Həbsxanada aclıq aksiyası keçirən ictimai-siyasi fəal Tofiq Yaqublunun səhhətinin kəskin şəkildə pisləşdiyi bildirilir.
Tofiq Yaqublu artıq 24 gündür həbsinə etiraz olaraq aclıq aksiyası keçirir. Uzunmüddətli aclıq fonunda onun səhhətində ciddi problemlərin yarandığı açıqlanıb.
Bu barədə Yaqublunun vəkili Fəxrəddin Mehdiyev onunla təcridxanada görüşdükdən sonra məlumat verib.
Vəkilin sözlərinə görə, müəssisənin həkimi tərəfindən müayinə edilən Tofiq Yaqublunun arterial təzyiqi 85/60 olub, çəkisi isə 80 kiloqrama düşüb.
Yaqublunun baş ağrıları artıb və şiddətlənib, yeriməkdə çətinlik çəkir, səsi zəifləyib. Vəkil həmçinin onun normal şəkildə su qəbul edə bilmədiyini bildirib.
Həkimin müəssisəyə buraxılmasına niyə imkan verilmir?
Fəxrəddin Mehdiyev bildirib ki, bütün müraciətlərə baxmayaraq, həkim Adil Qeybulla Tofiq Yaqublunu müayinə etmək üçün müəssisəyə hələ də buraxılmır.
Belə bir vəziyyətdə, 24 gündür aclıq aksiyası keçirən şəxsin müstəqil həkim tərəfindən müayinə olunmasına imkan verilməməsi ciddi suallar doğurur.
Yaqublunun səhhətinin hər ötən gün daha da ağırlaşdığı bildirilir. Aclıq aksiyasının uzanması fonunda onun sağlamlığı ilə bağlı narahatlıqlar da artır.
Mirağa
Boyukmillet.com
Boyukmillet.com Biz yanmasaq vətən yanar
