Bazar , 19 May 2024
Drone Cameras

Tahir Əmiraslanov: “Restoranlar müflis olacaq”

Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına əsasən, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) də “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər əsasında qaydalar hazırlayıb. TƏBİB-dən verilən məlumata görə, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik:

1. Yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır.
2. Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir.
3. Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır.
4. Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalararası məsafələr 2 metrdən az olmamalıdır.

Məlum olduğu kimi, ictimai iaşə müəssisələri mart ayından etibarən öz fəaliyyətini dayandırıb. Bu cür müəssisələrin fəaliyyətini dayandırması isə öz növbəsində bir sıra sahələrə ciddi təsir edir.

Mövcud şəraitdə təqdim olunan şərtlər daxilində iaşə müəssisələrinin fəaliyyət göstərməsi mümkün olacaqmı? Restoran və kafe sahibləri həm sanitar qaydalara əməl etmək, həm də gəlirlərini qorumaq üçün necə fəaliyyət göstərməlidir?

Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində bunlar yeni qaydalar deyil:

“Müştərilərin arasındakı məsafədən başqa bu, belə də olmalı idi. Bu qaydalar peşə məktəblərində də, kolleclərdə də, institutlarda da tədris olunur. Əgər əvvəl 12 nəfəri bir yerdə otuzdururlarsa, heç də o demək deyil ki, bu, qaydalara uyğun idi. Amma məsələnin başqa tərəfləri var. Məsələn, ofisiant maska taxaraq, müştəriyə qulluq edir, müştəri də ağzını bağlamalıdırmı? Axı o da xəstələnə bilər. Müştərinin ağzını bağlaması isə mümkün deyil”.

Şadlıq sarayında ofisiantların gündəlik 10 manat müqabilində və müqaviləsiz çalışdığını deyən baş kulinar bildirir ki, onların aylıq məvacibi 200-250 manat həcmində olur:

“Ofisiantlar 3 aydan bir müayinədən keçməlidirlər. Bunun üçün ən azı 200 manat vəsait lazımdır. Ayda 250 manat alan ofisiant, aşbaz, xadimə bu pulu verib, müayindən keçəcəkmi? Deməli, onlar xəstəlik yayacaqlar. Restoran sahiblərinin isə gəlirləri aşağı olduğu üçün bunu ödəməyəcəklər”.

Tahir Əmiraslanov deyir ki, restoranlar açılsa da, işləyə bilməyəcək:

“Ölkəyə gələn turistlərin qarşısı kəsilib. Ölkə daxilində isə inflyasiya qorxusu olduğu üçün insanlar pullarını restoranda xərcləməyəcək . Digər faktor isə ondan ibarətdir ki, restoranlarda nahar edən təbəqə də artıq evdə yemək yeməyə adət edib. Ümumiyyətlə, hesablanmış qaydalara görə, 180 yerlik restoranda 6 nəfər oturub yemək yeyirsə, onlar yalnız zalın işıq pulunu ödəyir. İndi 500 yerlik restoranda 150 nəfərin oturması qaydasının tətbiq edilməsi gəlirləri daha da azaldır. Hesab edirəm ki, əgər vəziyyət düzəlməyə doğru gedərsə belə, restoranlar minimum yanvar- fevral aylarına qədər bu şərtlər altında işləyə bilməyəcəklər. Əgər dövlət onların əlindən tutub, vəziyyətdən çıxarmasa, restoranlar müflis olacaq. Bu zaman isə onlarda çalışan insanlar işsiz qalacaqlar. Bu, çox böyük bir kütlədir”.

Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti deyir ki, restoranların işləməməsi fermerlərə, kənd təsərüfatı məhsullarının restoranlara çatdırılması sahəsində xidmət göstərənlərə, musiqiçilərə də təsirsiz ötüşməyəcək:

“Böyük bir sənaye dayanmış olur. Zəncirvari qaydada bu, çox ağır nəticələr verə bilər. Amma dövlət hazırda epidemiya ilə mübarizə məqsədilə vəsait ayırıb və hesab edirəm ki, dəstəyini bundan sonra da davam etdirəcək. Restoranda çalışanların müayinədən keçirilməsi dövlət hesabına ola bilər. Addım-addım bu sahəni vəziyyətdən necə çıxarmağın lazım olduğu düşünülməlidir. Əks təqdirdə, restoranı bağlamaq daha sərfəli olacaq”.

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …