Cümə , 19 Aprel 2024
Drone Cameras

Tanınmış şəxsləri intim video ilə şantaj edən Meri kimdir? – Kiber cinayətin izi ilə

Son dövrlər “facebook” sosial şəbəkəsində saxta qız profilləri ilə Azərbaycanın tanınmış simalarına qarşı həyata keçirilən şantaj videolar səngimək bilmir. Bir-birinin ardınca tirajlanan intim video görüntülər deməyə əsas verir ki, bu biabırçı olayların arxasında böyük bir kiber cinayətkar quruplaşma dayanır.

Maraqlıdır, həqiqətənmi ömrünün ahıl dönəmini yaşayan tanınmış simalar sosial şəbəkələrdən onlara zəng edən qızların isti sözlərinə aldanıb ehtiraslarına hakim kəsilə bilmirlər? Və yaxud onları soyunduran, qeyri-etik hərəkətlər etməyə vadar edən sirrin səbəbi nədədir? Ehtiras, qəzəb, yoxsa psixoloji çatışmazlıq? Sözün düzü, son günlər sosial şəbəkələrdə yayılan videoların çoxunu dönə-dönə izləyib uzun illər video montajla məşğul olan peşəkar jurnalist kimi bunun montaj və yaxud gerçək olmasını araşdırmağa çalışmışam. Görünən odur ki, görüntülərin əksəriyyətində kadr kəsikliyi yoxdur və yayılan video görüntülərin bir qismi həqiqəti əks etdirir.

İnandırıcı deyil ki, uzun illər ölkəmizin ictimai, siyasi, elmi, dini və mədəni həyatında fəallıq göstərən bir şəxs “facebook” üzərindən ona zəng edən bir qızın isti sözlərinə aldanıb onun qeyri etik hərəkətlərinə qarşılıq versin. Bütün hallarda onların heç bir hərəkətinə haqq qazandırmaq fikrində deyiləm və məndə bu olayları şiddətlə qınayıram. Amma apardığımız jurnalist araşdırmamız baş verən biabırçı olayların arxasında kiber cinayətkar qruplaşmanın böyük ustalıqla işləyib hazırladığı insan (daha çox müsəlman) psixologiyasının dərin qatlarına təsir edən amillərin qabardılması ilə digər hislərin arxa plana ötürülməsi instinktinin qabarıq şəkildə ortaya çıxması reallığına nail olmalarıdır. Bu baxımdan videosu yayılan şəxsləri özündən çıxaran səbəblərin kökündə onların ehtiras hislərindən daha çox, psixoloji təsirə və şəxsiyyətlərinə qarşı deyilən təhqiramiz sözlərə mental yaddaşın dərinliyində ilişib qalan qəzəb instinktinin qabardılması ilə cavab vermələri dayanır.

Bəs nə baş verir? Bu olayların arxasında nə dayanır? Həqiqətənmi istənilən bir “facebook” gözəlçəsi evlərimizə daxil olub kişilərimizi çıl-çılpaq soyundurub onlarla məzələnə və ən pisi də onların bir ömürlük həyat fəaliyyətinə son qoya bilər? Nədən bu sualların cavabını ölkəmizdə fəaliyyət göstərən psixologiya və sosiologiya insitutları yerindəcə araşdırıb, normal insanı özündən çıxaran amillərin hansı dialoqdan sonra baş verməsini aydınlaşdırıb onun izahını ictimaiyyətə açıqlamırlar ? Və yaxud bu biabırçı olayları bəh-bəh deyib yayımlamaqla kiber cinayətkarların ayaqlarının altına daş qoyan saytlara və sosial şəbəkələrə nədən dur deyən yoxdur?

Əslində inkişaf etmiş ölkələrdə bu kimi düşünülmüş təxribatların qarşısı İnformasiya təhlükəsizliyi insitutları tərəfindən yerindəcə alınır. Çün ki, bu hadisələrin arxasında bir neçə şəxsin timsalında bir millətin aşağılanması, ələ salınması, təhqir olunması ilə yanaşı, mental dəyərləri zəngin çalarlara söykənən bir cəmiyyətdə böyülk-kiçik, ağsaqqal-ağbirçək münasibətlərini məhv etmək, dağıtmaq və parçalamaq siyasəti dayanır.

