq platformada eyni mövqedən çıxış edəcəyik”

“Azərbaycanla istənilən beynəlxalq platformada eyni mövqedən çıxış edəcəyik”.

Boyukmillet.com xəbər verir ki, bunu Sudan Respublikasının Rusiyayaa yeni təyin edilmiş Səfiri Məhəmməd Elqazali Eltijani Sirrac Azərbaycanın səfiri Polad Bülbüloğlunun qəbulunda deyib.

Polad Bülbüloğlu Azərbaycanın Sudanla münasibətlərinə toxunaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib, bu xüsusda turizm, elm, təhsil və mədəniyyət sahələrində, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın səfiri həmkarını Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, aparılmış danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyəti haqqında məlumatlandıraraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqda danışıb, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu qeyd edib. Eyni zamanda münaqişəyə son qoymuş məlum üçtərəfli Bəyanatın müddəaları və postmünaqişə dövrü, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə də qarşı tərəfə ətraflı məlumat verilib.

Polad Bülbüloğlu Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsi tərəfindən 1 sentyabr 2014-cü il tarixində 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınmasına görə təşəkkür edib, bu tarixi addımın ölkəmiz üçün əhəmiyyətini önə çəkib. Ümumiyyətlə, Sudan tərəfindən Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq təşkilatlar çərçivəsində dəstəklənməsini yüksək qiymətləndirib.

Görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məhəmməd Sirrac öz növbəsində ölkəsi üçün Azərbaycanın yaxın dost dövlət olduğunu bildirib, Sudanın da separatizm meylləri ilə üzləşdiyinə diqqət çəkərək, Azərbaycanı yaxşı anladıqlarını söylətib və bundan sonra da istənilən beynəlxalq platformada eyni mövqedən çıxış edəcəklərini vurğulayıb.

Sonda Sudandan olan qonağa Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilib.

Check Also

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər …