53 nəfər xəstəxanaya aparılıb
Sumqayıtda yerləşən zavodlardan birinin işçiləri kütləvi şəkildə zəhərlənib. Hadisə iyunun 10-da günorta saatlarında baş verib.
Sumqayıtdakı 1 nömrəli şəhər xəstəxanasına 53 nəfər zəhərlənmə diaqnozu ilə daxil olub. Onlardan 48 nəfəri kişi, 5-i isə qadındır. Həkimlər ilkin müayinədən sonra onların qidadan zəhərləndiyi qənaətinə gəliblər.
Zavodun işçilərinə tibbi yardım göstəriləndən sonra hamısı ambulator müalicə üçün evə buraxılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.
Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb
İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qidadan zəhərləndiyi məyyənləşdirilib.
Zəhərlənmənin səbəbini araşdırmaq üçün Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülüb, müvafiq ekspertizalar təyin edilib.