Türkiyənin dastan yazdığı 15 İyul hadisələrindən 3 il ötür. Hadisələrin ildönümü ərəfəsində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “Eurasia Diary”ə müsahibə verib.
Müsahibədə ötənlərə nəzər salan cənab səfir Türkiyə-Azərbaycan münasibətlərindən, eləcə də son zamanlar daha çox müzakirə mövzusu olan S-400 və F-35-lə bağlı məsələlərdən də danışıb. boyukmillet.com müsahibəni təqdim edir:
– Cənab səfir, Türkiyədə baş verən 15 İyul hadisələrindən 3 il ötür. Qısaca o dövrə nəzər salaq. Siz o günləri necə xatırlayırsız?
– 15 iyulda yaşadıqlarımız, təbii ki, o olayların içində olanlar acısından dəhşətvericidir. Xalqın üstünə atəş açılması, parlamentin bombalanması, Ankara və İstanbulun üzərindən qırıcı təyyarələrin uçması və bu cür Türk Silahlı Qüvvələrinin içinə yerləşdirilmiş örgüt üzvləri, öz xalqına qarşı, bizdən bildiyimiz insanlara karşı bu şəkildə atəş açması dəhşətverici hadisə idi. Amma Türk milləti bu olayların öhdəsindən gəlməyi bacardı. Millət bir olaraq, birlik olaraq prezidentimizin çağırışıyla o gecə küçələrə axışıb xainlərin dərsini verdi. Bu gün 15 İyulla bağlı olaraq mən milli birliyin önəmi, bir araya gələrkən necə bir birlik meydana gəldiyini və Türk millətinin necə demokratiyaya bağlı olduğunu, öz iradəsinə necə sahib çıxdığını xatırlayıram.
O gecə təəssüf ki, 251 vətəndaşımızı şəhid verdik. Bu ildönümündə onları bir daha rəhmətlə anıram. Aradan 3 keçir və təbii ki, keçmişə baxıb hardan hara gəldiyimizi də çox yaxşı görmək lazımdır. Bu anda baxıram ki, örgütlə mücadilə məsələsində çox ciddi bir məsafə qət etdik. Türkiyədə örgüt mənsubları çox ciddi bir deşifrə edildi, ortaya çıxarıldı. Böyük bir qismi layiq olduqları cəzanı aldılar. Bu proseslər davam edir, istintaq, təhqiqat işləri gedir və böyük bir qismi sona çatıb. Çevriliş cəhdində iştirak edənlərin hamısı mütləq bunun bədəlini ödəyəcəklər. Ödüyürlər də. Bilirsiniz ki, aparılan təhqiqatlar nəticəsində çox sayda həbs cəzası verildi. Toplam olaraq 289 cinayət işi açılmışdı. Bunlardan 250 ətrafında cinayət işi başa çatdı, 40-a qədər cinayət işi hələ davam etdirilir. Hesab edirəm ki, örgüt üzvləri layiq olduqları cəzanı alacaqlar.
– Çevriliş cəhdində iştirak edən FETÖ üzvlərinin böyük bir hissəsi həbs edilməsinə baxmayaraq, örgütün başçısı Fətullah Gülən hələ də həbs edilməyib və Türkiyəyə ekstradisiya edilməyib. Ötən ilə kimi Fətullah Gülənin ABŞ-dan ekstradisiyası ilə bağlı danışıqlar olmasında baxmayaraq, son bir ildə bu istiqamətdə hər hansı bir xəbərlər yoxdur. Hazırda bununla bağlı nə kimi bir yenilik var?
