“Azərbaycanın təhlükəsizliyinin təmin olunmaması Türkiyə üçün də təhdiddir”
(Əvvəli burada: I HİSSƏ)
Eurasia Diary musavat.com-a istinadən Ermənişünas-alim, Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetində pedaqoji fəaliyyətlə məşğul olan professor Qafar Çaxmaqlı ilə müsahibənin ikinci bölümünü təqdim edir:
– Bəs Azərbaycanda necə, ermənişünaslıq ixtisasına ehtiyacın olduğu qənaətindəsinizmi? Qayıdıb burda çalışmaq istəməzdiniz ki?
– Təxminən eyni dövrdə Bakı Dövlət Universitetində də eyni tipli mərkəzin açılmasının və peşəkarcasına tədrisin aparılmasının təşəbbüskarı olmuşam. Mən Erməni Araşdırmaları Mərkəzinin yaradılması layihəsini vermişdim. Amma burada mən dediyim olmadı, işləməyən bir laboratoriyanın adını dəyişdirməklə belə bir mərkəzi qurmuş hesab elədilər. Bu, özünüaldatmadan başqa bir şey deyildi. Təbii ki, bu cür qarşıya qoyulan məqsədləri reallaşdıra bilməzdik, o səbəbdən həmin laboratoriyanın başını buraxdımE BDU-da tarix fakültəsində ermənicə dərslər keçirilirdi – o zaman da, indi də. Bunun isə heç bir effekti olmaz. Söhbət Ermənistanla, erməni dili ilə bağlı mütəxəssis hazırlamaqdan gedirsə, bura tələbə qəbulu keçirilməlidir, Türkiyədə olduğu kimi. Bu tələbələr birinci kursdan sona qədər erməni dili ilə birlikdə bu xalq, onun keçdiyi yol, düşüncə tərzi, psixologiyası, türklərlə, bizimlə münasibətlərini bütün incəlikləri öyrənilməlidir. Bu olmayacaqsa, sənin mütəxəssisin də yarımçıq olacaq, onun qarşısına qoyduğun hədəflərə də çata bilməyəcəksən…
Əlbəttə, bu qənaətdəyəm ki, erməniləri kifayət qədər öyrənməməyimiz özü ilə başqa problemlər də gətirir. Ermənistanla bağlı müəyyən qərar verərkən onun doğru və yanlış olduğundan əmin ola bilmirik. Dönüb Azərbaycanda bu məsələni nizama salmaq işinə gəlincə, əlbəttə, mümkündür. Bir də Azərbaycan Türkiyə kimi deyil, burada ermənicə bilən adamlar hələ var. Amma onların çoxu yaşlanır, enerjisi azalır. Bu məsələdə də vaxt itirməməliyik, onlardan istifadə olunmalıdır. Hər şeyi vaxtında etmək lazımdır. Bu yaxınlarda yeni yaradılmış Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, hörmətli Fərid Şəfiyevlə görüşdüm. Bu məsələləri bir qədər geniş müzakirə etdik. Bu mərkəzin müəyyən işlər görəcəyinə inandım. Hər hansı bir işi görmək üçün ilk növbədə o problemə yanaşma düzgün olmalıdır. Hər cür kömək etməyə hazır olduğumu bildirdim. Ermənistanda bu tipli təxminən 20 araşdırma mərkəzi var. Onların Azərbaycan və ya türk dili problem yoxdur. Kifayət qədər mütəxəssisləri var. Buna rəğmən, İrəvan Dövlət Universitetində azərbaycanşünaslıq, türkşünaslıq və hətta Osmanlışünaslıq mərkəz və Elmlər Akademiyasında institutları var.
– Qafar bəy, artıq xeyli müddətdir ikinci vətəndəsiniz. Türkiyədə özünüzü rahat hiss edirsiniz?
– Təbii ki, özümü yaxşı hiss edirəm. Türkiyənin birinci və ya ikinci olduğunu heç vaxt fikirləşməmişəm. Mən bu ölkədə də çox rahatam. Məşğul olduğum sahə üzrə ən mötəbər tədbirlərə dəvət olunuram, bu on il ərzində hər zaman, hər yerdə sayğı ilə qarşılanmışam. Bu, təkcə peşə fəaliyyəti və alim araşdırmaçı işi ilə bağlı deyil. Azərbaycanlı olmaq yetərlidir ki, hər yerdə təbəssümlə qarşılanasan. Bizim kənd 1921-ci ilə qədər Türk sərhədləri içində olub, bizimkilər bazarlığa Qarsa gediblər. İndi orada yaşayanlar mənə o qədər doğmadır ki, onları heç zaman ayırd etmirəm. Bizi Türkiyə ilə əslində şərti sərhədlər ayırır. Xalq eyni xalqdır. Bəzən zarafatla deyirəm ki, bütün tənbəllər burada qalıb, daha qoçaqlar Anadoluya üz tutub. Əlbəttə, uzun illər bir-birindən uzaq düşmək onları başqalaşdırıb, milli-psixoloji fərqlər yaradıb. Amma bütün bunlar zaman içində aşılası məsələlərdir. Bu da get-gəllərlə ola bilər. Azərbaycanla Türkiyə arasında sanki bir baryer qoymağa həvəsli, yaxud məqsədli adamların olduğunu da dilə gətirməyimiz lazımdır. Türkiyə vətəndaşı Gürcüstana neçə illərdir şəxsiyyət vəsiqəsi ilə gedib gəlir, bizdə isə Azərbaycana viza yenicə ləğv olundu. Baxın, nə üçün İstanbula və ya digər Türkiyə şəhərlərinə biletlər 300 manat olmalıdır? Başqa yerlərə onun yarısı qiymətinə uçmaq olursa, icazə verin şübhələnək. Kimsə əlaqələrimizin, gediş-gəlişin asanlaşdırılmasına mane olur. Siyasi olaraq da Azərbaycanı Türkiyədən ayırmaq mümkün deyil, nə vaxtsa bu iki ölkənin müəyyən əsaslarla birləşməsi də mümkündür. Bu ayrı bir mövzudur, amma burada onu vurğulayım ki, Azərbaycanın gələcək təhlükələrdən qorunması üçün konfederativ əsaslarla Türkiyə ilə bütövləşməsi qaçılmaz reallıq olacaq. Bəzən mənə elə gəlir ki, biz Qarabağ məsələsini öz xeyrimizə həll edə bilməyəcəyik. Bu işi Türkiyənin öhdəsinə buraxmaq istəyi keçir qəlbimdən. Onu necə etmək olar? Bunları oturub fikirləşməliyik.
“Adambaşı iki manata girdik dənizə, orada olan masa üçünsə bizdən 10 manat aldılar” |
– Qafar bəy, Türkiyədə olsanız da, daim Azərbaycan mətbuatında Qarabağla bağlı gedişatı sərf-nəzər edirsiniz, şərhləriniz olur. Təbii ki, bu, çox yaxşıdır. Bu sahəni mükəmməl bilən ekspertlərin şərhlərinə daim ehtiyac var. Amma nədənsə Türkiyə mediasında sizi az görürük. Səbəb nədir?
– Mən Türkiyəyə yeni gedəndə dostların xahişi ilə qəzetlərdən birində köşə yazmağa başladım. Sonra bu işi davam etdirmədim. Səbəbini deyəcəyəm. Mən demək olar ki, hər gün Dağlıq Qarabağla bağlı gəlişmələri izləyir, erməni-türk münasibətləri ilə bağlı bütün siyasi proseslərə münasibət bildirirdim. Düşmən ölkədə oynanılan oyunlardan xəbərim olurdu və bu mənada Qarabağla bağlı gerçəkləri çatdırmağı özümə bir ziyalı kimi borc bilirdim. O fikirdə idim ki, Azərbaycanın səsi daha gur eşidilməlidir. Kim fikirləşirsə ki, Türkiyədə Azərbaycanın təbliğatına, onun tanıdılmasına ehtiyac yoxdur, kökündən yanılır. Bəlkə sizin rastınıza çıxmır, amma Türkiyə verdiyim müsahibələrdə daha çox bu məsələlərə yer ayırmağa çalışıram. Türkiyədə də Qarabağ həqiqətləri barədə düşüncələr bizdən fərqli olduğundan orada daha çox bilgi vermək ehtiyacı var. Bacardığım qədər bunları həm konfranslarda, elmi məqalə şəklində çatdırmağa çalışıram. Bu illər ərzində mənim Türkiyədə 7 kitabım çıxıb. Amma siz düz deyirsiniz, fəal deyilik, biz Türkiyədə Azərbaycan olaraq bir mediada, toplumda güc mərkəzi yarada bilməmişik. Bilirsiniz, bu da hardasa lobbiçilikdir. Başqa ölkələr, deyək ki, ermənilər medianın təsir gücündən istifadə etmək üçün öz adamlarını yetişdirir, onları illərlə hazırlayırlar, biz onun qayğısına qalmırıq. Baxın, Rusiya TV-lərinin istənilən siyasi tok-şousunda bir-iki erməninin iştirak etməsi yalnız həmin şəxslərin öz qabiliyyətinin nəticəsi deyil, erməni lobbiçiliyinin nəticəsidir, böyük ehtimalla, onun arxasında dövlət və onun təmsil edən təşkilatlar, qurumlar dayanır. Türkiyədə də elədir. Sizcə, Hrant Dink özbaşınamı meydana çıxmışdı? Mahcupyanın, Markar Yesayanın, digərlərinin də arxasında hansısa erməni zəngini və fondu dayanıb – dayanmamasını dəqiq bilən varmı? Mahcupyanı baş nazirə baş məsləhətçi olaraq soxuşdurmuşdular. Bu təyinata etirazımı mətbuatda bildirərkən yazmışdım ki, “gün gələcək Mahcupyan başbakana ”erməni soyqırımı”nı tanımaq sırası Türkiyənindir” məsləhətini verəcək. Elə də oldu. Dönəmin başbakanı Davudoğlu isə 1915 erməni təhcirinin cinayət olduğunu demək qədər naşılıq etdi. Demirəm ki, bunu Mahcupyanın tövsiyəsi ilə söylədi, amma Mahcupyan erməniliyini etmişdi. Tam məsuliyyətlə deyirəm, Türkiyədə təbliğat işində Azərbaycan olaraq ermənilərə uduzuruq. Bu, mənim və ya ayrı-ayrı jurnalistlərin, siyasətçilərin, toplumun digər üzvlərinin fəal olub-olmamasından asılı deyil, onun arxasında duran gücdən və bəlli strateji hədəflərdən asılıdır. Ermənilərin bəlli hədəfi var, bizimki yoxdur. Mən professoram, akademisyənəm, mənim fəaliyyət sferam bir çox işləri görməyi və ola bilsin onları uca səslə dilə gətirməyi məhdudlaşdırır. İctimai fəal olmaq üçün başqa şərtlər, başqa şəraitlər olmalıdır. Yenə deyirəm, bunu dövlətin qurumları düşünməlidir. Mən onsuz da işimi görürəm. Bəs Azərbaycanın Türkiyədəki diplomatik korpusu nə iş görür? Təvazökarlıqdan uzaq olsa da, “Erməni məsələsi” ilə illərdir məşğul olan və Türkiyədə kifayət qədər tanınan Qafar Çaxmaqlı və mənim kimi onlarca belə adam onları heç vaxt maraqlandırmayıb. Bunlar da adamı bir qədər ruhdan salır. Türkiyədə azərbaycanlı kökənli çox yetkin jurnalistlər, bu ölkənin cikini-bikini bilən adamlarımız var. Heç onlardan da yetərincə istifadə olunmur…
– Bir az da Qarabağdan danışaq. Nikol Paşinyanın son Xankəndi bəyanatından sonra danışıqlara ümid qalmayıb. Reallıq budur ki, böyük güclər savaş olmasını istəmir. Bəs çıxış yolu nədir? Siz qarşıdakı dönəmdə nə gözləyirsiniz?
– Siz şahidsiniz ki, mən həmişə danışıqların heç bir nəticə verməyəcəyini deyirdim. Qarabağ məsələsində Paşinyanla başqa bir erməninin mövqeyində heç bir fərqi yoxdur. Fikir baxımından da yeni bir şey gözləmək sadəlövhlükdür. Böyük dövlətlərin isə bölgədə olan maraqları burada hansısa sülhün olacağına ümidləri azaldır. Onlar müharibəyə də imkan vermək istəmirlər. Demək, dolayısı ilə erməni işğalının davam etməsindən yanadırlar. İndi Paşinyan Los-Ancelesə gedir, bura erməni diasporunun ən güclü olduğu yerdir. O, erməni diasporunun da dəstəyini almağa çalışacaq ki, “miatsum”u gerçəkləşdirsin. Zənnimcə, bundan sonra ermənilər qondarma “Artsax respublikası”nın dünyada tanıdılması taktikasını işə salacaqlar. Paşinyanın dövründə bizi daha böyük təhlükələr gözləyir. Biz bütün danışıqlardan imtina etməliyik. Həmçinin Dağlıq Qarabağda, Azərbaycanın digər ərazilərində antiterror əməliyyatlarına başlayacağımızı elan etməliyik. Ermənistana ultimatum verməliyik ki, torpaqlarımızdan işğalçı ordularını çıxarsınlar. Qərarlı addımlar atmağın vaxtı çatıb. Mən başqa yol görmürəm.
