“Türkiyə hakimiyyəti lazımi şərtlər yarandıqda Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan 16-17 iyun tarixlərində Rusiyaya səfərindən sonra “Türkiye” qəzetinə açıqlamasında bildirib.
“Paşinyan hökuməti (normallaşma istiqamətində) çox vacib addımlar atıb. Prezidentimizin göstərişi ilə birbaşa ticarət və uçuşlar da daxil olmaqla bir çox vacib addımlar atılıb. Yeni dövrdə görüləsi işlər də aydındır. Lazımi şərtlər yarandıqda normallaşmaya hazırıq”, – deyə Fidan qeyd edib. Maraqlıdır ki, Fidan “Yeni dövrdə görüləsi işlər də aydındır. Lazımi şərtlər yarandıqda normallaşmaya hazırıq” desə də görüləsi işlərin nələr olduğunu açıqlamayıb və hansı şərtlərin yaranmalı olduğunu da deməyib.
Bəs nazir bu açıqlamasında nələri nəzərdə tutur?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, Fidanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı səsləndirdiyi fikirlər diplomatik baxımdan diqqətlə seçilmiş ifadələrdir: “Hakan Fidanın açıqlamasında nəzərdə tutduğu “lazımi şərtlər” böyük ehtimalla Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması, regional kommunikasiyaların açılması, Ermənistanın qonşularına qarşı ərazi iddialarından tam imtina etməsi və normallaşma prosesinin siyasi baxımdan geri dönməz mərhələyə çatması ilə bağlıdır. Ankara artıq normallaşma niyyətini gizlətmir, lakin son addımları atmaq üçün regionda daha dayanıqlı siyasi və hüquqi əsasların formalaşmasını gözləyir. O, konkret şərtləri sadalamasa da, Ankara ilə İrəvan arasında son illərin danışıqlar prosesinə və Türkiyənin indiyədək bəyan etdiyi mövqelərə əsasən, bu açıqlamanın arxasında bir neçə mühüm məqam dayanır”.

Onun sözlərinə görə, Türkiyə uzun illərdir Ermənistanla normallaşma prosesini Azərbaycanla koordinasiyalı şəkildə aparacağını bəyan edir: “Ankara hesab edir ki, Cənubi Qafqazda davamlı sabitlik üçün Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması və qarşılıqlı ərazi bütövlüyünün tam şəkildə tanınması vacibdir. Bu baxımdan Türkiyə-Ermənistan münasibətlərinin tam normallaşması Azərbaycan-Ermənistan sülh prosesinin nəticələrindən birbaşa asılı olaraq qalır”.
Deputat hesab edir ki, Fidanın “yeni dövrdə görüləsi işlər aydındır” ifadəsi isə daha çox praktik addımlara işarə kimi qiymətləndirilə bilər: “Buraya Türkiyə-Ermənistan quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması, diplomatik münasibətlərin qurulması, sərhəd-keçid məntəqələrinin tam fəaliyyətə başlaması, iqtisadi və logistika əlaqələrinin genişləndirilməsi daxildir. Hazırda bu istiqamətlər üzrə müəyyən texniki hazırlıqların görüldüyü məlumdur, lakin siyasi qərarların verilməsi üçün daha əlverişli regional mühit gözlənilir”.
Onun fikrincə, digər mühüm amil Ermənistanın regional kommunikasiyalar məsələsinə münasibətidir: “Ankara uzun müddətdir regionda nəqliyyat və ticarət əlaqələrinin açılmasını dəstəkləyir. Türkiyə üçün Ermənistanın regional layihələrə inteqrasiyası, nəqliyyat marşrutlarının bərpası və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi normallaşmanın əsas elementlərindən biri hesab olunur”.
A.Hüseynov qeyd edib ki, Fidanın açıqlamasında Paşinyan hökumətinin atdığı addımları xüsusi vurğulaması da təsadüfi deyil: “Bu, Ankara tərəfindən İrəvanın əvvəlki dövrlərlə müqayisədə daha konstruktiv xətt tutduğuna dair siqnal kimi qiymətləndirilə bilər. Xüsusilə Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıması, regional əməkdaşlıqla bağlı praqmatik mövqe sərgiləməsi Türkiyədə müsbət qarşılanır. Bununla yanaşı, Türkiyə tərəfi hələ də prosesin geri dönməz xarakter almasına çalışır. Bu səbəbdən Türkiyə konkret addımları daha geniş regional siyasi razılaşmaların əldə olunmasından sonra atmağa üstünlük verir”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