– Ekstradisiya məsələsi bir tərəfdən hüquqi, bir tərəfdən də təbii ki, siyasi bir prosesdir. Bununla bağlı Amerika ilə danışıqlar kəsilmiş deyil. Ədliyyə Nazirliyimiz yenə bu məsələ ilə bağlı danışıqlar aparır, hüquqi vasitələrə əl atır, hüquqi səylər davam edir. Amma əlbəttə ki, işin siyasi tərəfi çox önəmlidir. Örgütün liderinə Amerikada sığınacaq verilməsi, orada yaşamasına şərait yaradılması, əlbəttə ki, Amerika ilə aramızdakı müttəfiqlik, dostluq münasibətlərinə heç bir şəkildə yaraşmır. Bu, heç bir şəkildə doğru bir davranış deyil. Terror başçısının Amerikadan tezliklə Türkiyəyə ekstradisiyasını istiyirik. Bu məsələdə israrlı tələblərimiz davam edir. Bizim bu məsələdə israrımızda, istəyimizdə heç bir azalma yoxdur. Eyni şəkildə davam etməkdədir. Amma dediyim kimi, bir tərəfdən hüquqi proseslər davam edərkən, bir tərəfdən də məsələnin siyasi tərəfləri var. Hamısı birlikdə dəyərləndirilir.
– FETÖ ilə mübarizədə Azərbaycanın Türkiyəyə dəstəyi barədə nə deyə bilərsiniz? Belə bir dəstək varmı?
– Əlbəttə var. Azərbaycan FETÖ ilə mübarizəyə 15 İyuldan öncə də başlamışdı. Azərbaycanın aldığı tədbirlər 3 ildən daha əvvələ gedir. Bu gün də Azərbaycanla tam, yaxın bir əməkdaşlıq içərisində FETÖ ilə mücadiləmizi davam edirik. Azərbaycan bu baxımdan bütün dünyaya örnək göstərilən bir ölkədir. Çevriliş cəhdindən dərhal sonra cənab prezidentimizə zəng edib “keçmiş olsun” diləklərini çatdıran ilk dövlət liderlərdən biri cənab prezident İlham Əliyevdir. Bizim gördüyümüz qədərilə Azərbaycanın o günkü qərarlığında heç bir şey azalmayıb və FETÖ ilə mücadilə məsələsində bizə hər cür dəstyəyi verməkdədir. Mən bu vəsilə ilə bir daha başda cənab İlham Əliyev olmaqla, Azərbaycanın bütün rəhbərliyinə bu məsələdə dəstəyinə, mövqeyinə görə təşəkkür etmək istəyirəm.
– Azərbaycan mətbuatında da ara-sıra məlumatlar yayılır ki, Azərbaycanın dövlət qurumlarında FETÖ-yə yaxın şəxslər var. Bununla bağlı sizdə hansısa məlumatlar varmı?
– Baxın, FETÖ xüsusilə Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycandan başlayaraq bütün türk cümhuriyyətlərindəki dövlət qurumlarına sızmaya başladı. Türkiyədəki prosesləri bilirsiniz. Nələr etdikləri, dövlətin içində nə cür yerləşdikləri ortaya çıxdı. Bu səylərini getdiyi digər ölkələrdə də həyata keçirməyə çalışdılar. Orda da bu fəaliyyətlərini davam etdirdilər, hiyləgər, alçaq planlarını burada da tətbiq etməyə başladılar.
Biz bütün ölkələrdən FETÖ-nün bu özəlliyinin çox yaxşı tanınmasını və buna görə addım atılmasını gözləyirik. Azərbaycan dediyim kimi bu məsələdə örnək ölkələrdən biridir. Bu təhdid sadəcə Türkiyəyə qarşı təhdid deyil, bütün ölkələrə qarşı bir təhdiddir. Və FETÖ-nün hər hansı bir yerdə bir dövləti ələ keçirmə səylərindən vaz keçməsi müzakirə mövzusu ola bilməz. Sadəcə bəlli zamanlarda, özünü təhlükəsizlikdə hiss etmədiyi zamanlarda bir az geri çəkilib görünürlüyünü azaltmağa səy göstərər. Amma örgütə qarşı hər zaman diqqətli olmaq lazımdır.
– Bu günlərdə Türkiyədə “Ergenekon” cinayət işinə xitam verildi, bütün şübhəlilər bəraət aldı. Bildiyiniz o zaman “Ergenekon” cinayət işi də FETÖ-nün qurma planı nəticəsində baş tutmuşdu və Türk Silahlı Qüvvələrinin baş qərargah rəisi də daxil olmaqla Türk generalları və zabitləri bir hiylə nəticəsində həbs edilmişdi. FETÖ-nün həm “Ergenekon” əməliyyatı, həm də 15 İyul çevriliş cəhdi Türk ordusunda bir mənəvi zərbə vurmuş oldu. Hazırda Türk ordusu o mənəvi sıxıntılardan qurtula bilibmi? Siz bu gün Türk ordusunun durumunu necə dəyərləndirirsiniz?
– Baxın, 15 İyuldan öncə FETÖ-nün Türk Silahlı Qüvvələrinə önəmli dərəcədə sızdığını bütün məlumatlar ortaya qoyur, bunlar açıq şəkildə görünür. Bu qurma cinayət işlərinin də FETÖ-nün prokurorları, hakimləri tərəfindən başladıldığını, cəzaların onlar tərəfindən verildiyini yenə hamımız gördük, bilirik. Bunların amacı Türk Silahlı Qüvvələrini və Türkiyə Cümhuriyyəti dövlətinə zərər verməkdir. Bütün bunlar artıq ortaya çıxdı. Fəqət 15 İyulda yaşadığımız bu hadisələr bizə eyni zamanda, dövlətimizi bu örgüt qalıqlarından, örgüt üzvlərindən təmizləmə fürsəti də verdi. Biz bu təmizləməni həyata keçirdikdən sonra dövlətimiz çox daha güclü hala gəldi. Baxın, həmin vaxt, 15 İyuldan dərhal sonra bəzi şeylər daha qərarlılıqla, daha təsirli şəkildə edilməyə başladı. Çünki içəridən həyata keçiriləcək fəaliyyəti sabotaj edəcək güclər qalmadı. Türk Silahlı Qüvvələri bəlkə generallarının, zabitlərinin, əsgərlərinin önəmli bir qismini 15 İyuldan sonra itirdi, bunların Silahlı Qüvvələrlə əlaqəsi kəsildi. Fəqət, Türk Silahlı Qüvvələri də digər bütün dövlət qurumları kimi artıq maneəsiz daha rahat hərəkət etmə imkanlarına qovuşdu. Çünki içəridən bir sabotaj müzakirə mövzusu idi. Bu dəqiqə bu sabotaj, əngəlləmə ortadan qalxmış vəziyyətdədir. Və inanın ki, Türk Silahlı Qüvvələri də, dövlətin bütün orqanları da artıq bu təmizlikdən sonra əvvəlkindən daha çox güclüdür. Bəlkə bəzi yerlərdə işçi çatışmazlığı səbəbindən bir az daha çox işləmək ehtiyacı ortaya çıxa bilər, amma bizlər bunu dövlətimiz, millətimiz üşün sevə-sevə edirik. Türkiyə dövlətində yaşayan bütün məmurlar, əsgərlər belə hamısı bu işləri sevə-sevə görür. Çünki gördüyümüz işlərdən bir nəticə alırıq. Türk Silahlı Qüvvələri 15 İyul çevriliş cəhdindən 40 gün sonra “Fərat qalxanı” əməliyyatını gerçəkləşdirdi. Bunu uğurla gerçəkləşdirdi. Ondan bir müddət sonra “Zeytun budağı” əməliyyatını həyata keçirdi. Örgütün Türk Silahlı Qüvvələri içində, Türk dövləti içində təsirli olduğu vaxtlarda bu işin həyata keçirilməsi bu qədər asan olmurdu. Bu dəqiqə daha təsirli, daha qərarlı və daha güclü bir şəkildə fəaliyyət göstəririk. Dolaysıyla bu prosesdən bütün dövlətimiz güclənərək çıxmışdır.
– Türk Silahlı Qüvvələrindən söz düşmüşkən, Rusiyadan aldığınız S-400 raket kompleksi Türkiyəyə nə vəd edir? Bu həm də Türkiyənin bölgədə daha güclənməsinə səbəb ola bilərmi?
– Baxın, Türkiyənin havadan müdafiəyə çox böyük bir ehtiyacı var. Türkiyəni havadan qoruyacaq “Patriot” kimi, S-400 kimi, ya da bunun bənzəri olan digər ölkələrin istehsal etdiyi sistemlərdən ölkəmizdə yox idi. Xatırlayırsıza, Türkiyə ta Birinci Körfəz savaşından başlayaraq, NATO müttəfiqlərindən “Patriot” raketləri tələb etdi.
Bu anda belə Suriya sərhədimizdə Suriyadan gələcək olan bir raket təhdidinə qarşı, bir hava hücumu ehtimalına qarşı havadan müdafiə kompleksimiz yoxdur. Türkiyə artıq bu istəyi NATO müttəfiqlərindən asılı olmadan öz imkanları ilə qarşılamaq arzusundadır. Çünki bizim buna həqitətən də böyük ehtiyacımız var. Hər dəfə bir ehtiyac ortaya çıxanda müttəfiqlərimizə “mənə bir “Patriot” gətir” demək həm doğru bir şey deyil, həm də zaman-zaman müttəfiqlərimiz bu mövzuda yetərincə istəkli də olmurlar. Altı ayda bir NATO-nun vəzifə prosesini uzatması lazımdır. Bu səbəbdən, Türkiyənin müdafiə sisteminə sahib olmasına ehtiyac var. Bununla bağlı ilk olaraq öz müttəfiqlərimizə müraciət etdik. Amerikaya müraciət etdik. Bilirsiniz, “Patriot” almaq mövzusunda hələ də Amerikayla təmaslarımız davam edir. Amerikalılar bizə “Patriot” raketlərini vermək istədiklərini söyləyirlər. Bu mövzuda təmaslarımız hələ davam edir. Fəqət bu mövzuda indiyə qədər qənaətbəxş cavabı Rusiyadan ala bildik. Ona görə də S-400 raketlərinin alınması gündəmə gəldi. Bu Türkiyənin bir ehtiyacıdır və bu ehtiyac mövzusunda Türkiyə qərarını veribdir. Hazırda siz də görürsünüz ki, bu raketlərin Türkiyədə yerləşdirilməsi ilə bağlı işlər davam edir. Artıq son mərhələyə gəldik.
– Bəs Amerika “Patriot”u nəyə görə bu vaxta kimi vermirdi, məhz S-400-lə bağlı Rusiya ilə anlaşdıqdan sonra vermək istəyir?
– Vallah bu sualı Amerikaya vermək lazımdır.
– F-35 lərlə bağlı Amerikanın yaratdığı problemlərlə bağlı nə deyə bilərsiniz? Türkiyə Amerikadan bu təyyarələri ala biləcəkmi?
– Baxın, Türkiyə Cümhuriyyəti olaraq, başda cənab prezidentimiz olmaqla bu mövzu ilə bağlı bütün səlahiyyətli şəxslərimiz həm S-400-lərin satın alınması, həm F-35-lə bağlı mübahisələr mövzusunda ictimaiyyəti yetərincə bilgiləndirdi. F-35 ilk gündən bəri bizim ortaq olduğumuz bir layihədir. Biz 35-ləri satın alarkən, eyni zamanda, öz emal etdiyimiz, istehsalında qatqımız olduğu təyyarəni almaq istəyirik. Bu mövzuda da istəyimizə çatacağımıza əminik.
– Cənab səfir, hazırda Azərbaycan-Türkiyə münasibətləri hansı səviyyədədir? Münasibətlərimizi necə dəyərləndirirsiniz?