– Azərbaycan ərazi bütövlüyümüzün azad olunması prosesində Türkiyənin dəstəyinə ümid bəsləyir. Bəs Türkiyədən necə, bu yardımın real olduğu görünürmü?
– Dağlıq Qarabağda antiterror əməliyyatlarına Ermənistanın reaksiyası bəllidir, o zaman biz Türkiyəyə rəsmi müraciət etməliyik. Türkiyə özünün də təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın daxilində olan bu separatçıları məhv etməlidir. Türkiyənin yardımı olmasa, biz bu problemi öz xeyrimizə həll edə bilməyəcəyik. Bölgədə siyasəti yenidən dizayn etməyə ehtiyac var. Türkiyə neçə illərdir ki, Ermənistana “Qarabağdan ordularını çıxart” şərti qoyur. Bu, dəyişmir. Amma onun dəyişməsinin də vaxt gəlib . İndi deməlidir: “Qarabağdan ordularını çıxart, yoxsaE” Bu “yoxsa” artıq işlənib hazırlanmalıdır. Azərbaycanın təhlükəsizliyinin təmin olunmaması hardasa Türkiyə üçün də bir təhdiddir. Baxın, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün Suriyanın və İraqın Şimalında bəzi yerlərdə 50 km-ə çatan təhlükəsiz bölgə yaradır. Amma Azərbaycanın ortasında işğal var. Dövlətimizə, hətta Bakıya belə, təhdidi necə qəbul etmək olar?
– Qafar bəy, Türkiyə turizm üçün unikal məkanlardandır. Bəs Azərbaycana gələndə harada dincəlirsiniz? Sizi Vətəndə narazı və ya razı salan nələrdir?
– Ümumiyyətlə , turizmin inkişafına səbəb olan cəhətlər -ucuzluq və yüksək xidmətdir. Bunu anlamağa nə var ki? Türkiyədə buna nail ola biliblər. Azərbaycanda isə bunun hər ikisi yoxdur. O səbəbdən də gələn turistlər ikinci dəfə buraya üz tutmur. Mən Azərbaycanda əsasən Bakıda oluram. Arada ailəlikcə yaxın, sərin rayonların birinə qısamüddətli səfər edirik. Hələ rayonlara çıxmamışıq. Yəqin ki, isti düşməsini gözləyirik.
-Bakıda olanda dənizə necə, gedirsinizmi? Yoxsa dəniz sizi ancaq Türkiyədə çəkir?
– Çox da dəniz marağım yoxdur. Elə vaxt olub ki, Novxanıda bağda qalmışıq, yay uzunu bir dəfə də olsun dənizə getməmişəm. Amma indi nəvələr məcbur edir. O gün getmişdik Şıx çimərliyinə. Adambaşı iki manata girdik dənizə, orada olan masa üçünsə bizdən 10 manat aldılar. Hələ ucuzu buradır. Demək, dəniz kimlərinsə qazanc mənbəyidir. Hasarlanmış dənizi görəndə adamın ürəyi ağrıyır, bu xalqa yazığın gəlir. Belə şey heç bir ölkədə yoxdur. Mətbuat bu qədər yazır, bir hasar sökülübmü indiyəcən?
– Azərbaycanda dənizdə boğulanların sayı fəlakətli həddədir. Türkiyədə durum necədir? Sizcə, biz niyə batırıq, təkcə Xəzərdirmi günahkar?
– Həm də uşaqlar… O gün 4 uşağın batması xəbərini oxudum, insanı sarsıdan hadisə idi. Belə faciə olar? Bu nədir ki, onun qarşısını almaq mümkün olmasın? Məgər insanların plyajlarda təhlükəsiz çimməsini təmin etmək çətindir? Burada Xəzərin nə günahı var? Türkiyədə boğulanların sayı bizdəki qədər deyil.
– Ailə üzvləriniz, onların məşğuliyyəti haqda da oxuculaımızı məlumatlandırmağınızı xahiş edirəm…
– Bir ayağım Türkiyədə, bir ayağım Azərbaycandadır. Yoldaşım orta məktəbdə müəllimədir . Üç övlad böyütmüşük. Yaxşı təhsil alıblar. İki övladım evlidir. Dörd nəvəm var. Problemlərimiz yox deyil. Lakin onları dilə gətirməyin mənası yoxdur. Hamının qarşısına çıxan məsələlər bizim də qarşımıza çıxır.