Şənbə , 18 May 2024
Drone Cameras

Şuşa Bəyannaməsi – Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən mesaj

Azərbaycanla Türkiyə arasında müasir tariximizin ən mühüm hadisələrindən biri olan müttəfiqlik Bəyannaməsinin Şuşa şəhərində imzalanmasından iki il ötür. Şuşa Bəyannaməsinin imzalanması tariximizin ən parlaq və ən şanlı səhifələri sırasında daim qalacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki qardaş dövlətin münasibətlərinin zirvəsidir.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Şuşa Bəyannaməsi qardaşlığımızın yeni tarixi mərhələsini təşkil edir. Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Eyni zamanda, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, iki ölkənin dövlət başçıları tərəfindən müttəfiqlik haqqında Bəyannamənin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinə öz möhürünü vurdu. Burada ən mühüm məqam ondan ibarətdir ki, tərəflər təhlükəsizlik amilinə xüsusi önəm verirlər. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Hesab edirəm ki, bu fakt Ermənistana və onun havadarlarına qarşı ciddi mesaj oldu. Bəyannamənin Qarabağın tacı olan qədim Şuşa şəhərində imzalanması isə xüsusi məna kəsb edir.

Bundan sonra Azərbaycanla Türkiyənin birliyinin daha da möhkəmləndiyini vurğulayan Fatma Yıldırım deyib: “Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları da öz əksini tapıb. Beləliklə, Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Eyni zamanda, Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək.

Şuşada Türkiyənin konsulluğunun açılması da nəzərdə tutulur ki, bunun da önəmi çox böyükdür. Beləliklə, Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir”.

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …