Samir Adıgözəlli: “Mənimsənilən həmin milyonlar Azərbaycanın dövləti maraqlarının qorunması, təbliğinə yönəlsəydi hansı nəticələr olardı…”
Keçmiş səfir Eldar Həsənovun barəsində cinayət işinin Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan istintaqı tamamlanıb.
Baş Prokurorluqdan yayılan məlumatda deyilir ki, istintaq Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə yol verdiyi mənimsəmə əməllərini sübuta yetirib. Belə ki, E.Həsənovun “qabaqcadan əlbir olan bir qrup şəxs halında” 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir. Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra 12 il Rumıniyada, 2013-cü ildən isə Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olub. 66 yaşlı Eldar Həsənov ötən il avqustun 13-də saxlanıb. O, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan Xarici İşlər Nazirliyi əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. İttihamlar təsdiq olunarsa, barəsində 7 ilə qədər həbs cəzası çıxarıla bilər. Eldar Həsənov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.
İstinaq Eldar Həsənovun son 10 il ərzində dövlət büdcəsindən səfirliyin fəaliyyəti üçün ayrılan 30 milyon məbləğində vəsaiti mənimsədiyini sübut edib. Hər halda bu, az miqdar deyil. Biz bəzən səfirlikılərimizin zəif fəaliyyətini görürük. Onların başlıca işlərindən biri də Azərbaycan həqiqətlərini təmsil olunduqları ölkənin ictimai rəyinə, dövlət qurumlarına təqdim etməkdir. Bu zəif fəaliyyətin bir səbəbini də dövlətin ayırdığı vəsaitlərin səfirlər tərifindən mənimsənilməsi ilə əlaqələndirmək olarmı?
“Boyukmillet.com” xəbər verir ki, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində vəziyyət heç də ürəkaçan deyil: “Xüsusilə də uzun müddət XİN-ə rəhbərlik etmiş Elmar Məmmədyarovun dönəmində olan fəaliyyət qüsurlu idi. Biz həmin vaxt da bu neqativliklər barədə danışırdıq, tənqid edirdik. Təəssüf ki, tərsini görürdük, kimi tənqid edirdiksə Elmar Məmmədyarov həmin adamı daha böyük ölkəyə səfir göndərirdi. Biz xaricdə daim layihələr icra etmişik. Həmin vaxt görürdük ki, əksər ölkələrdəki diasporumuzla səfirliklər yola getmir. Buna görə də, bir-birilə prinsipə gedərək, təmsil olunduqları ölkələrdə baş tutan tədbirlərin keçirilməsinə maneçiliklər törədirdilər. Dəfələrlə müxtəlif ölkələrdə analoji halların şahidi olmuşuq. Əslində isə səfirliklərin üzərinə böyük məsuliyyət düşür. Əksinə, onlar narazıları vahid amala görə öz ətrafında birləşdirməlidir. Yəni səfirlərin şəxsi baxışları, intriqaları dövlət maraqlarını üstələyirdi. Bu da yolverilməzdir. Azərbaycan dövləti xaricdəki səfirliklərimiz üçün kifayət qədər vəsait ayırır. Həmin pulun müqabilində görülən işlər heç də lazımi səviyyədə deyil. Eldar Həsənovla bağlı məsələdə biz külli miqdarda vəsaitin səfir tərəfindən mənimsənildiyinin şahidi oluruq. Bunu biz yox, istintaq deyir. İndi fikirləşin ki, mənimsənilən həmin milyonlar Azərbaycanın dövləti maraqlarının qorunması, təbliğinə yönəlsəydi hansı nəticələr olardı. Bu hal bir daha sübut edir ki, diplomatik korpusda yenilənmə mütləq aparılmalıdır. Son vaxtlar bəzi dəyişikliklərin şahidi oluruq. Yenilənmə daha geniş arealı əhatə etsə yaxşı olar. Mənmsənilən məbləğ kifayət qədər çoxdur. Onlar bu əməllərlə ölkəmizə yalnız maddi deyil, həm də dərin mənəvi zərbə vurublar. Çünki həmin vəsaitlə ölkəmizin xeyri üçün ciddi işlər görmək olardı”.
Məhəmmədəli QƏRİBLİ