Cümə , 27 Dekabr 2024
Drone Cameras

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə daha bir layiqli töhfə

Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə daha bir layiqli töhfə olan “Müzəffər Ali Başkomandan: sən Azadsan, əziz Şuşa” adlı kitab nəşr edilib.

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə nəşr edilən kitab, 2020 ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti ilə başlayır.

Kitabda 44 günlük zəfər müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müsahibələri, bəyanatları, görüşləri və digər materiallar xronoloji ardıcıllıqla verilib.

Yüksək poliqrafik üslubda işıq üzü görən 532 səhifəlik bu kitab uzun illərdir Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərın Sıyasətınə Dəstək Fondu tərəfindən hazırlanaraq çap edilib.

Qeyd edək ki, Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun rəhbəri böyük vətənpərvər və xeyriyyəçi Nüsrət Məmmədovdur.
Kitabı tərtib edən tanınmış jurnalist Vəli Əkbərdir.

2020 ci il Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar.

Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu.
Azərbaycanın Dövlət Himni səsləndirildi.
Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini də yad etdilər.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önünə gül dəstələri düzdülər.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi:
“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Kitabın sonunda Dövlət başçısının bu sözləri yer alıb.

Xatırladaq ki, kitabın ilk təqdimatı Şuşada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr edilən “Planetlə dialoq” adlı filmin premyerası zamanı bir neçə gün əvvəl işıq üzü görmüş “Xalqa bağışlanmış ömürdən anlar” kitabı ilə birgə keçirilməsi nəzərdə tutulur.

Xüsusi ilə vurğulamaq lazıımdır ki Fond öz ənənəsinə sadiq qalaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu 150 ci kitabını da pulsuz yayacaq.

Check Also

Siyasi şərhçi: “Düşünmürəm ki, Rusiya təyyarəni bilərəkdən vurub”

Təhlükəsizlik eksperti: “Konkret planlı işdir, görünür, təyyarənin izini itirməyə çalışıblar” AZAL-ın Bakı-Qroznı aviareysi üzrə hərəkət …