Kiber cinayətin şikarları 

Əlqərəz Ukrayna Milli Televiziyasının jurnalisti, köhnə dostum Maksim Kuliklə onların arıçılıq təsərrüfatı ilə tanış olmaq məqsədi ilə avtomobillə Jitomir şəhərinə doğru şütüyürük. Yolda həmişə olduğu kimi dünyada baş verən olaylar müzakirə obyektidir. Söhbətimizin şirin yerində Türkiyədən bir dostumdan gələn zəng müzakirənin mövzusunu başqa bir məcraya yönləndirir.

Dostumla kef-əhval tutduqdan sonra facebookdan ona bir qızın zəng etdiyini, qısa danışıqdan sonra montaj olunmuş video görüntü ilə şantaj olunduğunu ərz elədi. Pahoy, day denən ki, Kərbəlayı Yadulla İsmayılovu soyunduran qızın radarına düşmüsən ki)) Bax 20 gün qabaq jurnalist dostumuz Məhəmmədəli Qəriblinin “facebook” profilində bununla bağlı yazdıqlarını oxusaydın minaya düşməzdin deyə psixoloji gərginlikdə olan dostumu ovundurmağa çalışıram. Bir xeyli zarafatdan sonra ovsunlanmış sözləri ilə ilanı yuvasından çıxaran sehirbaz qızın profilini mənə göndərir ki, işdi qəzadı birdən o qız sənə zəng eləsə de ki, mən deyiləm. Nə isə son dövrlər “facebook” qəhrəmanlarının həyata keçirtdiyi kiber cinayətkarlıqlarla bağlı dostum Kuliki məlumatlandırmağa çalışıram. Nə qədər başa salmaq istəyirəm qafasına batmır.

Necə ola bilər ki, sosial şəbəkələrdən kimsə sənə zəng edə onun şirin sözünə uyub çılpaq soyunasan?- deyə gülümsəyir. Çox çək-çevirdən sonra qərara alırıq ki, dostumun göndərdiyi profili tapıb Merinin şirin sözlərinin sirrini öyrənək. Xeyli axtarışdan sonra Merini merilərin arasında fotosu ilə tapırıq. Maksimə kəmərini bərk bağla radara düşə bilərik deyib xanım Meriyə dostluq göndərirəm.

Bir az keçmir ki, həsrətlə yolumuzu gözləyən xanım Meri dostluğumuzu qəbul edir. Ədəb-ərkanla ona göndərdiyimiz salama eyni ədəb ərkanla mərhaba cavabını alırıq. Çox mutlu oldum tanışlığımıza. O da lap çox mutlu olduğunu bildirir. Türksənmi? Əvət. Mən də Azəri türküyəm. Sonra onun sualları başlayır. Harda yaşayıram, nə işlə məşğulam, Almaniyada olmuşammı, əlqərəz yavaş-yavaş isti sözlərin müşaiyəti ilə keçir əsas mətləbə. Məni çox sevdiyi italyan aktyoruna bənzətdiyini deyir. Məndə geri qalmayıb onu Kanada aktirisasına bənzədirəm. Bunun müqabilində iki qırmızı ürək işarəsi hədiyyə qazanıram. Xəsislik eləməyib onun böyüyündən 3 dənə də mən ona göndərirəm. Sanki bu ürəkləri onun idealı olduğu italyan aktyoru (guya mənim bənzərim) Fabio Rovazzidən alırmış kimi mənə təşəkkür edir. Sonra onun həyat idealı olduğu aktyorun bənzəri ilə görüntülü danışmaq istəyində bulunduğunu israr edir. Düşünürəm ki, yazıq Yadulla kişini kimə bənzədibmiş bu şoğərmiş. Əlqərəz Merini çox intizarda saxlamayıb Ravazzinin bənzəri ilə canlı yayıma qoşmaq qərarına gəlirik.

Lap nağıllarda deyildiyi kimi, altdan geyinib üstən qıfıllanıb Meridən gələn zəngi qəbul edirik. Yarı çılpaq halda ekranı zəbt edən Meri sanki, həsrətində olduğu Fabionu görürmüş kimi sevgi dolu baxışlarıyla mənə əl eyləyir. Məndə Kanadalı aktirisaya təzim olaraq səsli küylü salam verirəm. Meri əli ilə mənə sus işarəsi verir. Mesajla yazırki, babam, annem, ablam evdədir danışa bilmir. Yalnız bir birimizə baxa-baxa yazışa bilərik. Həə deyəsən dostumuzun nə sirri, hiyləgərliyi varsa bu andan başlayacaq. Nə qədər Merini dilə tuturam danış danışmır.