– Türkiyə ilə Azərbaycanın arasındakı münasibətlərdə iki təməl prinsip var. Biri Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Eyni şey Azərbaycandan baxdığımızda Türkiyə üçün keçərlidir. Burada sizin aranızdayam, eyni dildə danışırıq. İkinci prinsipimiz ümummilli lider Heydər Əliyevin söylədiyi kimi “İki dövlət, mir millətik”. Türkiyə-Azərbaycan münasibətləri də həmişə bu prinsiplər təməlində formalaşır. Keçən il biz münasibətlərimizdə bir zirvə yaşadıq. 15 sentyabr 2018-ci ildə Qafqaz İslam Türk Ordusunun Bakıya gəlməsinin 100-cü ildönümü idi. Bu ildönümü münasibətilə keçirilən hərbi paradda eynilə 100 il öncə olduğu kimi iki ölkənin orduları yan-yana, çiyin-çiyinə birlikdə keçid törəni etdilər. Və bu keçid törənində dolayısıyla dünyada nadir olan bir şey yaşandı. İki ölkənin dövlət başçıları bu iki əsgəri birlikdə salamladılar. Bu, bizim münasibətlərimizdə bir zirvə nöqtəsidir. Və bu bizim münasibətlərimizin qardaşlığımıza yaraşan bir səviyyədə olduğunu, artıq strateji müttəfiqliyin də ötəsində bir-birimizlə çox yaxın olduğumuzu göstərən nümunəvi bir hadisədir. Bu gün münasibətlərimiz həqiqətən də çox yüksək səviyyəyə gəldi. Azərbaycan artıq Türkiyədəki ən böyük xarici investordu. Türkiyədə Azərbaycan qeyri-neft sektorunda ən böyük xarici investor oldu. Bu gün bu münasibətləri daha irəli aparmaq üçün çalışmalarımızı davam etdiririk. Gerçəkləşdirdiyimiz Bakı-Tiflis-Ceyhan boru xətti, Bakı-Tiflis-Ərzurum boru xətti, Bakı-Tiflis-Qars dəmir yolu xətti, TANAP, STAR kimi böyük layihələr sadəcə bölgəmizdə deyil, eyni zamanda, dünyanın enerji xəritəsini dəyişdirən, dünyanın siyasi xəritəsini dəyişdirən önəmli layihələrdi. Bu iki ölkə birlikdə olduqları zaman əl-ələ verdikləri zaman çox böyük uğurlu işlər görəcək gücdədirlər. Münasibətlərimizin bu gün gəldiyi səviyyə də buna uyğun bir şəkildə getməkdədir. Bunda bizim yol göstərənlərimiz iki ölkənin prezidentləridir, onların göstərdiyi istiqamətdə açdıqları yolda biz də dövlətin nümayəndələri olaraq əlimizdən gələni edibbu münasibətləri daha irəli aparmağa çalışırıq.
– Həyata keçirilən bəzi layihələr barədə məlumat verdiniz. Bəs qarşıda bizim bilmədiyimiz hər hansı yeni bir layihələr varmı?
– Bu mərhələdə əvvəlcə TAP layihəsini başa çatdırmaq lazımdır. TANAP-ın inşaası artıq başa çatdırldığını bilirsiniz və Azərbaycan qazı Türkiyə-Yunanıstan sərhədinə qədər getdi. Bundan sonrakı hədəf TAP-ın planlaşdırıldığı kimi 2020-ci ildə tamamlanmasıdır.
– Azərbaycandan Türkiyəyə planlaşdırılan Bakı-Tiflis-Qars sərnişin qatarı nə zaman gerçəkləşəcək?
– Vallahi bununla bağlı işlər gedir. Türkiyə, Azərbaycan və Gürcüstanın dəmir yolları idarələri bu məsələylə bağlı danışıqlar aparırlar, çox sıx şəkildə işləyirlər. İnşallah, o da yaxın zamanlarda başlayacaq. Bunun başlaması bizim insani əlaqələrimizin artması baxımından çox önəmlidir. Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə gediş-gəlişlər bu dəmir yolu sayəsində daha da asanlaşacaq. Ona görə də tezliklə həyata keçməsini arzu edirik.
