Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və milli kitabxanaları tərəfindən Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə anma mərasimi keçirilib.
TÜRKSOY-un mənzil-qərargahında keçirilən mərasimdə türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, paytaxt ictimaiyyətinin nümayəndələri, səfirliyimizin əməkdaşları, ədəbiyyatsevərlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirin əvvəlində görkəmli şairin dərin mənalı həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub. Filmdə ulu öndər Heydər Əliyevin Səməd Vurğunun “Azərbaycan” şeirini söylədiyi tarixi məqamlar da yer alıb.
Mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Milli Məclisin üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və digər şəxslərin çıxışları dinlənilib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixi şəxsiyyətlərinin, o cümlədən ədiblərin adlarının əbədiləşdirilməsinə, həmçinin dünyada tanıdılmasına daim diqqət və qayğı göstərib. Qeyd olunub ki, Səməd Vurğunun yubileyinin qardaş Türkiyədə qeyd olunması bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin tərkib hissəsidir. S.Vurğunun anadan olmasının 110 illiyinin Türkiyədə qeyd olunması türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndirilib.
Bildirilib ki, görkəmli şair özünün zəngin poeziya istedadı ilə bütün türk dünyasında silinməz izlər qoyub. O, nadir yaradıcılıq üslubu ilə Azərbaycan dilinin qorunmasına böyük töhfələr verib. Qısa ömür yaşasa da, ustad şair həmişəyaşar əsərləri ilə poeziyasevərlərin qəlbində özünə əbədi yer qazanıb. Qədirbilən Azərbaycan xalqı onun yaradıcılığından sevə-sevə bəhrələnir. Ölkəmizdə ucaldılan şairin heykəlləri, adını daşıyan parkların salınması onun şəxsiyyətinə göstərilən ehtiramdır.
Mərasim çərçivəsində Səməd Vurğunun ədəbi yaradıcılığını əks etdirən kitablardan ibarət sərginin açılışı olub.
Sonda Əməkdar Artist Mehriban Zəki görkəmli şairin şeirlərini oxuyub.