Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Tarixi abidələr diyarı – Naxçıvan

1982-ci ildən UNESCO-nun qərarı ilə hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bəşər sivilizasiyasının ən qədim ərazilərindəndir. Əcdadlarımız burada çox dəyərli maddi mədəniyyət nümunələri yaradıblar. Bu tarix və mədəniyyət abidələri xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən qiymətli yadigarlardır.

Əcəmi Naxçıvani qədim diyarda böyük memarlıq məktəbi yaradıb

Qədim Naxçıvan Şərqlə Qərb arasında mühüm karvan yolları üzərində yerləşdiyindən müxtəlif mədəniyyətlərlə geniş əlaqədə olmaqla, xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, məbədlər, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. 

Əcəmi Əbubəkr oğlu Naxçıvani böyük memarlıq məktəbi yaradıb, naxçıvanlı memarlar dünya mədəniyyətinə gözəl nümunələr bəxş ediblər. Bu memarlıq məktəbi Şərq memarlıq sənətinə də böyük təsir göstərib. Qayaüstü təsvirlərin qeydə alındığı Gəmiqaya abidəsi Naxçıvanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyətinin bu günədək gəlib çatan ensiklopediyasıdır. Gəmiqayadakı qayaüstü rəsmlər, müxtəlif kompozisiyalı təsvirlərlə birlikdə həndəsi işarələr, piktoqrafik yazılar ilkin insan təfəkkürünün, estetik baxışının, dünyagörüşünün, təsəvvürünün bu günə çatdırılması baxımından əvəzsiz mənbələrdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.

Muxtar respublikada abidələrin qorunması və bərpası diqqət mərkəzindədir

Bu gün dünyanın ən qədim insan məskənlərindən olan Naxçıvanda tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamına uyğun olaraq Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilib, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılıb. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilib, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində mühüm mərhələnin əsası qoyulub, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb.

Qədim diyarımızda 70-dən artıq abidəyə ikinci həyat verilib

Abidələr təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda, maddi mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Son illər qədim diyarımızda 70-dən artıq abidəyə ikinci həyat verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir.

Ötən il Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamı, Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadə, Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə Kompleksi, XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsü bərpa olunub. Bundan başqa, son illərdə qədim diyarımızda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa olunaraq istifadəyə verilib.

Abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür

Muxtar respublikada abidələrimizin tədqiq olunması və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpoziumların və konfransların keçirilməsi mühüm əhəmiyyət daşıyıb. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşrinə əsaslı təkan verib, beşminillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilib. Muxtar respublikada aparılan arxeoloji ekspedisiyalarda ABŞ, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrin arxeoloqları iştirak edirlər. 

Diyarımızdakı abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr edilməsi yalnız Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər nəşr olunan “Naxçıvan tarixi atlası”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala”, “Qarabağlar türbəsi”, “Naxçıvan imamzadələri”, “Naxçıvan hamamları”, “Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan – türk-islam mədəniyyəti abidələri” və başqa çoxsaylı kitablar bu sahədə görülən işlərin ardıcıllığını göstərir. 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar buradakı türk-islam mədəniyyəti abidələri ilə bağlı mühüm işlər görülüb, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” və başqa kitablar nəşr edilmiş, “Naxçıvan: türk-islam mədəniyyəti” televiziya filmi çəkilib.

Naxçıvanın abidələri diyarımızın turizm potensialının artmasında əhəmiyyətli rol oynayır

Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır.

Hər bir xalqın qədimliyi, ululuğu onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Əcdadlarımızın əziz yadigarlarını bərpa etmək, sabaha dünənin ən yaxşı ənənələrini aparmaq, keçmişi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir