Cümə , 27 Sentyabr 2024
Drone Cameras

Suriya böyük güclərin açıq döyüş meydanına çevrilir… Rusiya ABŞ-ın Suriyadakı örtülü kartlarını açır…

ABŞ və Fransanın Əsədə qarşı hücum planı… Türkiyə ordusu İdlibdə Əsəd qüvvələri ilə üz-üzə gəlir…

ABŞ-ın Suriyada müttəfiq kimi gördüyü, daha çox PKK/PYD terrorçularından ibarət olan “Suriya Demokratik Qüvvələri” (SDQ) əsir aldığı 400 İŞİD terrorçusunu keçən ay azadlığa buraxıb, 120 İŞİD-çi isə PKK/PYD yaraqlılarına qoşulub. Baki-xeber.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassili Nebenzia Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

İŞİD-in neft gəlirlərinin azaldığını və keçən ilin sonlarında neft və təbii qaz qaçaqmalçılığından əldə etdiyi gəlirlərin aylıq 2 milyon dollar olduğunu deyən Nebenzia, terrorçuların müasir texnologiya ilə internet vasitəsilə gəlir qaynaqlarını artırmağa çalışdığını bildirib.

İŞİD-ə birbaşa, ya da dolayı yolla dəstək verənlərin məsuliyyət daşıdığını, ancaq keçən ay bu mövzuda pozuntular yaşandığına diqqəti çəkən Nebenzia, PYD/PKK-nın keçən ay Suriyada 400 İŞİD-çini sərbəst buraxdığını, 120 İŞİD-çinin isə SDQ sıralarına qatıldığını deyib. Nebenziya görməzdən gəlinən bu problemin terrorçulara qarşı ikili standart tətbiq edildiyinin göstəricisi adlandırıb.

Bundan əvvəl isə Rusiya xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarını Suriyanı bölüşməyi planlaşdırmaqda ittiham edib. O, Moskvanın Vaşinqtondan bu planların tam olaraq nədə ibarət oladuğunu soruşacağını deyib. “Göründüyü kimi, amerikalılar, legitim hökumətin dəvəti olmadan bu ölkədə mövcudluğunun yeganə səbəbi İŞİD və digər terrorçuları məhv etmək olduğu yönündə bizə verdikləri sözlərdən uzaqlaşdılar. İndi, bu ölkədəki varlıqlarının, burada rejim dəyişikliyinə səbəb olan sabit siyasi həll prosesi başlayana qədər davam edəcəyini deyirlər” – Lavrov əlavə edib.

Qeyd edək ki, iki gün əvvəl ABŞ-ın liderlik etdiyi anti-İŞİD koalisiyası Suriyada Əsəd rejimi tərəfdarlarını bombalayıb. Hadisəyə sərt reaksiya verən Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, ABŞ-ın əsas məqsədi Suriyanın iqtisadi aktivlərini ələ keçirməkdir: “Son hadisələr bir daha göstərdi ki, ABŞ-ın Suriyadakı qanunsuz fəaliyyəti İSİD-lə mübarizə deyil, Suriyaya aid olan iqtisadi aktivləri ələ keçirməkdir”.

Rusiya XİN sözçüsü Mariya Zaxarova isə bəyan edib ki,  ABŞ-ın Suriyada qurduğu təhlükəsizlik bölgələri İŞİD terrorçularını hökumət qüvvələrindən gizlətməyə xidmət edir: “ABŞ-ın Suriyanın cənubunda Tanf bölgəsində hərbi bazası yaxınlığında 55 kilometrlik ərazidə qurduğu təhlükəsizlik bölgəsi İŞİD-in geri qalan yaraqlıları tərəfindən istifadə edilir. İŞİD terrorçuları həm bu bölgələrdən gizlənmək, həm də təlim keçmək və silahlanmaq üçün istifadə edir”.

Bu arada, “The Middle East Eye” xəbət portal diplomatik mənbələrə istinadən məlumat yayıb ki, ABŞ və Fransa Suriyanın hökumət güclərinə qarşı yeni hava hücumları planlaşdırır. Xəbərdə mənbələrə istinadən, keçən il ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronun, Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə edəcəyi halda buna qarşı birgə cavab vermək qərarı xatırladılır. Mənbələr hazırda ABŞ və Fransanın Əsəd rejiminə qarşı hücum planlaşdırdığını deyib. Bunun səbəbinin isə Suriya ordusunun bir müddət əvvəl mülki vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsi olduğu bildirilir.

Suriya müxalifətinə yaxın diplomatik mənbə isə, ABŞ-ın Vyana və Soçidəki nəticəsiz danışıqlardan sonra Suriyada Rusiyaya qarşı daha sərt və daha aqressiv mövqe tutmaq qərarı verdiyini iddia edib.

Bununla yanaşı Türkiyə-İran-Rusiya üçlüyünün ABŞ-ı daha da küncə sıxışdırmasına qarşı Vaşınqtonun Suriyada daha sərt addımlar atacağı ehtimal edilir. Çünki Türkiyə Afrindən sonra hədəfin ABŞ əsgərlərinin də olduğu Menbiç bölgəsi olacağını bəyan edir və ABŞ-dan bölgədəki əsgərlərini çıxarmağı israrla tələb edir. Amerikanın müdafiə naziri Ceyms Mettis də bununla bağlı Ankaradan ciddi təzyiqlərin olduğunu deyib.

Ümumiyyətlə buradan çəkilməsi ABŞ-ın bölgədəki yeganə müttəfiqi kürd silahlıları itirmək deməkdir. Ancaq ABŞ da bölgədən çıxmaq niyyətində deyil, bu isə iki NATO ölkəsinin Suriyada qarşı-qarşıya gəlmə ehtimalını artırır.

Suriyada Afrin əməliyyatı ilə digər böyük oyunçuların planlarını alt-üst edən Türkiyənin Əsəd rejimi ilə də toqquşma ehtimalı yaranıb. İngiltərənin “Times” qəzeti yazır ki, Türkiyə ilə Suriya rejimi ölkənin şimal-qərbində qarşı-qarşıya gəlib. Məlumata görə, son günlərdə Türkiyə İdlib əyalətinə və Hələb əyalətinin cənub-qərbindəki bölgələrə əsgər və hərbi texnika göndərib. Əsas hərbi qüvvələr rejim mövqelərindən cəmi bir neçə km aralıda olan El Eis kəndinə yerləşdirilib.

Xəbərdə qeyd edilir ki, Türkiyənin Suriyanın şimal-qərbində təhlükəsizlik bölgələri yaratmasına Rusiya və İranla əldə edilən razılaşma çərçivəsində yaşıl işıq yandırılıb. Ancaq Türkiyə ordusunun El Eis kəndinə, Əsəd qüvvələrinin atəşkəsi pozaraq İdlib əyalətinin içlərinə doğru irəlilədiyi bir vaxtda yerləşdirməsi diqqət çəkir: “Türk ordusu bölgədə Əsəd rejiminin qarşısına çıxır”. (Tahir, “Bakı Xəbər”)

Boyukmillet.com

 

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir