Çərşənbə , 30 Sentyabr 2026
Drone Cameras

Tiflisdən gələn tərs bəyanatların pərdəarxası

Ekspert hesab edir ki, “Rusiya izi” haqqında iddiaları diqqətə almaq lazımdır, amma…

Gürcüstan Patriarxlığının Azərbaycanın Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı son bəyanatı Bakı-Tiflis münasibətlərində arzuolunmaz mübahisə yaradıb. Patriarxlıq Qaxda yerləşən Kürmük məbəddə aparılan işlərdən narahatlığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu yanaşmanı qəbuledilməz sayaraq bəyanatın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə münasibətdə ərazi iddiaları ehtiva etdiyini bildirib. Yeri gəlmişkən, Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərin sualına cavab olaraq bildirib ki, Azərbaycanla Gürcüstan hökumətləri arasında hər hansı bir gərginlik yoxdur, bütün məsələlər dostluq mühitində həll edilir.

 Moderator.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hökumət rəhbəri bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Gürcüstan Patriarxlığının Azərbaycan ərazisindəki Kürmük məbədi ilə bağlı bəyanatına verdiyi reaksiyanı şərh edərkən danışıb: “Bizim aramızda heç bir gərginlik yoxdur, Azərbaycan hökuməti ilə dostluq münasibətlərimiz mövcuddur. Bu dostluğa əsaslanaraq hər bir mövzunu çox rahatlıqla müzakirə edə bilirik. Gürcüstan və Azərbaycan hökumətləri arasındakı bütün məsələlər məhz belə bir dostluq rejimində nəzərdən keçirilir”.

Maraqlıdır ki, məsələ yalnız Bakı ilə Tiflis arasında mübahisə kimi qiymətləndirilmir. Gürcüstanda da Patriarxlığın mövqeyinə tənqidi yanaşanlar var və bəzi ekspertlər bu cür ritorikanın Azərbaycan-Gürcüstan münasibətlərinə mümkün təsirlərinə diqqət çəkirlər.

Minval.az xəbər verir ki, İlia Çavçavadze Mərkəzinin təsisçisi Zaza Bibilaşvili bildirib ki, Rusiya uzun müddətdir Gürcüstanla Azərbaycan arasında münasibətləri gərginləşdirməyə çalışır. Onun sözlərinə görə, bu baxımdan Kürmük məbədi ilə bağlı bəyanat xüsusi diqqət çəkir.

Bibilaşvili Patriarxlığın yanaşmasını Gürcüstanın özünün işğal olunmuş hesab etdiyi Abxaziya və Cənubi Osetiyadakı gürcü dini abidələrinə münasibətlə müqayisə edib. Onun fikrincə, həmin ərazilərdəki gürcü kilsələrinin taleyi ilə bağlı eyni səviyyədə narahatlıq nümayiş etdirilməməsi suallar doğurur.