Bir-birinin ardınca yazdığı mesajların ardı arası kəsilmir. Yazışmalarda Meri Ravazzini görürmüş kimi ehtirasa gəldiyini deyə-deyə əynində olub qalanınıda çıxarır. Artıq açıq aydın görünür ki, bundan sonra baş verənləri xüsusi proqram yüklənmiş robot idarə edir. Şablon ifadələr və insanları tora salan isti sözlər işə düşür. Dostum Maksim Kulik Merinin haray həşirinə baxıb nə yazdığını soruşur. Artıq Radarda olduğumuzu hiss edib Merini blok edirəm.

Zavallı Maksim Kuliki müsəlman edən Meri

Əski dostumla yolumuza davam edirik. Araşdırmanın sona çatmadığından təəssüflənən Maksim öz facebook profilindən Merini tapıb ona dostluq göndərir. Bir azdan Meri bu dostluğu qəbul edir və eşq yazışmalarına start verilir. Hər şey təxminən eynidir.

Görünən odur ki, ilkin yazışmada pultun arxasında türk dilini təmiz bilən bir şəxs əyləşib. Çün ki, ilkin yazışmada aparılan sual-cavab arasında bir sinxronluq görünür. Sonrakı video görüntü xüsusi proqram yüklənmiş robot tərəfindən idarə olunur. Çünki, verilən suallara eyni şablon cavablar gəlir. Əl qərəz. Maksimi də Azərbaycanlı kimi qələmə veririk. Dostumla prosesi sonadək izləmək qərarında israrlıyıq . Yazışmanı mən aparıram. Bu dəfə Meri Maksimi İtalyan aktyoru Raul Bovaya bənzədir. Təbii ki, ssenari eynidir. Onu yoldan çıxarmaq üçün dəridən qabıqdan çıxır. Bizdə ona əlimizdən gələn ən gözəl komplimentləri deyirik.

Meri şikarını tam hazırladıqdan sonra onunla görüntülü danışımağı təklif edir. Ondan gələn zəng həmən cavablandırılır. Yarı çılpaq qızın əli üzündə qalır. Maksim necədə onun sevdiyi, dərdindən dəli divanə olduğu İtalyan aktyoru Raul Bovaya oxşayır jestini əl və üz hərəkətləri ilə tərəf müqabilinə çatdırır. İlk baxışdan Maksimdə bu gözəllik qarşısında əriyib muma döndüyü jestini nümayiş etdirir. Meri yenə danışa bilmir. Babası, annesi, ablası yanında olduğu üçün eşq məcarası yalnız yazışma ilə aparılır. Meri tora saldığı şikarını ehtirasa gətirmək üçün çılpaq soyunur. Erotik hərəkətləri ilə tərəfmüqabilinin ona qarışıq verməsini rica edir. Bir İnsanı yoldan çıxarmaq üçün nə qədər isti söz var erotik hərəkətlərin müşaiyəti ilə ilkin mərhələdə istifadə olunur.

Maksimin qarşılıqsız hərəkətlərindən məmnun qalmayan Meri danışıqların ikinci fazasına keçir. Bu dəfə psixoloji hücumlara start verilir. Sən erkek deyilmisen ? Olmaya xəstəliyin var? geysənmi? və.s təhqiramiz ifadələrlə tərəf müqabilini özündən çıxarmağa çalışır. Həəə! İndi anlamağa başlayıram ki, dağ rayonlarının birində lopa bığ, buxara papaq, kişi sözünün üstündə adamı iki yerə parçalamaq gücündə olan Kərbəlayı Yadulla kişini qəzəbləndirib özündən çıxaran sirrin kökündə nə dayanırmış. Onunla bağlı yayılan video görüntüdən də açıq aydın sezilir ki, Yadulla kişini evinin ortasında qəfil soyunduran ehtiras hissləri deyil, dayan mən sənə göstərərəm necə kişiyəm mənəmmənəmliyinin qəzəb və etiraz ritorikasıdır.