– Gediş-gəlişdən söz düşmüşkən, Türkiyə dövlətinin qərarı ilə uzun illərdir Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səyahət edirlər. Lakin Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza tələb olunmaqdadır. Bu məsələdə nədənsə uzun illərdir heç bir irəliləyiş yoxdur. Yaxın zamanlarda bu məsələnin həlli ilə bağlı yeniliklər gözlənilirmi?
– O mövzuda da işlərimiz davam edir. Yəni Azərbaycanın səlahiyyətli şəxsləri ilə təmaslarımız var. Yeri gəldikcə, bunu da danışırıq, təkliflər veririk. İnşallah o mövzuda da yaxın zamanlarda bir irəliləyiş olacağına ümid edirəm.
– İnşallah. Bu da əlaqələrimiz baxımından vacib bir məsələdir…
– Elədir. Siz bilirsiniz ki, Türkiyə ilə Gürcüstan arasında, Türkiyə ilə Ukrayna arasında da viza yoxdur. Və Türkiyədən bu ölkələrə, bu ölkələrdən Türkiyəyə artıq xarici pasportla deyil, şəxsiyyət vəsiqəsi ilə gedib-gəlirlər. İnşallah Azərbaycanla da bu səviyyəyə gələrik.
– Türkiyənin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycana dəstək verdiyi hər birimizə məlumdur. Lakin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri 25 ildən artıqdır ki, problemin çözülməsində sanki maraqlı görünmürlər. O səbəbdən də, ölkəmizdə bir sıra siyasətçilər, millət vəkilləri hesab edirlər ki, Türkiyə ATƏT-in Misnk qrupu həmsədrliyinə gətirilməlidir. Yəni zaman-zaman bu cür təkliflərlə çıxış edənlər var. Sizcə Türkiyənin həmsədrliyə gətirilməsi mümkündürmü?
– Minsk qrupunun formatı 1992-ci ildə müəyyən edilib və Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupunun 14 üzvü var və bunlardan 3-ü – Amerika, Rusiya və Fransa o dövrdə həmsədr təyin ediliblər. Bu anda da Minsk qrupunun fəaliyyəti də, müzakirələr də daha çox bu həmsədrlər səviyyəsində davam edir. Təbii ki, bu prosesdən ciddi bir nəticə əldə edilmədi. Bunun daha effektiv olması lazım idi. Çünki ortada çox böyük ədalətsizlik var. Azərbaycanın torpaqlarının yüzdə iyirmisi işğal altındadır, bir milyona yaxın qaçqın-köçkün insanlar var. Bu proses uzandıqca bu yaşanan ədalətsizlik də artmış olur. Bu məsələnin bir an öncə həll edilməsi lazımdır. Minsk qrupu həmsədrlərinin də bu çərçivədə rəftarlarına bir daha baxıb nə edəcəkləri mövzusunda konkret addımlar atması gözlənilir. Həmsədrlik institunun quruluşunun dəyişdirilməsinə, yəni türkiyənin də həmsədrlik etməsinə gəlincə, bu, bütün tərəflərin birlikdə verə biləcəyi qərardır. Əgər ehtiyac olarsa bunu da müzakirə edə bilərik.
– Cənab səfir, çox sağ olun ki, vaxt ayırıb saytımıza müsahibə verdiniz. Son olaraq, demək istədikləriniz varmı?
– Bizim hər zaman nəzərə almalı olduğumuz bir gerçək var: Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Cənab İlham Əliyevin söylədiyi kimi Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü də Türkiyənin gücüdür. Biz birlikdə olduğumuz zaman çətinliklərə qarşı daha qüvvətli oluruq, çətinliklərin öhdəsindən daha asan gəlirik. Biz birlikdə olduğumuz zaman bizim biləyimizi bükməyə kimsənin gücü çatmaz. Mən bu vəsilə ilə bir kərə 15 İyul şəhidlərimizi anmaq istəyirəm və bu məsələdə, həm FETÖ ilə mücadilə məsələsində, həm çevriliş cəhdinə qarşı Azərbaycanın bizə verdiyi dəstək üçün başda cənab prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına təşəkkürlərimi çatdırmaq istəyirəm. Çox sağ olun.