“Türklərin məskunlaşdığı bölgələrin fraksiyasının təşkili həmin bölgələrin daha çox inkişafına səbəb olacaq. Bu fraksiyanın yaradılması digər əyalətlərdən ayrılmaq anlamında deyil, həmin bölgələrin inkişafı üçün nümayəndələrin birləşməsi məqsədi daşıyır”.
Bu sözləri APA-nın Tehran bürosuna açıqlamasında İran parlamentinin Təbrizdən olan nümayəndəsi Əhməd Əlirzabeygi deyib.
Ə. Əlirzabeygi bildirib ki, türklərin məskunlaşdığı bölgələrin inkişafı fraksiyasının müvəqqəti rəyasət heyəti yaradılıb: “Hazırda parlamentin rəyasət heyətinin fraksiyanın təşkili ilə bağlı qərarını gözləyirik. Məsələ baxılması üçün növbədədir”.
Ə. Əlirzabeygi qeyd edib ki, Azərbaycan və İran müştərək tarixə, mədəniyyətə malikdir, oxşarlıqları çoxdur: “İran həmişə Azərbaycana münasibətdə xeyirxah olmağa çalışıb, buna nümunə kimi viza rejiminin İran tərəfindən birtərəfli ləğvini, Naxçıvan və Azərbaycanın digər hissəsi arasında əlaqəni öz ərazisi vasitəsilə təmin etməsini göstərmək olar. Eyni zamanda, çalışmışıq ki, baş vermiş münaqişə bizə yaxın olan Azərbaycan xalqına ziyan vurmasın. Ermənistan-Azərbaycan münaqişəsində bizim Azərbaycana etdiyimiz yardımlar danılmaz faktdır. Lakin bəzi qüvvələr, o cümlədən sionist rejimi İran və Azərbaycan arasında siyasi və iqtisadi yaxınlaşmaya maneçilik yaradır”.
Ə. Əlirzabeygi qeyd edib ki, iki ölkənin potensialından əməkdaşlıq üçün istifadə etmək hər iki ölkənin xeyrinə olacaq: “Biz Azərbaycanın nə kimi potensiala malik olduğunu bilirik və gözləyirik ki, Azərbaycan öz imkanlarından yararlanaraq İrana yardım etsin. Eləcə də Azərbaycan İranın imkanlarından istifadə edə bilər. Bu gün iki ölkənin dəmir yolu xətlərinin birləşdirilməsi bizim üçün çox önəmlidir. Bu dəmir yolu bizim Rusiya və Avropa dəmir yoluna birləşməmizə şərait yaradır və digər tərəfdən, İran Azərbaycan üçün bu imkanı yaradır ki, öz dəmir yolunu Fars Körfəzi ölkələrinə birləşdirsin”.