Əgər Tiflisdə səslənən “Rusiya izi” iddiası doğrudursa, burada əsas sual Moskvanın hansı məqsədlə Azərbaycan-Gürcüstan münasibətlərində yeni həssas mövzu yaratmağa çalışa biləcəyidir. Bakı və Tiflis arasında enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində sıx əməkdaşlığın mövcud olduğu bir vaxtda belə mübahisələrin ortaya çıxması şübhəsiz ki, diqqət çəkir. Bu səbəbdən “Rusiya izi” versiyası hələ ki ekspert və ictimai-siyasi müzakirə səviyyəsində qiymətləndirilməlidir. O da mümkündür ki, bu versiyanı ortaya atmaqla Gürcüstanda Bakıya qarşı olan qüvvələri sığortalamaq istəsinlər.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Gürcüstan Patriarxlığının bəyanatının vaxtı və məzmunu təsadüfi görünmür: “Patriarxlıq rəsmi dövlət orqanı yox, dini qurum olsa da  Gürcüstanda xüsusi ictimai-siyasi çəkiyə malik olan, milli identiklikliyi və ictimai rəyi formalaşdıran güclü institutlardan biridir. Gürcüstanın bəzi ekspert və siyasi dairələrində hadisələrin arxasında mümkün “Rusiya izi” barədə fikirlər səsləndirilir. İddia olunur ki, Moskva uzun müddətdir Azərbaycanla Gürcüstan arasındakı münasibətlərdə problem yaratmaqda maraqlıdır və Kürmük kimi həssas tarixi-dini mövzular belə məqsəd üçün əlverişli vasitəyə çevrilə bilər. Azərbaycandakı bəzi dini abidələrin tarixi və konfessional mənsubiyyəti ilə bağlı Gürcüstanda irəli sürülən iddialar yeni deyil. Gürcüstan Patriarxlığı əvvəlki illərdə də Azərbaycandakı bir sıra pravoslav abidələri ilə bağlı məsələlər qaldırıb. Deməli, hazırkı mübahisənin daxili tarixi, dini və ictimai zəmini mövcuddur. Bu baxımdan bir neçə il bundan əvvəl Gürcüstanla Azərbaycanın sərhədində yerləşən Keşikçidağ (gürcülər onu David Qareci  adlandırır) məbədlər kompleksi ilə əlaqədar yaranan insidenti xatırlamaq yerinə düşər. Həmin vaxt Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya olunmamış hissəsində yerləşən kompleks ətrafında vəziyyət kəskinləşmişdi. Gürcüstan Patriarxlığı kompleksin daxilindəki 2 məbədin Gürcüstan ərazisində yerləşdiyini iddia edirdi. Patriarxlığın əsas  arqumenti bundan ibarət idi ki, guya həmin monastırların ərazi mənsubiyyətinə dair tarixi, mədəni, hüquqi və kartoqrafik qeyri-müəyyənlik yoxdur və buna görə onların Gürcüstana mənsubluğunu şübhə altına almaq olmaz. Eyni zamanda Gürcüstanın patriarxı maraqlı bir fikir də söyləmişdi. Patriarxa görə kilsə məsələsindən istifadə etməklə Azərbaycanla Gürcüstan arasında ciddi problemlər yaratmaq istəyən başqa qüvvə var və həmin qüvvə öz məqsədləri üçün həm bir, həm də digər ölkədə dayaq tapır. Buna görə də patriarx təxribatlara uymamağa çağırırdı. Sonradan gürcü ekspertləri və bəzi rəsmi qurumları başqa qüvvənin Rusiya olduğu iddiasını irəli sürdülər. Başqa sözlə, Azərbaycan ərazisində yerləşən bəzi tarixi dini abidələrə münasibətdə Gürcüstan Patriarxlığının mövqeyi və eyni zamanda “Rusiya izi” haqqında iddialar yeni deyil. Bu versiyanı tamamilə diqqətdən kənarda qoymaq düzgün olmazdı. Belə ki, Güney Qafqazda yeni nəqliyyat və enerji arxitekturasının formalaşdığı bir dövrdə Azərbaycan-Gürcüstan tərəfdaşlığının dayanıqlı olmasının regiondakı qüvvələr balansına təsir göstərən amillərdən biri olduğunu nəzərə alsaq,  tarixi-dini mövzuların siyasi qarşıdurmaya çevrilməsinə kimin maraqlı olması haqlı və mühüm sualdır”.

Ekspert dedi ki,  Kobaxidzenin “hökumətlər arasında gərginlik yoxdur” bəyanatı əhəmiyyətlidir: “O bildirib ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında heç bir gərginlik yoxdur və bütün məsələlər dostluq şəraitində müzakirə edilir. Bu açıqlamanın siyasi mənası kifayət qədər aydındır: rəsmi Tiflis patriarxlığın mövqeyi ilə Gürcüstan dövlətinin Azərbaycan siyasətinin eyniləşdirilməsində maraqlı görünmür, Kürmük məbədi ilə bağlı məsələnin Azərbaycan-Gürcüstan strateji münasibətlərinin gündəliyini müəyyənləşdirən siyasi böhrana çevrilməsini istəmir. Görünən budur ki, Gürcüstan dövlətinin rəsmi mövqeyi hazırda mübahisəni böyütmək deyil, onu idarə olunan çərçivədə saxlamaqdır. İndiki şəraitdə bunu ən məqsədəuyğun yanaşma hesab etmək olar: tarixi irs haqqında elmi və ya dini mübahisənin dövlətlərarası siyasi mübahisəyə çevrilməsinə yol vermək təkcə iki dövlət arasındakı münasibətlərə deyil, bütövlükdə regional sabitliyə və təhlükəsizliyə ziyan vurur”.

Check Also

SEPAH-dan Hörmüz boğazı ilə bağlı ŞOK BƏYANAT

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Mohebbi Hörmüz boğazındakı gəmi hərəkəti ilə …