Axı necə ola bilər ömrünü ucqar bir dağ kəndində yaşayan, burma bığından və buxara papağından da göründüyü kimi bir elin obanın ağır taxtalı kişi imicini qazanmış bir şəxsin, özü də o kəndin baş mollasının qarşısını kəsib deyəsən ki, sən kişi deyilsən. Özü də harda-harda düz evinin ortasında. Burada bu məsələni saxlayıb bir olmuş hadisəni xatırlatmaq istəyirəm. Hərbi qulluqda olarkən bir tacik əsgərlik yoldaşımız vardı. Hündür boylu, enli kürəkli olmasına baxmayaraq sakit təbiətli idi. Ona verilən tapşırıqları dinməz söyləməz yerinə yetirərdi. Polu sil, qabları yu, yerləri yığışdır qəti etiraz etməzdi. Di, gəl bir dəfə ona deyəydin ki, “Tı ne mujçina” (yəni sən kişi deyilsən) vallahi, billahi kazarmanı adamın başına uçurardı.

Hətta bir dəfə o sözün üstündə bıçağı götürüb bir türkmənin böğazına soxub 21 günlük cəzaçəkmə kamerasında yatıb mujik olduğunu sübuta yetirmişdi. Təxminən Yadulla kişidə eyni psixologiyanın daşıyıcılarından biri kimi görünür. İnformasiya texnologiyalarından bixəbər olan bığı burma bir kişiyə zəng edən yarı çılpaq qız onu yalnız, sən kişi deyilsən, xəstəliyinmi var, yoxsa geysən kimi suallarla özündən çıxara bilərdi. Evinin həndəvərində qorxusundan quş belə uça bilməyən Yadulla kişiyə evinin ortasında durub belə bir söz demək olar?..

Yaxşı ki, o sözü ona deyən adam qarşısında deyil, telefonunun ekranında olub. Yoxsa Yadulla kişi soyuq silahını çıxarıb nəinki onun boğazına, hətta gözünə soxub 5-10 il türməyədə düşə bilərdi. Bəlkə də bu olayda Yadulla kişini Allah saxlayıb. Lap bu günün özündə kişi sözünün üstündə bir-birini öldürüb, bıçaqlayıb türməyə düşənlərin nə qədər olduğundan xəbərsizikmi ? Nə isə tacik dostumun xarakterini xatırlaya-xatırlaya Maksimi yolundan çıxarmaq üçün qeyri etik hərəkətləri ilə min bir oyundan çıxan Merinin son hədəfini gözləyirik.

Bir az keçmiş robotun proqramına yüklədiyi erotik videogörüntünün müddəti başa çatır və Maksimə bir videogörüntü göndərilir. Meri bu video görüntünün yayılmaması üçün Maksimdən onunla əlaqəyə çıxmasını yazır. Böyük həyəcanla video görüntünü izləyirik. Maksimin görüntüsünün sol pəncərəsində Merinin erotik səhnələri görünür. Və sonda zavallı Maksimin görüntüsünün altında avtomobildə oturan bir kişinin qurşaqdan aşağı ayıb yeri ilə oynayan erotik görüntüləri nümayiş etdirilir. Mən şok oluram. Maksimin isə qəhqəhəli gülüşü avtomobili bürüyür. “Sağ olsun Merini, məni müsəlman edib”, – deyə özünü saxlaya bilmir. Meri isə təkidlə onun göndərəcəyi bank hesabına təklif edəcəyi paranı göndərməyəcəyi təqdirdə həmin videogörüntünü Maksimin dostluğunda olan insanlara göndərib şantaj edəcəyini yazır. Maksimlə bir selfi foto edib hədiyyə olaraq Meri xanıma göndəririk. Qısa zaman kəsiyində xristian Maksimi müsəlman etdiyi üçün ona təşəkkür edirik. Bu dəfə insafsız Meri Maksimi bloka salıb növbəti şikarını axtarmaq üçün gözdən itir.

Həqiqətən də bu kiber cinayətkar qruplaşma son dərəcə təhlükəli və hiyləgərdir. Onların toruna düşən istənilən şəxs şantaja məruz qala bilər. Və düşünürəm ki, belə hallar kifayət qədərdir. Bu baxımdan hər bir şəxs, xüsusən də, gənc və yeniyetmələr son dərəcə eytiyatlı olmalı, sosial şəbəkələrdə bilmədikləri və tanımadıqları şəxslərin zənglərinə və yazışmalarına cavab verməməlidirlər. Əslində Azərbaycanda son dövrlər baş verən intim video şantajlar 1 il bundan öncə oxşar çalarlarıyla Misirdə, Yəməndə və bir sıra ərəb ölkələrində trend olub. Hətta kiber cinayətkarların toruna düşən bir neçə gəncin intihar etdiyi də qeydə alınıb.

Möhsün Qədiroğlu, jurnalist

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …