Azərbaycanda son 9 ildə tikinti obyektlərində 1677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən olunub.
Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin tikinti obyektlərində əmək münasibətlərinin vəziyyətinin araşdırılması məqsədilə keçirdiyi yoxlamaların nəticəsində məlum olub.
Qurumdan verilən məlumata əsasən, mərkəz fəaliyyətə başladığı dövrdən (2017-ci il 28 aprel) bu günə qədər 380 səyyar yoxlama həyata keçirib. Bu monitorinqlər çərçivəsində ümumilikdə 13 291 nəfər yoxlanılıb və onlardan 1 677 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən olunub. Yoxlanılmış işçilərin 555 hüquqi və fiziki şəxsi təmsil etdiyi aşkarlanıb.
“Monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az işçinin cəlb olunması ilə bağlı 238 işəgötürən, 10 və daha çox işçinin cəlb olunması ilə bağlı isə 51 işəgötürən üzrə pozuntu halları qeydə alınıb. Aşkar edilmiş pozuntular üzrə ümumilikdə 2,526,700 manat məbləğində cərimə və maliyyə sanksiyaları tətbiq edilib.
Son 9 il ərzində Bakı şəhərində yerləşən 547-dən çox tikilməkdə olan çoxmənzilli yaşayış obyektində işçi və işəgötürənlərlə maarifləndirici görüşlər təşkil olunub. Görüşlər zamanı qeyri-formal məşğulluğun səbəbləri müzakirə edilib, həlli yolları təqdim olunub və metodiki tövsiyələr verilib. İlkin dövrlə müqayisədə çoxmənzilli yaşayış binalarının inşasında qeyri-formal məşğulluğun səviyyəsi dörd dəfədən artıq azalıb.
380 səyyar yoxlama tədbirinin nəticəsi olaraq yalnız monitorinq edilmiş işəgötürənlər üzrə ümumilikdə 357 040 əmək müqaviləsi imzalanıb”, – məlumatda qeyd olunub.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
